Әli Kәrimli İranda baş verәnlәrә münasibәt bildirdi

Әli Kәrimli İranda baş verәnlәrә münasibәt bildirdi

“Biz yalnız demokratiyaya inanırıq”

 

AXCP sәdri Әli Kәrimli İranda son günlәrdә baş verәn etiraz hәrәkatı vә qarşıdurmalar barәdә böyük mәqalә ilә çıxış edib vә tәmsil etdiyi düşәrgәnin mövqeyini açıqlayıb. Onun feysbuk sәhifәsindә paylaşdığı yazını tәqdim edirik:

İranda nə baş verir? Orada baş verənlərə biz necə yanaşmalıyıq? Yaxşı olar ki, sona qədər oxuyasınız, əsas fikirlərim yazının son bölümündədir.

Etiraf etmək lazımdır ki, İranda baş verənlər haqda etibarlı məlumatlar çox azdır. Hətta bir çox İran (o cümlədən Cənubi Azərbaycan) mühacir təşkilatları və İran üzrə ekspert sayılan əcnəbi alimlər də tam olaraq bu ölkədə nə baş verdiyini, etirazların arxasında hansı siyasi qüvvənin dayandığını, proseslərin hansı istiqamətdə inkişaf edəcəyini əminliklə söyləyə bilmir. Dəqiq məlumatlar az olduğundan çoxlu dezinformasiyalar yayılır. Müxtəlif, hətta bir- birini istisna edən versiyalar da irəli sürülür. Baş verənləri hakimiyyətdəki qrupların bir-birinə güc göstərmək istəyi kimi yozanlar da, etirazların gerçəkdən də sosial gərginliyə və siyasi hüquqsuzluğa xalq etirazı olduğunu müdafiə edənlər də, devrilmiş şahın tərəfdarlarının və digər fars millətçi təşkilatların dəstəklədiyi fars milli hərəkatı olduğunu iddia edənlər də var. Biz hələlik bu versiyaların heç birini istisna edə bilmərik. Lakin ən müxtəlif mənbələrdən gələn məlumatlardan İranda son günlərdə baş verənlərin bəzi cəhətlərini aydınlaşdırmaq mümkün olur.

1. Heç şübhəsiz ki, insanların kütləvi şəkildə küçələrə çıxmasının əsas səsbəbi sosial narazılıqdır. İranda sosial gərginliyin artması, o cümlədən qiymətlərin bahalaşması, işsizlik, xüsusilə də gənclər arsında işsizliyin yüksək olması, son bir ildə bağlanmış 10 bankda çoxlu sayda insanın əmanətinin batması, siyasi hüquqların məhdudlaşdırılması xalq arasında narazılığı artırıb və Məşhəd şəhərindən başlanmış sosial partlayış sürətlə bütün ölkəyə yayılıb. Etirazçılar daha çox kasıb təbəqədir, narazılıq daha çox sosial xarakterlidir və tədricən siyasi narazılığa keçir.

2. Etirazların siyasi sifəti yoxdur və ya hələ də məlum deyil. Məsələn, 2009-cu ildəki xalq etirazlarının arxasında bilinən siyasi qüvvə – Yaşıllar Hərəkatı dururdu. Yaşıllar Hərəkatının da nə istədiyi, hansı şüarlar irəli sürdüyü bilinirdi. İndi etirazları təşkil edən, idarə edən siyasi qüvvə aydın görünmür. Görünür ki, artıq siyasi tələblər irəli sürülür, etirazçılar dini rejimə qarşıdırlar. Dünyəvi dövlət istəyirlər. Lakin hələ də prosesləri kimlərin idarə etdiyi və onların necə bir İran qurmaq istədikləri, sonda küçədə hansı siyasi qüvvənin aparıcı olacağı, onun məqsəd və proqramının nə olacağı hələ də bilinmir.

3. Etiraz aksiyalarına xeyli adam qatılsa da, nümayişlər xeyli şəhəri əhatə etsə də, İran kimi ölkədə inqilabi dəyişiklikləri həyata keçirəcək kütləvilik (ən azı indiki mərhələdə) müşahidə olunmur. Ancaq etirazlar heç bir halda izsiz də qalmayacaq. İran rəhbərliyi xeyli sayda iranlının dəyişiklik arzuladığını nəzərə almalıdır.

4. Son etirazlarda İran şahının lehinə bir sıra şüarlar səsləndirilib. Və hazırda xaricdə fəaliyyət göstərən çoxsaylı şahçı təşkilat və KİV-lər etirazlara dəstək verərək onu yönəltməyə çalışırlar. Xaricdə yerləşən Xalq Mücahidləri müxalifət təşkilatı da etirazlara açıq dəstək verir. Şahçıların fəallığı və etirazlarda fars millətçiliyi şüarları səsləndirildiyi üçün Cənubi Azərbaycandan olan bir çox mühacir fəallar bu hərəkatı fars millətçilərinin hərəkatı kimi qiymətləndirir, baş verənlərə çox ehtiyatla yanaşır.

5. Etirazlar əvvəlcә İranın fars bölgələrini əhatə edib. Sonra digər xalqların yaşadığı ərazilərə yayılıb. Hazırda kürd və ərəb milli təşkilatları da etirazlara dəstək verir. Birinci dəfədir ki, İrandakı etirazlar Təbrizdən başlamayıb və bütövlükdə Cənubi Azərbaycan şəhərlərində hələlik etirazlar kütləvi deyil. Cənubi Azərbaycan fəalları da nə baş verdiyi və bu baş verənlərdən azərbaycanlıların hüquqlarının təmin olunması üçün necə istifadə etmək barədə məsləhətləşmələr aparırlar. Bir çox Cənubi Azərbaycan fəalları Məşhəddə İranın devrilmiş şahını nəzərdə tutaraq səsləndirilən “Rza xan ruhun şad!” şüarına alternativ olaraq “Pişəvəri ruhun şad” şüarını irəli sürüblər.

6. Etirazlara İranın dini liderinin və prezidentinin münasibəti xeyli fərqli olub. Prezident Ruhani tənqid və etirazları təhlükə yox, imkan kimi dəyərləndirdiyini vurğulayaraq, xalqın etiraz etmək hüququ olduğunu bildirmişdi. Ölkənin dini lideri isə baş verənləri İranın düşmənlərinin işi kimi qiymətləndirib. Etirazların hakimiyyətdaxili ziddiyyətləri artıracağı da şübhə doğurmur.

Bütün bunları nəzərə alaraq aşağıdakıları bildirmək istəyirəm:

1. Biz demokratiyaya inanırıq. İnanırıq ki, heç bir avtoritar, totalitar, teokratik sistemin perspektivi yoxdur, bir gün bütün xalqlar demokartiyaya qovuşacaq. Qonşu İran xalqının da daha çox hüquqlar uğrunda mübarizəsinə rəğbətlə yanaşırıq. İranın daha demokratik olması həm bizim dövlət maraqlarımıza, həm də orada yaşayan 10 milyonlarla azərbaycanlının maraqlarına uyğundur. İranda bütün siyasi proseslərin dinc yolla getməsində maraqlıyıq. Qonşuluğumuzda qanlı qarşıdurma, vətəndaş müharibəsi istəmirik.

2. Biz dərk edirik ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, xalqı avtoritar rejim tərəfindən əzilən bir dövlətik. Dünyanın hər yerində ədalətin, hüququn üstünlüyünün, demokratiyanın, real xalq hakimiyyətinin bərqərar olmasını arzulasaq da, dünyada demokratiya və insan haqlarını bərqərar etmək kimi iddialı vəzifəni qarşımıza qoya bilmərik. Belə iddialı davranışlar üçün dünyada daha güclü və təsirli demokratik qüvvәlәr var.

3. Heç şübhəsiz ki, hazırkı İran ərazisi olan Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımızın taleyinə biganə deyilik. Onların acısı acımız, sevinci sevincimizdir və başqa cür ola da bilməz. Ona da inanırıq ki, cənublu qardaş və bacılarımız öz talelərinə özləri sahib çıxacaq. Onların nəyi, necə və nə vaxt etməli olduğunu biz müəyyənləşdirməli deyilik. Amma bu faktdır ki, İranda baş verən, baş verəcək istənilən hərəkata biz həm də Təbrizin, Ərdəbilin, digər Azərbaycan şəhərlərinin gözü ilə baxırıq və baxacağıq. Bununla belə inanırıq ki, dünyanın hər yerində, o cümlədən Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza verəcəyimiz ən böyük töhfə Azərbaycan Respublikasında demokratik, müasir, firavan hüquqi dövlət qurmağımız ola bilər.

4. Bizim məqsədimiz Azərbaycanda xalq hakimiyyətini bərqərar etmək və bu ölkədə demokratiyanı yaşatmaqdır. Azərbaycanın Avropa Birliyi və Avroatlantik məkana inteqrasiyasından yanayıq. Ancaq bu prosesi ölkəmizin qonşuları ilə normal münasibətləri saxlamaqla həyata keçirmək istəyirik.

5. Azərbaycana qonşu dövlәtlәrdәn heç biri ilә, orada hansı rejimin mövcudluğundan asılı olmayaraq, qarşıdurma və soyuq münasibət istəmirik. Zatən artıq torpaqlarımızın 20 faizini işğal etmiş bir düşmən qonşumuz var.

6. Azərbaycanın dindar şiə vətəndaşlarına münasibəti İrana münasibətlə eyniləşdirmək yanlış, ya da qərəzli yanaşmadır. Əvvəla Hacı Taleh və digər inanclı insanlar şərlənərək həbs olunublar. Şərlənərək həbs olunan, köməksiz vəziyyətdə işgəncəyə məruz qalan soydaşlarımıza dəstək vermək ilk növbədə mənəvi borcumuzdur, ondan sonra da prinsiplərə sədaqətin göstəricisidir. Bizim dindar vətəndaşlarımız da indidən əmin olmalıdır ki, bərpa edəcəyimiz Rəsulzadə respublikasında ideoloji mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın haqqı qorunacaq. Qanun hamı üçün! Ədalət hər kəsə!

7. Nəhayət, heç şübhəniz olmasın ki, Milli Şura və AXCP bu ölkədə dünyəviliyin əsas təminatçısıdır. İndiki hakimiyyət siyasi qüvvə deyil və o, heç nəyə təminat ola bilməz. O, sadəcə zorakı, inzibati gücdür. Bu gün var, sabah yoxdur. AXCP isə bir ideya cərəyanıdır, Azərbaycanın müstəqilliyini bərpa etmiş Xalq Hərəkatının təşkilatıdır. Arxasında böyük xalq gücü var. Və bu ölkədə dövlət müstəqilliyinin də, dövlətimizin dünyəviliyinin də əsas təminatçısı xalqımız və onun avanqard təşkilatı olan AXCP və Milli Şuradır.

 

>
  • Azərbaycandakı ət oğruları
  • Baş redaktora verilmiş ittiham yenilənib
  • ABŞ Dövlət Departamenti: “Əfqan Muxtarlını azad
  • İsa Qəmbər xəstəxanaya yerləşdirilib
  • Bu təzyiqlər hələ də davam etməkdədir.
  • Repressiyalar davam edir.
  • Cəbhəçilər yenə polisə aparılıb
  • Gözəl Bayramlı: “Mənə hansı cəzanın verilməsi
  • Alpinistlər hakimiyyətin daha bir biabırçılığını
  • Әli Kәrimli İranda baş verәnlәrә münasibәt