“Yurda qayıdış” aksiyasına imkan verilməyib

“Yurda qayıdış” aksiyasına imkan verilməyib

Sentyabrın 1-də erməni silahlı birləşmələrinin nəzarət etdiyi Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş şəxslər “Yurda qayıdış” çağrışına qoşularaq dinc şəkildə öz evlərinə qayıtmaq məqsədi ilə Ağdam-Bərdə yolunun kəsişdiyi yerə (dördyol, Bakıdan 330 kilometr qərb) toplaşıb. Polis aksiyaya imkan verməyib, saxlananlar var

“Yurda qayıdış” çağırışını bir neçə gün əvvəl sosial şəbəkələrdə Ağdam rayonunun Qərvənd kəndindən olan məcburi köçkün Camal Əhmədov edib.

Əhmədov çağırışında bildirir ki, 66 yaşlı, ağır xəstə vəziyyətdə olmaqla 30 ildir Qarabağ dərdi ilə sinəsi dağlanan bir vətəndaşam.

“Ərazi bütövlüyümüz uğrunda ölümün ağzına atılan bir vətəndaşını yola salmağa gəlməyə qeyrəti çatmayanlar vətəni, milləti, dövləti və dövlətçiliyimizi ağ günə çıxara bilməzlər…

Məni yola salmağa gələcək insanlar ucadan şüarlar söyləməyin, əllərinizə hər hansı bir bayraq və ya hər hansı bir rəngdə olan parça, plakat almayın, ictimai asayişə ciddi əməl edin, polisin və ya hərbiçilərin qanuni göstərişlərinə mübahisəsiz əməl edin, onlara qətiyyən müqavimət göstərməyin, onlara qarşı qətiyyən zor tətbiq etməyin, mitinq, yürüş təşkil etməyin”, o facebook səhifəsində qeyd edib.

Əhmədovun çağırışına yüzlərlə insan qoşulub. Çağırışa gələnlərin arasında keçmiş baş nazir Pənah Hüseyn, azadlıq hərəkatının liderlərindən Nemət Pənahlı, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı və digər çoxsaylı siyasi və ictimai fəallar var.

Bərdə-Ağdam dördyolu kimi tanınan ərazidə olan aksiya iştirakçılarından biri Amerikanın Səsinə bildirib ki, ərazini polislər əhatəyə alıb.

“Buraya çoxsaylı Post Patrul Xidmətinin avtomobilləri və ətraf rayonların polis şöbələrinin əməkdaşları yerləşdirilib. Aksiyaya imkan vermirlər. Çağırış edən Camal Əhmədov, həmçinin Pənah Hüseyn, Nemət Pənahlı, Rahim Qazıyev, Akif Nağı və digər çoxsaylı insanlar saxlanılaraq Bərdə, Tərtər və Ağdam rayon Polis şöbələrinə aprılıb”, o qeyd edib.

Digər bir iştirakçı isə Amerikanın Səsinə bunları deyib: “Biz məcburi köçkünlər heç bir dövlətin sərhədini pozmadan, dinc şəkildə, şüarlar söyləmədən, ölümümüzü belə gözümüzün altına alaraq öz ölkəmizin ərazisində öz doğma evimizə qayıtmaq istəyirik. Öz evinə qayıtmaq istəyən insanlara əslində beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq Azərbaycan və Ermənistan hərbiçiləri təhlükəsiz dəhliz açmalıdır. Biz öz doğulduğumuz evimizdə yaşamaq istəyirik. Faşist Almaniyası belə dinc insanları evindən qovmayıb. Bizim öz evimizə getməyimizə özümüzünkülər imkan vermir ”, Laçın rayonunun ermənilərin nəzarətində olan kəndindən məcburi köçkün göz yaşı ilə bildirib.

Bakı vaxtı ilə saat 11.30-da Pənah Hüseyn və Akif Nağının polisdə izahatı alınaraq azad buraxılıb.

“Bizi və bir neçə aksiyaya qöşulmaq istəyən insanları yolda saxlayaraq Tərtər rayon Polis Şöbəsinə apardılar və izahatımızı alaraq azad buraxdılar. Camal Əhmədov hazırda Bərdədir, onunla telefonla əlaqə saxlamışam”, Pənah Hüseyn Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, hələ Nemət Pənahlıının, Rəhim Qazıyevin telefonuna zəng çatmır.

Rəsmi qurumlar aksiya və saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.

>
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub
  • AXCP fəalı həbsxanada aclığa başlayıb
  • Gözəl Bayramlının məhkəməsi təxirə salınıb
  • Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn
  • Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə