Mehman Hüseynovun anasının ölümü ilə bağlı sənədlər niyə gizli saxlanılır

Mehman Hüseynovun anasının ölümü ilə bağlı sənədlər niyə gizli saxlanılır

Mehman Əliyev: “Firəngiz xanım söz azadlığının qurbanıdır”

8 sentyabr – Beynəlxalq Jurnalist Həmrəyliyi Günü münasibətilə media nümayəndələri həbsdə olan blogger Mehman Hüseynov və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, ölkədən getməyə məcbur olan Emin Hüseynovun anası Firəngiz xanımın məzarı başına toplaşıblar.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev məhz F.Hüseynovanın məzarı başına toplaşmalarının səbəbini izah edərkən, onun söz azadlığı yolunda qurban getdiyini vurğulayıb: “Onun bir oğlu – Emin Hüseynov ölkəni tərk etmək məcburiyyətində qalıb. Kiçik oğlu Mehman Hüseynov həbsdədir. Firəngiz xanım bunlara görə çox böyük əziyyət çəkib. Heç bir övladı yanında olmayıb. Əslində, Firəngiz xanım heç onları bu yoldan çəkindirməyib, həmişə onlara dəstək verib. anadır, narahat olurdu, amma onların getdiyi yolu başa düşürdü və “yox” demirdi. Firəngiz xanım hər həftə cəzaçəkmə müəssisəsinə Mehmanın yanına gedirdi. Təəssüf ki, iyulun 15-də Firəngiz xanım möhkəm xəstələndi, reanimasiyaya düşdü və 6 avqustda rəhmətə getdi.
Anasının xəstə olduğu günlərdə Mehmanın buraxılması, heç olmasa, o durumda anasının yanında olması üçün müraciətlər göndərilmişdi. Təəssüf ki, Azərbaycan hakimiyyəti özünü çox qəddar apardı və Mehmanın anası ilə görüşməsinə, onun yanında olmasına imkan vermədi. Və Firəngiz xanım belə rəhmətə getdi…”


M.Əliyev qeyd edib ki, F.Hüseynovanın ölümünün səbəbləri barədə tibbi sənədlər onun ailə üzvlərinə verilməyib: “Emingil bildirir ki, analarının ölümündə hakimiyyətin günahı var, bu, birbaşa qətldir. Bu günə qədər ölümün səbəbləri barədə rəsmi sənəd təqdim olunmayıb. Bu da böyük şübhələr yaradır. Əslində, burada da hakimiyyət özünü qəddar aparır. Bu cür münasibət düşünməyə əsas verir ki, Firəngiz xanımın ölümü təbii ölüm olmayıb”.
M.Əliyev yarıtmaz səhiyyə üzündən anasını itirməsi barədə də danışıb: “Bizim tibb sistemimiz elə vəziyyətdədir ki, xəstəliyi olmayan adam da ölə bilər. Mən indiyədək bu barədə danışmamışdım. İlk dəfə danışıram. 2000-ci ildə anamın ürəyindəki problemlərlə əlaqədar onu Koordiologiya İnstitutuna yerləşdirdim. Həkimlər qəbul elədilər, dedilər, narahat olmayın, gedin işinizə. Axşam baş çəkməyə gələndə dedilər ki, reanimasiyadadır. Getdim gördüm ki, reanimasiya nədir? Soyuq bir yer, yanvar ayı, sanki morq… Altı dəmir olan bir çarpayıya uzadıblar, iki tibb bacısı da başqa kiçik bir otaqda yanlarına qızdırıcı qoyub oturublar. Xəstə də o tərəfdə soyuqdan donur. Təcili döşək, örtük tapıb gətirdim və sonra da onu çıxarıb evə gətirdim. Orada ağciyəri sətəlcəm olmuşdu, üç gün sonra vəfat elədi. Mən onu xilas eləyə bilmədim.
Səhiyyənin bərbadlığını biz Rasim Əliyevin, Rafiq Tağının ölümündə də görmüşük. Firəngiz xanımın ölümündə də eyni vəziyyətdir. Sanki ört-basdır eləmək istəyirlər. Mən də tələb edirəm ki, onun ölümü ilə bağlı dəqiq məlumat verilsin. Ailəsi də, ictimaiyyət də nə baş verdiyini bilsin. Eləmirlərsə, deməli, bu ölümün də arxasında hakimiyyət dayanır. Yüksək səviyyədə qərar verilib ki, öldürülsün. Mən bunu belə qiymətləndirirəm”.
M.Əliyev medianın durumu barədə də danışıb. Həbsdə jurnalistlərin, bloggerlərin olduğunu yada salan M.Əliyev qeyd edib ki, Azərbaycanda azad media darmadağın olunub. O, hakimiyyətə də səslənib: “Bu siyasətə son qoyulmalıdır. Bu siyasət yaxşı heç nə vəd eləmir – nə dövlətə, nə cəmiyyətə, nə də jurnalistlərə. Jurnalistlərin ələ alınması, təqib olunması, media bazarının susdurulması siyasətinə son qoyulmalıdır. Azərbaycan hakimiyyəti anlamalıdır. Onsuz da uduzublar. Nə onların mediasına baxan var, nə oxuyan var, özləri də bilir bunu. Biz mübarizəmizi yenə davam etdirəcəyik. Necə ki, Mehman Hüseynov özü də bu məzarın başında demişdi”.
“Xural”ın baş redaktoru Əvəz Zeynallı da səhiyyənin bədbad vəziyyətdə olmasından, medianın durumundan danışıb: “Azərbaycan xalqına xidmət göstərəcək səhiyyə yoxdur. Gəncənin sabiq icra başçısı güllələndi, dərhal İsrailə aparıldı. Baş nazirin müavini dişlərini də Almaniyada düzəltdirir, buna 700 min avro pul xərcləyir. Bunlar dişləri ağrıyaranda da İsrailə, almaniyaya gedirlər, millət bu acınacaqlı səhiyyə ilə üz-üzə qalıb. Qəsd həm də baxımsızlıqdır. Xəstəni ağır vəziyyətdə xəstəxanaya aparırsan, deyirlər ki, bizim dərmanımız, ləvazimatımız yoxdur.
Eminin də, Mehmanın da analarının ölümü ilə bağlı şübhələri var və mütləq araşdırılmalıdır, aydınlıq gətirilməlidir. Bilinməlidir ki, sifariş olubmu, yoxsa həkim səhlənkarlığı var? Belə bir fikir vardı ki, Firəngiz xanımın ölümü ilə bağlı sənədlər müstəqil ekspertizaya təqdim olunacaqdı, onların da rəyi alınacaqdı. Yəqin ki, bunun qarşısını almaq üçün, ya da başqa səbəbdən sənədlər verilmir. Məsələ bu qədər qorxunc mərhələdədir.
Azərbaycanda medianın başında gəzən qara bulud, kabus da davam edir. Biz bir qədər yumşalma gözlərkən onlar daha da sərt, amansız olur, hər şeyin üstünə daha ölçüsüz gedirlər. Ölkədə azad media qurumları yoxdur, heç olmasa, adamları var. O azad media insanlarının da əlindən böyük nəsə gəlmir. O fikirlə razıyam ki, müraciət hazırlamalıyıq, imzalamalıyıq. Səhiyyə Nazirliyi də Firəngiz xanımla bağlı məsələyə aydınlıq gətirməlidir”.
F.Hüseynovanın oğlu Emin Hüseynov telefonla toplantıya qatılaraq bildirib ki, anasının ölümü ilə bağlı prokurorluqda gedən araşdırmanın nə yerdə olmasından heç bir xəbər ala bilmirlər. Həm F.Hüseynovanın həyat yoldaşı Rafiq Hüseynov, həm də həbsdə olan oğlu Mehman zərərçəkmiş qismində tanınmaq üçün prokurorluğa müraciət edib. Lakin müraciətlərinə cavab ala bilməyiblər.

>
  • Ali Məhkəmə Əfqan Muxtarlını həbsdə saxlayıb
  • Avropa Məhkəməsi Azərbaycandan 34 şikayəti
  • AXCP üzvlərinin həbs müddəti üç ay artırıldı
  • Leysan yağışları Bakını yenə iflic etdi
  • Mehman Hüseynovun anasının ölümü ilə bağlı
  • Cəmil Həsənlinin Londonda kitabı çap olunub
  • AXCP fəalı həbsxanada aclığa başlayıb
  • Gözəl Bayramlının məhkəməsi təxirə salınıb
  • Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn
  • Sosial mənzillər faktiki olaraq ən varlı təbəqəyə