Beynəlxalq ictimaiyyət Azərbaycanda mətbuata təzyiqə son qoyulmasını tələb etməlidir

Beynəlxalq ictimaiyyət Azərbaycanda mətbuata təzyiqə son qoyulmasını tələb etməlidir

Azərbaycanda jurnalist Əfqan Muxtarlıya qarşı məhkəmə prosesinin başlaması ilə əlaqədar “Sərhədsiz Reportyorlar” təşkilatı bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətindən azadlıqda qalan azsaylı müstəqil jurnalistlərin təqibinə son qoymağı tələb etməyə çağırıb.

Mayın 29-da Tbilisidə oğurlanmış və zorla Bakıya gətirilmiş Əfqan Muxtarlının işi üzrə məhkəmə rejimin öz tənqidçilərinə göstərdiyi təzyiqin parlaq nümunəsidir, deyə bəyanatda qeyd edilir.

Əksini isbat etməyə çalışmasına baxmayaraq, hakimiyyət onun sərhəddə həbs edildiyində israr etməyə davam edir və onu qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və polisə tabe olmaqdan imtina etməkdə ittiham etməyə davam edir.

Dekabr müstəqil KİV və jurnalistlərə qarşı məhkəmə işləri üçün gərgin ay olub. Sabah məhkəmə martda ibtidai həbs zamanı işgəncələrə məruz qaldığını bildirdiyinə görə böhtan ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilərək, iki il müddətinə azadlıqdan məhrum edilmiş bloger Mehman Hüseynovun apellyasiyasına baxılmasını davam etdirəcək.

Dörd gün sonra Bakıda məhkəmə “Azadlıq” qəzeti, “Azadlıq Radiosu”, “Meydan TV”, “Turan TV” müstəqil xəbər saytlarını və “Azerbaycan Saatı”nın yayımının bloklanmasına qarşı apellyasiyaya baxacaq.

Kanal13 telekanalının direktoru Əziz Orucovun işi üzrə məhkəmə dekabrın 12-də keçirilməli idi, amma təxirə salınıb. Prokurorlar onu qanunsuz biznes və vergilərdən yayınmaqda ittiham edərək, onun üçün yeddi il həbs cəzası istəyir.

Dekabrın 8-də Ali Məhkəmə 2014-cü ildə saxta ittihamlarla həbs edilmiş və 2016-cı ilin mayında beynəlxalq təzyiq nəticəsində şərti azadlığa buraxılmış məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılovanın beynəlxalq səfərlərinə qoyulmuş qadağanı qüvvədə saxlayıb.

“Bütün bu məhkəmə təhqiqatları Azərbaycanda mətbuatın sistemli şəkildə boğulmasının və qalan sonuncu tənqidçiləri susdurmaq üçün ən uydurma bəhanələrdən istifadə edilməsinin daha bir dəlilidir”, deyə “Sərhədsiz Reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri İohann Bir bildirib.

“Hökumətin insan hüquqları sahəsində öhdəliklərinə məhəl qoymamasına son qoymaq üçün beynəlxalq ictimaiyyətin sanksiyalar tətbiq etməsinin vaxtı çoxdan çatıb”, deyə bəyanatda qeyd edilir.

Daha sonra təşkilat bildirir ki, Bakı xaricdə Azərbaycanlı jurnalistləri təqib etmək üçün İnterpolun imkanlarından istifadə etməkdən çəkinmir.

Belə ki, oktyabrın 14-də Niderlandda yaşayan və bu ölkənin vətəndaşlığına malik olan jurnalist Fikrət Hüseynli Kiyevə səfəri zamanı Azərbaycanın tələbi ilə həbs edilib. O, iki həftə sonra azad edilib, amma pasportunu geri ala bilməyib və hələ də Niderlanda qayıda bilmir, çünki Ukrayna prokurorluğu onun azad edilməsindən şikayət verib. Şikayətə dekabrın 20-də baxılmalıdır.

Azərbaycan hakimiyyəti müxalif jurnalistlərin qohumlarını təqib etməyə davam edir. Belə ki, noyabrın 17-də 17 yaşlı Emin Şagiyev – Niderlandda yaşayan və məşhur televiziya verilişində çıxış edən jurnalist Türkel Azərtürkün qohumu uydurma narkotik dövriyyəsi ittihamı ilə həbs edilib.

Azərbaycan “Sərhədsiz Reportyorlar”ın mətbuat azadlığı indeksində 180 ölkə arasında 162-ci yeri tutur. Ölkə hökuməti son illər var gücü ilə KİV plüralizmini ləğv etməyə çalışıb. Aparıcı KİV-lər maliyyə cəhətdən boğulub və ya məcburi qaydada bağlanıb. Ən az 13 jurnalist və iki bloger hazırda həbsdədir, deyə bəyanatda bildirilir. (Turan)

 

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt