E.Məmmədyarov: Bu danışıqlara zərbədir

E.Məmmədyarov: Bu danışıqlara zərbədir

Xarici işlər naziri Elmar Məmmədyarov dünən, iyunun 3-də Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir. Məlumata görə, nazir xüsusi nümayəndəyə Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib

XİN-in bildirməsinə görə, E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan tərəfinin cəbhə bölgəsində törətdiyi növbəti təxribat barədə də danışıb.E.Məmmədyarov təxribat nəticəsində Azərbaycan hərbi qulluqçusunun həlak olmasını danışıqlar prosesinə zərbə kimi dəyərləndirib.

«Xarici işlər nazirləri səviyyəsində növbəti görüşə razılığın əldə olunduğunu, eyni zamanda reallıqların dəyişilməz olaraq qaldığını söyləyən nazir, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalı olduğunu və bölgənin gələcək inkişafı üçün digər alternativin mövcud olmadığını vurğulayıb», - açıqlamada yazılıb.

Öz növbəsində, T.Klaar danışıqların önəm kəsb etdiyini təsdiqləyərək AB-nin əhalinin sülhə hazırlanması istiqamətində töhfə verməyə hazır olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. Bu münaqişə ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ötən həftə, həmsədrlər bölgəyə səfər ediblər. Mayın 30-da isə onları prezident İ.Əliyev qəbul edib. Elə həmin gün Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfdən snayperdən açılan atəş nəticəsində bir hərbçinin həlak olması ilə bağlı məlumat yayıb. 

Xatırlatma

Azərbaycan Avropa Birliyi (AB) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana