Tofiq Yaqublu: ‘Apellyasiya şikayəti veriləcək’

Tofiq Yaqublu: ‘Apellyasiya şikayəti veriləcək’

Mayın 28-də Milli Şuranın Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı Novxanı kəndində keçirdiyi tədbirdə saxlanıb, həmin gün də buraxılanlardan daha 3-nə hökm oxunub. Onlar da İXM-in 513.2-ci (“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunundan kənar kütləvi aksiyalarda iştirak) maddəsi ilə ittiham edilərək 300 manat cərimə edilib.

Həmin şəxslər Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu, bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından Mirzə Aydınlı və Şakir Əhmədovdur. Proseslər ayrı-ayrılıqda keçirilib.

Həmin gün saxlanıb buraxılanlardan qalan 4 nəfərin isə sabah, mayın 31-də hakim önünə çıxarılacağı gözlənir.

“Bu qanun adına növbəti rəzalətdir”

Tofiq Yaqublu məhkəmədən sonra jurnalistlərə deyib ki, bu qanun adına növbəti rəzalətdir:

“İnsanları dövlətin yarandığı gündə, dövlətin yaradıcısının abidəsi önündə tutub, polis idarəsinə gətirmək, sonra onlara məhkəmə qurmaq rəzalətdir. Bunun sifarişi şübhəsiz ki, İlham Əliyevdən gəlib. Deməli 8 nəfər barədə saxta protokol tərtib ediblər. Sənədlərlə tanışlıqdan belə çıxır ki, hətta bunlar bizim haqqımızda cinayət işi açmaq istəyirmişlər. Sonra təhqiqatçı bunu inzibati hüquqpozma ilə əvəz edib”.

Tofiq Yaqublunun sözlərinə görə, məhkəmə heç nəyi araşdırmayıb:

“Şəxsən mənimlə bağlı çox ciddi qanun pozuntusu baş verdi. Dövlətin vəkilindən imtina etdim, hakimə dedim ki, proses təxirə salınsın, mənim vəkilim gəlsin, müşavirəyə getdi, sonra gəlib elan etdi ki, 300 manat cərimələnirəm”.

Tofiq Yaqublu deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Təqsirləndirilən şəxslərin bu fikirlərinə, hələlik, Daxili İşlər Nazirliyi, Abşeron Rayon Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim, dinc, sivil siyasi fəaliyyətinə görə, həbs və təzyiqlərlə üzləşmir.

 

***

Mayın 28-də Milli Şuranın Xalq Cümhuriyyətinin 101-ci ildönümü ilə bağlı Novxanı kəndində keçirdiyi tədbirdə saxlanıb, həmin gündə buraxılanların hamısı hakim önünə çıxarılıb.

Onların məsələsinə bu gün, mayın 30-da Abşeron Rayon Məhkəməsində baxılır.

300 manat cərimə

Hələlik, onlardan birinin prosesi başa çatıb. Onlardan Bəxtiyar Hüseynov İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.2-ci («Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunundan kənar kütləvi aksiyalarda iştirak) maddəsi ilə ittiham olunaraq 300 manat cərimə edilib.

Qurumun Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu məhkəmədən öncə demişdi ki, mayın 28-də o da daxil 8 nəfər Abşeron Rayon Polis İdarəsinə gətirilib və bir neçə saat sonra buraxılıblar: «Amma «sərbəst buraxılıb» deyiləndə, elə başa düşmək lazım deyil ki, məsələ bununla da bitib. Bu saxlanmaları polis idarəsində protokollaşdırırdılar, məhkəmələrə çağırışlar da ola bilər...».

Xatırlatma

28 may Azərbaycanda Respublika Günü kimi qeyd edilir. Qeyri-iş günüdür. İki gün öncə, mayın 28-də Müsavat Partiyası və Milli Şura ayrı-ayrılıqda Bakının Novxanı kəndində, Xalq Cümhuriyyətinin banilərindən Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimi keçiriblər. Həmin anım mərasimlərində də polislə gərginlik yaşanıb. Müsavat Partiyasının dörd fəalının saxlanıb, buraxıldığı açıqlanıb. Amma onlar məhkəməyə gətirilməyib. Həmin gün Milli Şuranın tədbirində də səkkiz nəfərin saxlanıb, buraxıldığı deyilirdi.

Müxalifət baş verənləri Respublika Günü hakimiyyətin sərbəst toplaşmaq azadlığına müdaxiləsi kimi izah edib. Onların fikrincə, hakimiyyət bayramda da vətəndaşların adi siyasi haqlarına dözümsüzlük nümayiş etdirir.

Bütün bu deyilənlərlə bağlı, hələlik, rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Rəsmilər, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu vurğulayırlar.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana