Müsavat yenidən mitinq qərarı verib

Müsavat yenidən mitinq qərarı verib

Müsavat Partiyası yenidən kütləvi aksiya keçirmək qərarı verib. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət də ünvanlanıb. Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinq-yürüşü aprelin 7-də keçirmək niyyətindədirlər.

G.Aslanlı deyib ki, aksiyanı «Siyasi məhbuslara azadlıq!», «Sərbəst toplaşma azadlığı təmin edilsin!», «Azad seçki və siyasi rəqabət üçün şərait yaradılsın!» və başqa şüarlar altında keçirməyi nəzərdə tuturlar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bundan əvvəl, Müsavat Partiyasının martın 10-da keçirmək istədiyi yürüş-mitinqə razılıq verməyib.

BŞİH bu cavabını yürüş-mitinqdən ötrü seçilən marşrutlarda nəqliyyatın sıx hərəkət etməsi ilə əlaqələndirmişdi. «Orada yazılmışdı ki, təklif etdiyiniz marşrutlar boyu nəqliyyatın sıxlığı müşahidə olunur. Həmin marşrutlarla yürüşün keçirilməsi üçün də yolların bağlanması tələb olunur. Onların bildirməsinə görə, bu isə tıxacların yaranmasına, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq. Eyni zamanda, qeyd edilirdi ki, müəyyən etdiyiniz istiqamətlərdə əhali daha sıx hərəkətdədir, metropolitenin iş ahənginin təmin olunmasında problemlər yarana bilər...», - deyə həmin vaxt Müsavat Partiyasından AzadlıqRadiosuna bildirmişdilər.

Onda Müsavat Partiyası BŞİH-nin cavabını ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması və insan azadlıqları barədə Konstitusiya müddəalarının tapdanması kimi dəyərləndirmişdi.

Müsavat Partiyasının müraciətində yenə təqribən həmin marşrutlar təklif edilib.

BŞİH bu il bundan əvvəl Milli Şuranın üç aksiyasına da müsbət cavab verməyib. Qurum bu cavablarını isə Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması və həmin aksiyanın gerçəkləşdiyi məkana yaxın ərazilərdə yaşayan vətəndaşların, orada fəaliyyət göstərən sahibkarların narazılığı ilə əsaslandırmışdı.

Milli Şura da, öz növbəsində, bunu bəhanə sayaraq mitinqə icazə verilməməsini hakimiyyətin yanvarın 19-da keçirilən aksiyanın kütləvi keçməsindən narahat olması kimi izah etmişdi.

>
  • AXCP üzvü saxlanıb
  • Müsavat yenidən mitinq qərarı verib
  • Tale Heydərov istefa verib
  • 'Prezidentə yazırıq, cavab gəlmir'
  • Ə.Muxtarlı göz ağrılarından şikayət edir
  • Meydan TV-nin şikayəti təmin edilməyib
  • Dövlət Neft Fondu bu il 21 tonadək qızıl alıb
  • 'Qızımın qan qrupunu səhv salaraq,...'
  • Aksiya iştirakşılarının polisə aparıldığı deyilir
  • Astarada müxalifətçi: “... Çörəklə imtahana