Diktator ailənin qorxusu

Diktator ailənin qorxusu

Vətəndaşa nifrətin səbəbi nədir? 

Dünya tarixində xeyli sayda diktaturalar, sülalə hakimiyyətlərinin yaratdığı cəhənnəmlər olub. Bu gün də dünyada barmaqla sayılacaq diktaturalar, avtoritar rejimlər var. Təəssüflər olsun ki, Azərbaycan da “qeyri-azad ölkələr” siyahısına düşüb. Azərbaycanda sərt avtoritarizmin hökm sürdüyünü gizlətmək mümkün deyil. Faktiki olaraq ölkədə müstəqil mətbuat, sərbəst toplaşmaq azadlığı, müstəqil məhkəmə, ədalətli seçki, şəfaff idarəçilik yoxdur. Ən əsası isə 100-dən artıq siyasi məhbus var və repressiyalar davam etməkdədir. Amma diqqət edəndə görürük ki, bu qeyri-demokratik rejimlərin içində Azərbaycan mənfi mənada fərqlənir. Məsələn, Liviyada əhalinin sosial vəziyyəti yaxşıydı, Rusiyada bizimlə müqayisəyə gəlməyəcək qədər sosial təminat, məhkəmə hakimiyyəti, təhsil və səhiyyə var. Hətta son illər bəzi Afrika ölkələrində şəffaf seçki keçirildi, Cənubi Amerikanın bəzi anti-demokratik rejimlərində dəyişiklik edildi. Yaxud, Qazaxıstanda Özbəkistanda xalqa yönəlik müəyyən addımlar atıldı. Son olaraq isə avtoritar Rusiyada qanunvericiliyə dəyişiklik edildi, müsbət addımlar atıldı. Demək istəyirik ki, başqa avtoritar rejimlərdə xalqa və dövlətə ögey münasibət Azərbaycanla müqayisə edilməzdi. Əliyevlər hakimiyyətinin nifrəti bütün təbəqələri əhatə edir və çılpaq şəkildə görünür.  

Çevrilişlə lider olmağın narahatlığı 

Əlbəttə, Əliyev hakimiyyəti dövründə xalqa düşmən münasibətin ciddi səbəbləri var və bu təəccüblü deyil. Əvvəla, mərhum Əbülfəz Elçibəydən sonra Azərbaycanda seçilmiş prezident olmayıb. Yəni, nə Heydər Əliyev, nə də İlham Əliyev heç vaxt xalqın səsin almayıb. Məhz bunu bildikləri üçün bütün seçkiləri saxtalaşdırıblar, potensial rəqibləri sıradan çıxarmağa çalışıblar. Əliyevlər xalqın münasibətini bilir və buna görə də hər zaman qorxu mühitini sabit saxlamağa çalışırlar. Xalqla aralarında o qədər böyük uçurum var ki, bu uçurumun yaratdığı qorxunu hər zaman hiss edirlər. Elə buna görə də ölkədə polis rejimi yaradıblar. Əliyev rejimi faktiki olaraq polis dəyənəyi üzərində bərqərar olub. Məqsədli şəkildə polis-vətəndaş münasibətlərini kəskinləşdirirlər. Polisə vətəndaşı, fərqli fikir daşıyıcılarını düşmən kimi təqdim edirlər. Məcbur edirlər ki, polis vətəndaşı dəyənəkləsin və körpülər sınsın. Ümumiyyətlə, vətəndaşın nifrətini ölçmək üçün xeyli meyarlar var. Təkcə sosial şəbəkələrə nəzər salanda hakimiyyət düşərgəsində olanlara münasibəti aydın görmək olur. Elə bir vəzifəli şəxs yoxdur ki, cəmiyyətdə nüfuz sahibi olsun. İstənilən deputata, icra başçısına, komitə sədrinə mənfi obraz kimi baxılır. Hamı görür ki, vəzifəli şəxslər dövləti şəxsi əmlakına çevirib və yerdə qalanlara qul kimi baxılır. Bəli, Əliyev rejimi xalqdan mandat ala bilmədi və buna görə də heç vaxt xalqa xidmət etmədi. Xalqın qəlbinə soxula bilmədikləri üçün xalqa nifrət edirlər. Heydər Əliyevin qorxu üzərində qurulmuş səltənəti, Rəsulzadənin sevgi üzərində qurulmuş imarətinə qalib gələ bilmədi. Əliyevlər hər gün, hər saat, hər an qorxu içindədirlər. Yalan və yaltaqlıq üzərində qurulmuş, çevrilişlə əldə edilmiş hakimiyyətin çürük dayaqlardan ibarət olduğunu bilirlər.

Xalqı niyə sevə bilmədilər? 

Diqqət etsək görərik ki, hakimiyyət komandasında olanların 99 faizində milli ruh, milli təəssübkeşlik yoxdur. Azərbaycan dilinə, Azərbaycan adət-ənənələrinə, milli dəyərlərə, milli dəyər daşıyıcılarına həmişə yuxarıdan aşağı baxıblar. Təsadüfi deyil ki, bu gün də ən yüksək vəzifə tutanların əksəriyyəti ana dilimizdə danışa bilmir. Hakim ailənin bir-biriylə ünsiyyət dili ruscadı. Yaxud, uzun illər şəhid ailələrinin “qan pulu”n verməmək üçün min bir bəhanəyə əl atdılar. Dilinə, mədəniyyətinə, şəhidinə sahib çıxmayan zehniyyət xalqı necə sevə bilər. Digər tərəfdən hakimiyyət düşərgəsində Azərbaycana aidiyyatı olmayan, erməni qohumluğu olan xeyli adamlar var və hamı da bunu bilir. Bu ölkəyə canıyla, qanıyla bağlı olmayan adamlardan necə sevgi gözləmək olar? Və nəhayət, qəlbin yalnız pula, sərvətə, vəzifəyə sevgiylə doldurmuş adamların dövlət, xalq, vətən sevgisi olmaz. Bu adamlar pula görə istənilən sayda insanı tələf etməyə razı olarlar. Belə təfəkkür sahibləri üçün insan həyatı heç vaxt prioritet ola bilmir. 2 aprel döyüşləri zamanı ölkədə yaranmış mübarizə ruhu hakimiyyəti ciddi narahat etdi və buna görə dərhal “sülh toxumu” səpməyə başladılar. Yaxud, 20 yanvar günü on minlərlə insanın ziyarətə gəlməsini aqressiyayla qarşıladılar və elə bir vəziyyət yaratdılar ki, insanlar geri qayıtsınlar, əziyyət çəksinlər, şəhidin dəyəri cəmiyyətdə yüksəlməsin. Bu komada ermənipərəst ölkələrdə xeyriyyə tədbirləri keçirməyə, erməni kilsələrinə pulsuz qaz verməyə, erməni əsirinə qayğı göstərməyə həvəslidir, amma vətəndaş qəpiyi də can çəkərək verirlər. Nə qədər çalışsalar da, vətəndaşa sevginin imitasiyasını da yarada bilmirlər. Nifrət yalnız müxalifətədirmi? Hakimiyyətin müxalifət düşərgəsinə düşmən münasibəti başadüşüləndir. Çünki açıq rəqabətə hazır deyillər, saysız-hesabsız cinayətlər törədiblər, arqumentləri yoxdur, monoloq danışmağa öyrəşiblər. Amma bu rəzil münasibət təkcə müxalifətə münasibətdə ifadə olunmur axı. Müxalifətə zülm edib, xalqın siyasi passiv təbəqəsinə xoş gün yaşatsaydılar, bu hökuməti anlamaq olardı. Amma mitinq keçirən adama münasibətlə, evi sökülən adama münasibət eynidi. Mitinq keçirəni də şərləyirlər, magistral yolu bağlayıb qaz, işıq tələb edəni də. Qəddar münasibət, məhkəmə özbaşınalığı, təhsil terroru, səhiyyə biabırçılığı sıravi şəxsi də əhatə edir. Mitinqə getməyən milyonlarla vətəndaş da rüşvət verir, bahalıqla sınağa çəkilir, gömrükdə süründürülür və s. Milyonlarla insan qeyri-sağlam qidalanmağa məhkum edilir, dövlətin sərvətlərindən pay almır, dilənçi maaşına möhtac qalır, məmur özbaşınalığına görə intihar həddinə çatır. Bir sözlə, hakimiyyətin anti-insani düsturu hamı üçün keçərlidir. Hamı üçün bu idarəçilik təhlükəlidir. Dövlət səviyyəsində elə bir mafiya yaradılıb ki, adamlar halal qazandığı pulla biznesini genişləndirə bilmir. Çünki hansısa məmurun tamahına tuş gələcəyini, 20 idarəyə “şirinlik” verməli olacağını, razılaşmadığı halda şərlənəcəyini bilir. 

Xalq nəticə çıxarmalıdır 

Yuxarıda sadaladıqlarımızdan yüz dəfə artıq ədalətsizliyi illərdi müşahidə edirik. Artıq 27 il ötür və bundan sonra da rejimə vətəndaşı sevdirmək mümkün deyil. Onların missiyası xalqı kor etmək, xəstəliklə əlləşdirmək, mübarizə ruhumu öldürməkdi. Bundan sonra da milyardları oğurlamaq, dövləti şəxsi şirkətə çevirmək ənənəsini davam etdirəcəklər və eyni ssenarini müxtəlif rənglərdə gözümüzə soxacaqlar. Əsas odur ki, xalq bu komandanın ona nifrət etdiyini də, ondan qorxduğunu da bilsin. Bu nifrətin, bu düşmənçiliyin qarşısını yalnız xalqın iradəsi ala bilər. Yeganə çıxış yolu xalqın birgə mübarizəsindən keçir. Əks halda, bu acgözlər dəstəsi, bu mənəvi yoxsullar xalqın taleyini qaraltmağa davam edəcəklər. Bizə müsbət obraz kimi sırımağa çalışdıqları Paşayevlər isə, yeni “siyasi gilyotin”lə gəlir.

>
  • Əli Kərimliyə qarşı daha bir təxribat planı
  • AXCP fəalına qarşı işgəncələrə etiraz olaraq
  • “Avropa Şurasında böhran: Azərbaycanda əbədi
  • Gültəkin Hacıbəyliyə qarşı əxlaqsız kampaniya
  • AXCP fəalını oğurlayıblar
  • AŞPA missiyası: “Azərbaycandakı atmosfer
  • Türkiyədə zəlzələ nəticəsində 20 nəfər həlak olub
  • “Dövlətin dayaqlarını bir-bir söküb sıradan
  • Milli Şura Əlizamin Salayevin işgəncəyə məruz
  • Namussuzluğu həyat tərzinə çevirənlər