”Hakimiyyət kəndlilərə tələ qurur”

”Hakimiyyət kəndlilərə tələ qurur”

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Proqramda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.

Kənd Təsərrüfatı Nazirliyi isə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Proqramın icrasının gedişi barədə ildə bir dəfə  prezidentə məlumat verməlidir.

Report.az “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na  istinadən yazır ki, ölkədə yaş barama istehsalının həcminin 2025-ci ilədək 6 min tona çatdırılması nəzərdə tutulub.

Məlumata görə, ipək istehsalı və ixracını stimullaşdırmaq üçün bununla məşğul olan yerli şirkətlər barədə məlumatların Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası üzrə portalda yerləşdirilməsi nəzərdə tutulub.

Proqram çərçivəsində 2018-2020-ci illərdə tədarük olunmuş baramanın ilkin emalı üçün barama qurutma məntəqələrinin, o cümlədən Ağcabədi, Balakən, Bərdə, Göyçay, Tovuz, Zaqatala və Zərdab rayonlarında barama qəbulu və emalı məntəqələrinin yaradılması nəzərdə tutulur.

Məlumatı Meydan.TV-yə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov təəssüflənib ki, rəsmi təbliğatda statistika saxtalaşdırılaraq baramaçılığın inkişafını 1969-cu ildə Azərbaycana rəhbər təyin olunan Heydər Əliyevin fəaliyyəti ilə əlaqələndirilir. Halbuki, ötən əsrin 40-ci illərində ildə 2,4 və 2,7 min ton barama istehsal olunurdu. Ümumiyyətlə, barama istehsalı keçən əsrin əvvəllərindən həyata keçirilirdi. 1967-68-ci illərdə 3500-3800 ton barama istehsal olunub:

“1969-cu ildən bu rəqəm aşağı düşsə də, sonradan barama istehsalı ilə bağlı saxta rəqəmlər verildi. Pambıqçılıqda, üzümçülükdə, ət, süd istehsalında olduğu kimi baramaçılıqda da “pripiska” geniş hal aldı. 1982-ci ildə Heydər Əliyev respublika rəhbəri olduğu zaman barama istehsalı 5300 tona güclə qaldırıldı ki, bu da “pripiska” idi və sonrakı mərhələlərdə bu rəqəm şişirtməyin qarşısını almaq olmadı. Sonrakı rəhbərlər də istehsal artımını nümayiş etdirmək üçün bu metodu davam etdirdilər. Mən bunun şahidi olmuşam”.

Vahid Məhərəmov müstəqillik illərində barama istehsalının aşağı düşməsini kəndlilərə gəlir gətirməməklə əlaqələndirir:

“2015-ci ildə ən aşağı göstərici – 236 kiloqram barama istehsal olundu. Baramaçılıqla məşğul olanların sayı 5-6 nəfərə düşmüşdü. Sual yaranır, Azərbaycanın emal müəssisəsi olduğu halda nə üçün kəndlilər barama istehsalı ilə məşğul olmasın? Cavab odur ki, Azərbaycanda barama gəlirli sahə deyil. Düzdür, SSRİ zamanı mərkəz xüsusilə iki respublika – Özbəkistan və Azərbaycan qarşısında plan qoymuşdu. Təəssüf ki, Azərbaycan kimi Özbəkistan da bu sahəni məcburi əmək fəaliyyətinə çevirdilər və indi də davam edir. Ona görə Özbəkistan tənqid olunur”.

Ekspert deyib ki, Azərbaycan hakimiyyətinin baramaçılığa meylinin səbəbi məmurların maraqları ilə bağlıdır.

“Beynəlxalq Bankın həbsdə olan prezidenti Cahangir Hacıyevin baramaçılıqda payı vardı. Hazırda biznes başqa bir məmurun nəzarətinə keçirilib və dövlət büdcəsi hesabına barama istehsalçılarına 1 kiloqram yaş barama üçün 5 manat subsidiya verilir. Mexanizm belədir: barama dövlət vəsaiti hesabına ucuz alınır, ardınca emal müəssisəsi də ucuz xammalla təmin olunur, amma gəliri məmur mənimsəyir”.

Vahid Məhərrəmov deyir ki, 2025-ci ildə istehsalı 6 min tona çatdırmaq üçün geniş çəkil bağları salmaq və bu işlə məşğul olan kəndlilərin sayı artırılmalıdır. Bunlar hamısı əlavə kapital qoyuluşu tələb edir. İkinci, ən əsası bu işlə məşğul olan fermerlər istehsal etdikləri məhsulu inhisarçı məmurun nəzarətində olan emalçı müəssisəyə satmağa məcbur olacaqlar. Hökumət fermerlərdə maraq yaradıb investisiya qoymasına nail olmaq üçün subsidiya verir, bir müddət sonra azaldacaq:

“Bu gün yaş baramanı Qazaxıstan 3 dollara ixrac edir, Azərbaycan isə 3 dollardan artıq subsidiya ödəyir. Bu, məhsul istehsal üçün 100 faiz subsidiya ödəmək deməkdir, bu cür davam edə bilməz. Ümumdünya Ticarət Təşkilatının tələbində ən yuxarı hədd 10 faiz ola bilər. Deməli, gələcəkdə subsidiya aradan qaldırılacaq və fermerlər çıxılmaz durumda qalıb çəkil bağlarını ləğv edəcəklər. Əslində, hakimiyyət bununla kəndlilərə tələ qurur. Baxın, hökumətin hesablamasına görə baramaçılıq 30 rayonu əhatə edir və 3 min adam məşğul olur. Hər 4 nəfərlik ailəyə ildə 700 manat düşür. Bu, nonsesdir. Ona görə proqramda yazılanlar da kağız üzərində qalacaq”.

>
  • Mikayıl Cabbarova necə vergi verildi?
  • Gunahsız günahlandırma 7 il həbs - Əziz Orucov
  • Analoqsuz kadr təyinatları
  • Azərbaycan səhiyyəsinin vəziyyəti
  • Saytların bloklanması məhkəməsi yenə təxirə
  • Əliyevlərin pomidor biznesi
  • Ölkənin elektrik şəbəkəsinin 85 faizi yararsızdır
  • 2018 seçki ili olmaya da bilər
  • Lənətə gəlmiş bu ölüm maşınını durdurmalıyıq!
  • Rza Zərrab Azərbaycan haqqında nələri deyə