Mühacir qohumlarının polisə aparıldığını deyir

Mühacir qohumlarının polisə aparıldığını deyir

Avropada mühacir həyatı yaşayan Vüqar Niftiyev deyir ki, dünən, aprelin 25-də atası və qardaşını polisə aparıblar.

V.Niftiyevin verdiyi məlumata görə, səhər saatlarında Cəlilabad Rayon Polis Şöbəsinin bir əməkdaşı onun 70 yaşlı əlil atası Əzizağa Niftiyevə zəng edərək bölməyə çağırıb. Onun vurğulamasına görə, qardaşı Vüsal Niftiyevi isə iş yerindən şöbəyə aparıblar.

V.Niftiyevin sözlərinə görə, artıq dördüncü dəfədir ki, qohumları polisə aparılır. O əlavə edib ki, polisdə V.Niftiyevə çağırışının rəsmi səbəbini bildirməyiblər. V.Niftiyevin iddiasına görə, o, şifahi olaraq yaşadığı Göytəpə şəhərində hakimiyyət əleyhinə təbliğat aparmaqda və qardaşını maliyyələşdirməkdə günahlandırılıb: «Qardaşımın balaca sexi var, orada qazandığı pullarla güclə ailəsini dolandırır, məni necə maliyyələşdirsin ki?!».

V.Niftiyevin bu dediklərinə, hələlik, Cəlilabad Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycandan mühacirət edən bir çox fəallar bundan əvvəl də onların fəaliyyətinə görə yaxın qohumlarının polisə aparılıb sorğu-sual edildiyini bildiriblər. Hətta, onlardan bəzilərinin demələrinə görə, polisə aparılan yaxınları arasında qadınlar və azyaşlı uşaqlar da olub.

Amma belə şikayətləri, bir qayda olaraq, rəsmilər əsaslı saymırlar.

Bundan əvvəl də Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna demişdilər ki, Azərbaycanda heç kim qohumunun siyasi baxış və fəaliyyətinə görə təqiblərə məruz qalmır.

Xatırlatma

Vüqar Niftiyev Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olub. Deməsinə görə, inhisarçılıq biznes fəaliyyətinə maneələr yaradıb.

2014-cü ildə ölkəni tərk edib. Facebook-da siyasi statuslarla çıxış edir.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana