Cabir Qurbanov: Ölkə rəhbəri yolların yenidən qurulmasını diqqətdə saxlayır

Cabir Qurbanov: Ölkə rəhbəri yolların yenidən qurulmasını diqqətdə saxlayır

8 - saylı Yol İstismar İdarəsinin rəisi Cabir Qurbanov - Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir. Avropa Birliyinin dəstəyi ilə həyata keçirilən TRASECA proqramı çərçivəsində Qərb-Şərq nəqliyyat dəhlizinin Azərbaycanın ərazisindən keçməsində ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti əvəzsiz rol oynamışdır. 1998-ci ilin sentyabr ayında Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxaq konfransın məhz Bakıda keçirilməsi də bunun bariz nümunəsidir. Yeri gəlmişkən, 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdikləri konfransda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çox mühüm sənədin imzalanması əlverişli geosiyasi mövqedə yerləşən Azərbaycanın regionda etibarlı tərəfdaş kimi mövqeyini daha da artırdı. 2001-ci il iyulun 4-də “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalandı. Məhz həmin fərmana əsasən, ölkəmizdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının təmiri və tikintisinə bilavasitə cavabdehlik daşıyan təşkilatlar və onların üzərinə düşən vəzifələr müəyyənləşdirildi.


        Hazırda Azərbaycan özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ölkə başçısı cənab İlham Əliyevin son illər həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, eləcə də regionların inkişafında müstəsna rol oynamışdır.


       Hazırda Prezident İlham Əliyev yol təsərrüfatına xüsusi diqqət ayırır, avtomobil yollarının tikintisi və bərpası ilə bağlı sərəncamlar imzalayır. Ölkə Prezidentinin 28 dekabr 2015-ci il tarixli sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Həmin sənədə əsasən, ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması, habelə nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi məqsədilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarıldı. Dövlət başçısının 9 mart 2016-cı il tarixli fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırıldı.


      Əvvəllki illərlə müqayisədə yol infrastrukturu, demək olar ki, çox dəyişib. Bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülüb və hazırda da uğurla davam etdirilir. Ölkə başçısı aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən işlərin gedişatı ilə maraqlanır, açılış mərasimlərində şəxsən iştirak edir. Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq avtomobil yollarının tikintisi, yenidən qurulması, təmiri üzrə işlərin həcmi ildən-ilə artır. Elə statistik rəqəmlər də son 12 ildə yol təsərrüfatında müsbət dəyişikliklərin baş verdiyini bir daha təsdiqləyir. Ölkənin ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 2003-cü ildə 18754 kilometr təşkil edirdisə, 2013-cü ildə 19000 kilometrə çatdırılmışdır. Bunun da 17529 kilometri “Azəravtoyol” ASC-nin balansındadır. Son 12 ildə avtomobil yollarının tikintisində və təmirində istifadə olunan 3014 müxtəlif təyinatlı nəqliyyat vasitəsi, yol tikinti maşınları, avadanlıq və qurğular alınmış, ümumi gücü saatda 2240 tondan çox olan 33 asfalt-beton zavodu işə salınmışdır. 2004-2016-cı illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 8332 kilometrə çatmış, 222 yeni körpü və yol ötürücüsü tikilmişdir.


       Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutmuşdur. Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı proqramının uğurla yerinə yetirilməsində, ilk növbədə, müasir tələblərə cavab verən yolların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: “Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil”. Buna nail olmaq məqsədilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir.


          Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Biləsuvar-İran sərhədi, Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qusar-Əniğ-Ləzə, Qazaxbəyli-Aşağı Salahlı, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Hazırda regionlar üzrə daxili investisiya hesabına ümumi uzunluğu 381 kilometr təşkil edən avtomobil yollarının və 14 ədəd körpünün tikintisi uğurla davam etdirilir.


        Getdikcə müasirləşən, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda nəqliyyatın intensivliyinin artması küçə və yollarda kəskin tıxacların yaranmasına gətirib çıxarırdı. Təbii ki, bu ciddi problem də Prezident İlham Əliyevin diqqətindən yayınmadı. Dövlətimizin başçısı nəqliyyat tıxaclarının ən çox yarandığı yerlərdə vəziyyətlə tanış olduqdan sonra bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə geniş proqram hazırlanması barədə tapşırıq verdi. Beləliklə, Prezidentin Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planının təsdiq edilməsi haqqında sərəncamları qısa müddətdə paytaxtda irimiqyaslı layihələrin həyata keçirilməsinə yol açdı. Dövlətimizin başçısının Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncamlarına əsasən, yeraltı və yerüstü piyada keçidlərinin tikintisi də geniş vüsət almışdır. Son bir neçə ildə Bakı şəhərindəki mövcud 10 piyada keçidi əsaslı təmir olunmuş, 60-a yaxın yeni yeraltı və yerüstü piyada keçidi inşa edilmişdir. Xüsusi zövqlə və dizaynla inşa edilən keçidlər piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, memarlıq tərtibatı baxımından da maraq doğurur. Bu istiqamətdə görülən işlər paytaxtın mərkəzi hissəsi ilə yanaşı, Bakının ətraf qəsəbələrini də əhatə edir. Bakı şəhərinin və onun qəsəbələrinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, müvafiq dövlət proqramlarının icrası nəticəsində paytaxtın yol infrastrukturundakı problemlərin böyük hissəsi öz həllini tapmışdır. Bu istiqamətdə tədbirlər hazırda da davam etdirilir.


        Ölkə rəhbəri kənd yollarının yenidən qurulmasını da diqqətdə saxlayır. Son illər Prezident İlham Əliyev kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar 50-dən artıq sərəncam imzalayıb. Kənd yollarının təmiri və bərpası ilə bağlı işlərin yerinə yetirilməsi yol təmir-tikintisi üzrə ixtisaslaşmış və 2016-cı ildən müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Bu, yol inşaatçılarının üzərinə əlavə məsuliyyət qoyur. Yeri gəlmişkən, “Azəravtoyol” ASC “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2016–2018-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı” dövlət proqramlarında avtomobil yollarının tikintisini vaxtında icra etmək, eləcə də işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədilə iki mindən artıq vətəndaşı müvafiq işlə təmin edib. Prezidentin yerli istehsalın daha da genişləndirilməsi istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən, “Azəravtoyol” ASC yolların tikintisi, yenidən qurulması və təmiri zamanı yalnız yerli tikinti materiallarıdan istifadə edir.


        Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevralın 22-nin Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.


       Və Sonda Prezidentin fərmanı ilə “Azəravtoyol” ASC-nin adı dəyişdirilərək “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” oldu..


Cabir Məmmədzadə

>
  • Azərbaycan Avtomobil Yolları Dövlət
  • Qusar rayon Kuzun kənd sakini Qırxlarov Aydın
  • Cabir Qurbanov: Ölkə rəhbəri yolların yenidən
  • Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya
  • Apşeron rayonunda fəaliyyət göstərən tikinti
  • Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış...
  • Müşviqabad bələdiyyəsinin sədrini Əliyev Vüqar
  • Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə
  • Şəhid ailəsindən evinin damının vurmasına görə
  • Şahmar Hüseynov ölkənin zəhmətkeş övladı...