Əfqan Muxtarlı: “Həbsimin sifarişçisi İlham Əliyevdir”

Əfqan Muxtarlı: “Həbsimin sifarişçisi İlham Əliyevdir”

“Cənab general, mollanı gətirdik, yas yerinə gedirik”

Bu gün Balakən  rayon Məhkəməsində Hakim Hümbət Səlimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə istintaqı başlanıb.

Hazırliq prosesində təqsirləndirilən şəxsin müdafiəçilərlə birlikdə oturması ilə bağlı təmin olunmuş vəsatətin icra olunmamasına irad bildirilib. Hakimə təmin etdiyi vəsatətin icra olunmasını xatırladanda “bu təkcə hazırliq prosesi üçün nəzərdə tutulmuşdu” deyib.

Əfqan Muxtarlı və vəkilləri jurnalistlərin məhkəmə zalına buraxılmamasına görə də hakimə iradlarını bildiriblər.

Həmçinin,  vəkillərdən Nemət Kərimli məhkəmə zalında polis əməkdaşlarının iştirakına etiraz edib. Bildirib ki, açıq məhkəmə prosesinin polis nəzarəti altında aparılması təzyiqdir. Müdafiəçi polislərin çıxarılmasını istəsə də, hakim razılaşmayıb.

Digər vəkil Elçin Sadıqov isə məhkəməyə teleqram vasitəsilə göndərdiyi vəsatətin təmin olunmasını istəyib. Bu vəsatətdə Əfqan Muxtarlının həbsindən dərhal sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun onun haqqında yaydığı bəyanatdan bəhs olunur. Bəyanatda Əfqanın sərhədi qanunsuz keçmək istərkən saxlandığı, üzərindən pul tapıldığı iddia olunur. Bu bəyanatla dövlət orqanlarının Ə.Muxtarlının təqsirsizlik prezumpsiyası hüququnu pozduğunu deyən vəkil sənədin iş materiallarına əlavə olunmasını və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib.

“Həbsimin sifarişi  şəxsən İlham Əliyevdən gəlib…”

Ardınca prokuror Qürbət Məmmədov ittiham aktını elan edib. İttihamda qeyd olunub ki, Əfqan Muxtarlı Gürcüstan-Azərbaycan sərhədini Balakən ərazisində pozub. Jurnalistin sərhədi qanunsuz keçərkən onu dayandırmağa çalışan əsgəri vurduğu bildirilib.  Saxlandıqdan sonra üzərindən 10 min avro pul aşkar olunduğu ittiham aktında  göstərilib.

İttihama münasibət bildirən  Əfqan Muxtarlı deyib ki, yazılanların hamısı başdan-ayağa yalandır, özünü qətiyyən təqsirli bilmir. “Mən prezidentin ailəsinin biznesi haqda araşdırma yazılarıma görə həbs olunmuşam. Həbsimin sifarişi də şəxsən İlham Əliyevdən gəlib…

Əfqan Muxtarlı ifadəsinə davam etdirərək deyib: “Tbilisi şəhərində müvəqqəti yaşadığım evə tərəf gedəndə üç nəfər mülkigeyimli yaxınlaşdı. Məni zorla maşına mindirmək istəyəndə müqavimət göstərdim. Məni döyə-döyə maşına mindirdilər. Şəhərdən çıxanda başıma torba keçirdilər. Bir müddət gedəndən sonra maşını saxladılar. Başımdan torbanı çıxartdılar. Fikirləşirdim ki, məni öldürəcəklər. Ona görə də onlara dedim ki, xahiş edirəm, məni bıçaqla yox, güllə ilə vurun. Dedilər ki, narahat olma, sənə heç nə eləməyəcəyik. Ardınca yenə başıma torba keçirdilər, ağzımı skoçladılar, bir qədər də sürdülər. Sonra maşını dəyişdilər. Bu maşındakı Azərbaycan mahnısından başa düşdüm ki, deyəsən, Azərbaycandayam. Yolda maşındakılardan biri kiməsə zəng eləyib dedi ki, “cənab general, mollanı gətirdik, yas yerinə gedirik”. Bir qədər də gedəndən sonra məni düşürüb, bir yerə saldılar, başımdan torbanı çıxartdılar. Otaqdan başa düşdüm ki, hərbi hissəyə gətiriblər. Oradan da Bakıya gətirdilər”.

 Məhkəmədə şahidlərə görə qalmaqal

Daha sonra məhkəmədə zərərçəkmiş qismində  xəsarət yetirdiyi iddia olunan Qafur adlı hərbçi ifadə verib.   Sərhəddə xidmət keçmiş əsgərlər şahid kimi  ifadə veriblər. Şahidlər dindirilərkən məhkəmə zalının qapısının açıq saxlanması prosesdə mübahisəyə səbəb olub. Vəkillər bildirib ki, açıq qapının arxasında dayanan digər şahidlər zalda verilən ifadəni eşidirlər, sonra gəlib ona uyğun ifadə verirlər. Şahidlərdən birinin vəkilə “məndən əvvəl dindirilənə başqa cür sual verirdiniz, indi belə danışırsız” deməsindən sonra müdafiə tərəfi vəsatət qaldırıb ki, onların ifadələri sübutlar siyahısından çıxarılsın. Çünki qanuna görə, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir. Bu məhkəmədə isə artıq qanunun həmin tələbi pozulub.

Hakim bu səbəblə yalnız şahidlərdən birinin ifadəsinin sübutlar siyahısından çıxarılmasına qərar verib. Daha sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra da şahidlərin  ifadələri dinlənilib.
Şahidlər Əfqan Muxtarlının  güya sərhəddən qanunsuz keçdiyini, hətta onlarla əlbəyaxa olduğunu  bildiriblər.
Bir neçə şahid məhkəməyə gəlmədiyindən onların ifadələrinin növbəti prosesdə dinləniləcəyi bildirilib.

Proses dekabrın 28-i, saat 10.30-a qədər təxirə salınib.

Xatırlatma: Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidən müəmmalı şəkildə Azərbaycana gətirilib. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1(qaçaqmalçılıq) maddələri ilə ittiham irli sürülüb.

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt