Ağdamın sərhəd kəndlərində "Kamaz" və vaqonlarda yaşayanlar

Ağdamın sərhəd kəndlərində

2016-cı ilin aprelində Ağdam və Tərtər rayonlarının Ermənistan hərbi qüvvələri ilə təmas xəttinə yaxın olan yaşayış məntəqələri iri çaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qalıb. Rəsmi məlumata görə, bunun nəticəsində mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb. 445 evə, məktəb, tibb məntəqəsi, uşaq bağçası, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.

 

Hökumət bütün zərər çəkənlərə dövlət yardımı göstərildiyini və bundan heç kəsin narazı qalmadığını bildirir. Amma sərhəd kəndlərində göstərilən yardımdan narazı qalan, yaxud dövlətdən yardım ala bilmədiyini deyənlər də var. Onlardan bir neçəsi AzadlıqRadiosu-na danışıb.

 

Aprel döyüşlərindən sonra sərhəd kəndlərindəki dağılmış evlərdən biri

 

 

TƏZƏ EV İSTƏYİBLƏR, KÖHNƏSİNDƏN DƏ OLUBLAR...

 

Ağdamın sərhəd kəndi olan Mahrızlıda məskunlaşan Xocalı köçkünü Emil Mirzəliyev bildirir ki, uzun müddət ailəsi ilə birgə kooperativ binada qalıblar. O, yaşayış şəraitlərinin yaxşılaşdırılmasından ötrü davamlı olaraq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etdiyini, lakin bunların bir nəticə vermədiyini deyir. Köçkünün sözlərinə görə, aprel hadisəsindən sonra bu tikilidə yaşamaq mümkün olmayıb:

 

“Bina onsuz da pis vəziyyətdə idi. Dayaq sütunları əyilmiş, divarlarında elə çatlar yaranmışdı ki, arasından əl keçirdi. Nə döşəməsi vardı, nə də tavanı. Aprel hadisələri zamanı silkələnmədən sonra ev yararsız vəziyyətə düşdü. Hökumət nümayəndələri gəlib baxdılar, dedilər bu tikilidə yaşamaq təhlükəlidir”.

 

 

YERİNƏ YETMƏYƏN VƏD...

 

Son bir ildə ölkə başçısının sərəncamları ilə həm aprel hadisələrində mülki əhaliyə dəymiş zərərlərin aradan qaldırılması, həm də qəzalı ictimai binalarda yaşayan məcburi köçkün ailələrindən ötrü fərdi yaşayış evinin tikintisi məqsədilə dövlət büdcəsindən üst-üstə 4 milyon manat pul ayrılıb. Amma Emil Mirzəliyev bu dövlət yardımlarından kənarda qaldıqlarını söyləyir:

 

Ağdamın Mahrızlı kəndində dağılmış evlərdən biri

 

“Ötən ilin oktyabrın 26-da Ağdamın icra başçısı Raqub Məmmədov bizə yük vaqonu verdi ki, müvəqqəti olaraq onda yaşayaq. Növbəti ilin martına kimi ailəmizə yeni ev tikiləcəyi vəd olunmuşdu. Amma bu vəd olaraq qalır...”

 

“BİLMİRİK BİZİ BU CƏZADAN NƏ VAXT ƏFV EDƏCƏKLƏR?”

 

Emil Mirzəliyev bildirir ki, mərhum atası köçkünlük dövründə bu ünvanda vəfat edib. Hazırda vaqonda yaşlı anası, həyat yoldaşı və azyaşlı qızı ilə yaşayır.

 

Vaqonun çox hissəsini əşyalar tutub. Onu pərdədən arakəsmə ilə iki hissəyə bölüblər. Beləcə biri “yataq otağı” olub, o biri həm mətbəx, həm istirahət, həm də qonaq otağıdır. Xocalının keçmiş sakini belə şəraitin son dərəcə dözülməz olduğunu bildirir:

 

Emil Mirzəliyev

 

“Gün çıxandan ta batana kimi dəmir qutu qızır və gecə keçənədək soyumaq bilmir. Üstünə qarğı-qamış sərmişəm ki, bəlkə günün təsiri bir az azala. Qışda isə soyuq olur. Bu, cəzaçəkmədən də betərdir. Həbsxanaya düşənlər bilir ki, üç-beş ilə azadlığa çıxacaq, dözüb otururlar. Amma bilmirik bizi bu cəzadan, işgəncədən nə vaxt əfv edəcəklər?..”

 

“ZƏRƏR TAM ÖDƏNİLMƏYİB”

 

Mahrızlının başqa sakini - 1934-cü il təvəllüdlü Poluş Hüseynov etiraf edir ki, ona yardım göstərilib. Evinin giriş hissəsi və uçmuş divarları bərpa edilib. Amma vətəndaş zərərin tam həcmdə ödənilməməsindən narazıdır:

 

Poluş Hüseynov

 

“Həyətimdəki çardaq, yardımçı tikilimizin dam örtüyü uçub-dağıldı. Soyuducu, paltaryuyan maşın, hamamın “kalonka”sı və digər məişət əşyalarımız istifadəsiz vəziyyətə düşdü. Bunlara görə bizə yardım verilmədi”.

 

Poluş kişinin oğlu Sədrəddin Hüseynov görülmüş təmir-bərpa işlərinin tikinti norma və qaydalarına uyğun aparılmadığını iddia edir: “Bunlar az xərc çıxsın deyə fanerdən divar düzəldiblər, üstünə boya, yağış tutan tərəfə isə nazik dəmir vurublar. Döşəməyə də fanerdən “yamaq salınıb”. Binanın zədələnmiş dam örtüyü bərpa edilmədiyindən yağıntılı günlərdə su evin içərisinə damır”

 

“NƏ YERLİ KİMİ YERLİYİK, NƏ DƏ KÖÇKÜN STATUSUMUZ VAR”

 

Rzalar kəndinin sakini Afərim Quliyeva da həyat səviyyələri və yaşayış vəziyyətlərinin məcburi köçkünlərinkindən də pis olduğunu deyir:

 

Rzalar kəndinin sakini Afərim Quliyeva

 

“Mən Laçın rayonunun Şeylanlı kəndinə gəlin köçüb, bir müddət orada yaşamışam. Amma biz Laçının işğalından 2 il əvvəl iş dalınca bura gəlmişdik. Heç ev əşyalarımızı da götürə bilmədik. Burada qeydiyyata düşdüyümüzdən “məcburi köçkün” statusu ala bilmədik. Bir müddət Qaradağlı kəndinin mal fermasında yaşadıq, Ağdamın işğalından sonra Bərdənin Əyricə kəndinə köçdük. Həyat yoldaşım 20 ildir ki, vəfat edib. Onun ölümündən sonra bu kəndə qayıtdım”.

 

13 NƏFƏRLİK“ÇAYXANA”

 

Afərim Quliyeva bildirir ki, qardaşlarının köməyi ilə kolxozdan qalma köhnə tikilidə yerləşib:

 

“Bura əvvəl çayxana olub. Müharibənin qızğın vaxtı hərbçilər qalırdı. Kolxoz əmlakı özəlləşdiriləndə, biz aldıq. Beş uşağı bu şəraitsiz yerdə böyütmüşəm. Oğlumun üçü evlənib. İndi döşəməsi, pəncərəsi olmayan, damı daman, içərisində həşəratlar dolaşan tikilidə 13 nəfər qalırıq. Darısqallığa görə gəlinlərimi növbə ilə ata evlərinə göndərirəm. Bir uşağım əlildir. Hökumət evli oğlumun birinə ev tikməsi üçün kömək etsəydi, yükümüz yüngülləyərdi”.

 

Afərim Quliyeva nə özünün, nə də evli oğlanlarının yeni ev tikməyə heç cür imkanının olmadığını deyir:

 

“Günəmuzdçuluqla gündəlik ehtiyaclarımızı güclə ödəyirik. Əlil oğlumla gedib əkin sahələrində alaq edirik, soğan çıxarırıq. Ailəli uşaqlarımın da hərəsi bir yerdə fəhləlik edir. Bununla ev tikmək olar? Allaha and olsun ki, bəzi günlər 13 nəfərin evdə yeməyə heç quru çörəyi də olmur. Borca görə dəfələrlə işığımızı kəsiblər”.

 

“KAMAZ” DA BİR MÜDDƏT“EV” OLUB

 

Həyətdən çıxarkən üzərinə göy rəngdə “palatka” çəkilmiş “Kamaz” maşının qalığı diqqətimizi çəkdi. Baxdıq ki, onun arxa hissəsi qapı yeri saxlanılmaqla taxta lövhələrlə tutulub, odun sobası borusunun çıxışından ötrü dairə də açılıb. Mişar daşlarını üst-üstə yığmaqla pilləkənə oxşar bir şey yaradıblar. Elə düşündük ki, bəlkə burada toyuq-cücə saxlayırlar. Qadının sözü bizi heyrətə gətirdi: “Evlənən oğlumun biri ailəsi ilə bir müddət burada yaşayıb. Təzəlikcə qaynanasıgilə köçüblər...”

 

Köçkün və yerli sakinlərin giley-güzarına Ağdam rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Ancaq ölkə başçısının özü dəfələrlə təmas xəttində yaşayan insanların vəziyyətindən bəhs edib. (azadlıq.org)

>
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub
  • AXCP fəalı həbsxanada aclığa başlayıb
  • Gözəl Bayramlının məhkəməsi təxirə salınıb
  • Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn
  • Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə