'Qızımın qan qrupunu səhv salaraq,...'

'Qızımın qan qrupunu səhv salaraq,...'

Üç aylıq uşaq Respublika Uşaq Klinik Xəstəxanasında səkkiz gün müalicədən sonra, İran İslam Respublikasına aparılıb və orada vəfat edib.

Bu barədə AzadlıqRadiosuna məlumatı verən uşaqın atası Orxan Əsgərzadə-nin iddiasına görə, qızı həkim səhlənkarlığından dünyadan köçüb.

Atası bildirib ki, qızı Mədinə Əsgərzadə-nin səhhətində olan problemə görə, onu ultrasəs müayinəsindən (USM) keçiriblər. Onun deməsinə görə, körpənin daxili orqanlarında heç bir problem çıxmayıb, buna baxmayaraq, martın 28-də o, Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb:

“Yanımıza qəbul şöbəsinin müdiri Sevda Əliyevanı çağırdılar. Sonra həmin şöbənin həkimi Sədaqət Əbilova gəlib, uşağa baxıb dedi ki, dalağı şişib. USM nəticəsinə isə fikir vermədi”

Atasının qeyd etməsinə görə, körpəni yenidən USM-dən keçiriblər və yenə hər hansı xəstəlik aşkarlanmayıb.

Qanvermə
Qanvermə

“Biz qan verdik, amma bizə onu 50 manata satdılar”

Atasının deməsinə görə, həmin gün həkimlər uşağa I+ qan lazım olduğunu deyiblər:

“Biz qan verdik, amma bizə onu 50 manata satdılar və bir qismini Mədinəyə vurdular. Bundan sonra onun vəziyyəti pisləşməyə başladı”.

O. Əsgərzadə qeyd edib ki, 3 dəfə ondan qanı pulla alıblar, körpəyə isə 6 dəfə qan vurulub:

“ Hər dəfə qan vurulanda uşaq özündən gedirdi. Səbəbini soruşanda isə deyirdilər ki, "qan vurulanda belə olmalıdır"”.

Atası deyib ki, səkkiz gündən sonra uşağı xəstəxanadan çıxarıb, İrana aparmaq qərarına gəldilər.

O.Əsgərzadənin vurğulamasına gğrə, uşağın sənədlərini hazırlayanda məlum olub ki, onun qan qrupu II müsbətdir. “Bunu Mədinə doğulduğu xəstaxanasında da təsdiq etdilər. Respublika Uşaq Klinik Xəstəxanasında isə qızıma I+ qan vururdular”, - Əsgərzadə bildirib.

O, qeyd edib ki, İranın Təbriz xəstəxanasına çatanda uşaq komaya düşüb:

“ Həkimlər dedilər ki, böyrəkləri sıradan çıxdı və buna səbəb kimi Mədinəyə Bakıda səhv qan vurulmasını göstərdilər. 11 gün koma vəziyyətində qalandan sonra uşaq vəfat etdi. Bizə xəstəxanada heç “Xəstəlik tarixçəsini” vermədilər. Amma biz bu işi belə qoymayacayıq və hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edəcəyik”,- Əsgərzadə bildirib. 

Azərbaycan səhiyyə nazirliyi
Azərbaycan səhiyyə nazirliyi

Səhiyyə Nazirliyindən nə deyirlər?

“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına daxil olan 3 aylıq körpə Mədinə Orxan qızı Əsgərzadə ilə bağlı yayılan məlumatın araşdırıldığını bəyan edib və xəstəxanadan verilən açıqlamanı təqdim edib.

Açıqlamada yazılıb ki, həmin körpəni, valideynləri martın 28-i, saat 14.10-da Respublika Uşaq Klinik Xəstəxanasına gətiriblər:

“ Aparılan müayinədən sonra vəziyyətinin ağırılığı ilə əlaqədar təcili anesteziologiya reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti həddindən artıq ağır olub. Ağırlığı anemik sindromla, nevroloji simptomatika ilə əlaqədardır. Dəri örtüyü kəskin solğun, qaraciyər və dalaq böyük olçüdə (6-7sm) olub. Reanimasiyada olduğu müddətdə bütün müayinələr aparılıb (ümumi kliniki, biokimyəvi, serroloji, insturmental və dar ixtisaslı həkimlər). Eyni zamanda xəstəyə ET Hematologiya və Transfuziologiya İnstitunun əməkdaşı tərəfindən baxılıb və orda bir sıra müayinələr aparılıb. Son nəticədə xəstəyə “Fetal hepatit, immun hemolotik anemiya” diaqnozu qoyulub.”

Açıqlamaya görə, xəstə daxil olarkən Hb səviyyəsi çox aşağı (60ql) olduğuna görə, təcili qan köçürülməsi gərək olub:

“Valideyn heç bir sənəd təqdim etmədən , şifahi olaraq bildirdi ki, doğum evində qan qrupunun A(II)Rh olduğunu demişdilər. Buna əsaslanaraq, həkim laborant tərəfindən qan qrupu 3 dəfə yoxlanaraq, 0(I)Rh+ təstiq olundu. Bioloji sınaqlar aparıldıqdan xəstəyə qan köçürüldü. 4 dəfə yuyulmuş eritrosit kütləsi köçürülməsinə baxmayaraq, Hb –nin səviyyəsi qalxmırdı. Buda uşağın əsas xəstəliyi ilə əlaqədardır. Tibbi protokolara və elmi ədəbiyyatlara əsaslanaraq, I qrup universal qan olduğu üçün bütün qruplara köçürülə bilər”

Həkimlərin təkidinə baxmayaraq...

Açıqlamaya görə, aparılan müalicə fonunda xəstənin vəziyyəti stabil olub:

“Lakin 04.04.2019-cu ildə valideynlər həkimlərin təkidinə baxmayaraq, məsuliyəti öz üzərlərinə götürüb, müalicə və müayinələrdən imtina edərək uşağı İran İslam Respublikasına aparacaqlarını bildirdilər. Bu barədə valideynlərdən iltizamnamə alınıb”.

Amma açıqlamada qanın satılmasına aid iddiaya hər hansı münasibət bildirilməyib. Bununla belə ölkənin səhiyyə orqanları belə halların mövcudlugunu qəbul etmirlər.

Ekspertlər nə deyir?

Tibb elmləri doktoru Adil Qeybulla AzadlıqRadiosuna bildirib ki, hər qan vurulmasından əvvəl onu yoxlayıb, eyni qrupa aid olduğu təsdiqlənməlidir, bioloji uyğunluq yoxlanmalıdır. Onun sözlərinə görə, indiki dövrdə müasir imkanlarla qandan reaksiya olması yol verilən deyil.

Adil Geybulla
Adil Geybulla

Uroloq-cərrah Vasif İsmayıl isə deyib ki, hər kəsə öz qrupundan qan köçürülməlidir.

“Təəssüf ki, qan qrupların müəyyənləşdirilməsi tamamilə insana bağlıdır. Ona görə də müəyyən xətalar olur”, - həkim bildirib. O qeyd edib ki, məhz buna görə, əvvəl mütləq xəstənin öz qanının bir miqdarını köçürüləcək qanla qarışdırıb vururlar:

“Baxırlar, əgər onlar bir-birinə uyğundursa, qanı köçürürlər. Amma buna baxmayaraq hərdən belə hadisələr olur”

Hüquqşünas rəyi

Hüquqşünas Samirə Ağayevanın sözlərinə görə, Azərbaycan praktikasında səhlənkarlıqla bağlı həkimlərin məsuliyyətə cəlb olunmasına nadir hallarda rast gəlinir. “ Əslində isə həkim səhvin ucbatından xəstə ölürsə, istintaq aparılmalıdır və nəticədə Cinayət Məcəlləsinin 314 (Səhlənkarlıq) və 143 (Təhlükədə qoyma) maddələrilə cinayət işi qaldırılmalıdır.”. o vurğulayıb.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana