Tərtərdə məcburi köçkünlər evlərin rüşvətlə verildiyini deyir

Tərtərdə məcburi köçkünlər evlərin rüşvətlə verildiyini deyir

Tərtərin Bəyimsarov kəndinin xəstəxana binasında məskunlaşan bir neçə məcburi köçkün ailələri onlara yeni salınan qəsəbədə ev verilmədiyini deyirlər.

BBC News Azərbaycancaya danışan Kəlbəcər rayonundan məcburi köçkünlər – Vaqif Əliyev və Hüseyn Əhmədov bildirirlər ki, Tərtər rayonunda məcburi köçkünlər üçün tikilmiş binaya onlarla əvvəllər birgə yaşamış ona yaxın ailə köçürülüb, amma “onlar üçün yer ayrılmayıb”.

Onlar qeyd edirlər ki, 1993-cü ildən bəri Tərtər rayonu Bəyimsarov kəndinin xəstəxanasında məskunlaşıblar.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ev verməkdən imtina etdi, səbəb araşdırılacaq dedi, amma bir evdən üç ailəni və yerli adamları müxtəlif vaxtlarda rüşvət alaraq köçürüblər”, Vaqif Əliyev belə deyib.

Hazırda xəstəxana binasında dörd ailənin yaşadığını deyən Hüseyn Əhmədov isə bildirib ki, “bizim qazımız, işığımız yoxdur, 1993-cü ildən indiyə kimi Bəyimsarov kəndində yaşayırıq. Dəfələrlə Tərtər Rayon İcra Hakimiyyətinə, aidiyyatı qurumlara müraciət edilsə də cavab gəlməyib”.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov bildirib ki, şikayətçilərin işıq “problemi olmayacaq”.

“Biz ümid edirdik ki, komissiya onlara ev verəcək. Ev vermədilər ki, guya başqa yerdə evləri var, amma mən dəqiq bilə bilmərəm. Onlara ev verilmədi”, Abbas Cavadov belə deyib.

İcra Hakimiyyəti başçısının müavini onu da əlavə edib ki, məcburi köçkünlər yaşayan yerdə heç vaxt qaz olmayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi BBC News Azərbaycancaya müsahibəsində rüşvət ittihamlarını “əsassız” adlandırıb və şikayətçi ailələrin köçürüləcəyini deyib.

“Bu iddialar tamamiylə əsassızdır. …belə hallar ola bilməz. Əgər şikayətçinin əlində əsası varsa hüquq-mühafizə orqanlarına müraciət edə bilər”, Komitənin sözçüsü İbrahim Mirzəyev qeyd edib.

İbrahim Mirzəyev bildirib ki, Bəyimsarov kəndindən köçürülən məcburi köçkünlərin siyahısını Tərtər Rayon İcra Hakimiyyəti hazırlayıb.

“Nazirlər Kabinetinin 24 fevral tarixli 65 nömrəli qərarına əsasən Bəyimsarov kənd xəstəxanasından köçürülən ailələrin siyahısı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilib və Komitəyə verilib. Komitə həmin ailələri yeni mənzillə təmin edib”, İbrahim Mirzəyev əlavə edib.

İbrahim Mirzəyevin sözlərinə görə, “…məcburi köçkünlər mərhələli olaraq köçürülür, ola bilər ki, ev çatmayıb deyə bu ailələr qalıb”.

Dövlət Komitəsinin rəsmisi onu da deyib ki, şikayəti olan həmin dörd ailə onların siyahısında var və gələn il onlar da yeni mənzilə köçürüləcəklər.

>
  • Zəfər Quliyevin səhhətində problem yaranıb
  • İlham Əliyevin Azərbaycandan və
  • “Bütün siyasi məhbuslar azad edilməlidir”
  • İlqar Məmmədov azadlıqda
  • Məşhur jurnalistə ölkədən çıxmağa yenə imkan
  • Tərtərdə məcburi köçkünlər evlərin rüşvətlə
  • Hakimiyyət xalqı soymaq siyasətində israrlıdır
  • Hökumət növbəti soyğunçuluğa əl atdı
  • Tbilisidə ictimai nəqliyyatdan istifadə neçəyədir?
  • Əli Həsənovun nəvəsi azadlığa buraxıldı