“Nardaran işi-2”: “Evimizdən heç nə tapmadılar, amma yazıblar ki…”

“Nardaran işi-2”: “Evimizdən heç nə tapmadılar, amma yazıblar ki…”

Nardaran hadisələri ilə bağlı bir ilə yaxındır davam edən daha bir məhkəmə prosesi yekunlaşır. Söhbət “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfərin mühakimə edildiyi, şərti olaraq, “Nardaran işi-2” adlandırılan məhkəmədən gedir.

Bu işə 2017-ci ilin yanvarından Bakı Ağır Cinayətlər Məhkəməsində Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 1-də hakim araşdırmaların yekunlaşdığını elan edib. Məhkəmə istintaqının tamamlanması haqda qərar verilib və prosesdə çıxışlar mərhələsi başlayıb. Amma prokuror çıxışa hazır olmadığını deyib və məhkəmədən vaxt istəyib. Ona bir həftə vaxt verilib.

“Yalan şeylər yazıblar”

Məhkəmə istintaqı tamamlanmamışdan öncə təqsirləndirilən şəxslərdən İsa İbrahimovun atası Tofiq İbrahimov əlavə şahid qismində dindirilib. Deyib ki, Nardaran hadisələrindən bir müddət sonra – 2015-ci il dekabrın 17-də oğlu ona zəng eləyib, Kərbəladan qayıdarkən sərhəddə saxlandığını deyib: “Dərhal sərhəd-buraxılış məntəqəsinə getdim, maraqlandım ki, nə məsələdir, niyə buraxmırlar. Sərhədçilər Bakı ilə danışandan sonra onu buraxdılar, amma dedilər ki, evə yox, Astara Rayon Polis Şöbəsinə getməlidir. Ora da getdi. Həmin gecə onu Bakıya gətirdilər. Ertəsi gün – dekabrın 18-də Bakıdan “bandotdel”in işçiləri Lənkərana gəlib, evimizdə axtarış apardılar. Heç nə tapmadılar. Sonradan eşitdim ki, guya evdən silah, qumbara tapılması haqda yalan şeylər yazıblar”.

Məhkəmədə həmçinin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Həmzə Zahidov ifadə verib. O, iddia edib ki, təqsirləndirilən şəxslərdən ilahiyyatçı Nahid Qəhrəmanovdan silah-sursat tapılıb.

Amma Nahid Qəhrəmanov onun söylədiklərini təkzib edib. Deyib ki, o, qonaq olduğu evdə tutulub. Həmin ev də Nardaranda Sərdar Bünyadova məxsus olub: “İnandırıcı deyil ki, mən qonaq olduğum evdə silah-sursat saxlayım”.

Dekabrın 8-də keçiriləcək növbəti məhkəmə iclasında prokuror çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

>
  • Hüquqi qəbristanlıqdan qalxan üfunət iyi..
  • Paytaxtda uçub-sökülən məktəb binası
  • Rejimdən Azərbaycan gəncliyinə göz dağı
  • Fazil Məmmədovla bağlı ilginc xəbərlər: qudaları
  • Azərbaycanda hər 3 nəfərdən 1-i işsizdir!!!Dəhşət
  • Məleykə Abbaszadə riyaziyyatın tədrisində olan
  • Metropolitendə 200-dən artıq işçi ixtisar olunub.
  • “Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla
  • Azərbaycan korrupsionerlərinin ifşası ilə bağlı
  • Ağdamın icra başçısı dələduzluğa görə istintaqda