Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır...

Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya və su təsərrüfatının uğurlu inkişafında misilsiz rol oynayır...

Məlumdur ki, 1993-1995-ci illərdən Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər ölkədə əvvəllər baş alıb gedən özbaşınalıqlara və xaosa son qoymuş, ictimai-siyasi sabitliyi təmin etmiş, respublikada hərtərəfli sosial-iqtisadi siyasət aparmaq və beynəlxalq iqtisadi sistemə inteqrasiya olunmaq üçün əlverişli şərait yaratmışdır. 1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusi ilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.  Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı.  Bu sənədlərdən ən mühümü Ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış «Meliorasiya və irriqasiya haqqında» Azərbaycan Respublikasının Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1996-cı il tarixli Fərmanıdır.  Bu qanunla meliorasiya və irriqasiya sahəsində fəaliyyətin əsas istiqamətləri və prinsipləri, meliorasiya və irriqasiya obyektlərinin mülkiyyət hüququ müəyyənləşdirildi. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılma qaydalarını müəyyən etdi.  Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.  Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.  İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara qəbul olundu.  Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanılmışdır.  Baş Mil-Muğan kollektorunun İstismara verilməsi 500 min hektar suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və onun əhatə etdiyi ərazidə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına şərait yaratmışdır.  Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.  Hazırda bu sistem respublikanın şimal bölgəsinin 150 min hektara yaxın torpaq sahəsinin suvarma suyuna və Bakı, Sumqayıt şəhərlərinin, habelə Abşeron yarımadasının içməli, suvarma və texniki suya olan tələbatının 60 faizini təmin edir. Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı fasiləsiz olaraq, əsaslı təmirə dayanmadan istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır. Heydər Əliyevin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur.  Sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçaya qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu. İqtisadi səmərəlilik nöqteyi-nəzərindən bu layihə çox sərfəlidir. Təkçə suyun öz axını ilə Ceyranbatan gölünə ötürülməsi nəticəsində Sitalçay və Ceyranbatan nasos stansiyalarının ləğv edilməsi ilə ildə 167 milyon kilovat/saat elektrik enerjisinə qənaət edilməsi mümkün olmuşdur.  Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin 1995-ci ildən maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır.  Ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılmışdır.  -Əhməd müəllim, hazırda Azərbaycanda Heydər Əliyev siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan, ölkənin meliorasiya və su təsərrüfatının mövcud durumunu necə səciyyələndirərdiniz?  -Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyev cənablarını xalqımıza bəxş etməsi olmuşdur.  Çox böyük fəxr ilə qeyd etmək olar ki, Ulu öndərimizin, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyevin siyasi xətti və ideyaları Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, davamlı inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.  Azərbaycan son bir neçə il ərzində böyük və şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Ölkəmizin beynəlxalq nüfuzu artmış, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir.  Bu illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə işlərinin davam etdirilməsi və digər sahələrdə müvafiq tədbirlər həyata keçirilmişdir.  Həyata keçirdiyimiz bütün bu tədbirlər ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, suvarılan torpaqların genişləndirilməsinə, su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə, mövcud suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yaşayış məntəqələrinin, torpaqların və infrastruktur obyektlərin sel və daşqınlardan mühafizəsi kimi vacib məsələlərin həllinə xidmət edir.  Son nəticədə onu deyə bilərik ki, yerinə yetirilmiş işlər və gələcək onilliklərdə nəzərdə tutulan tədbirlər Ulu Öndər Heydər Əliyev yolunun dönməz davamçısı ölkə Prezidenti İlham Əliyevin meliorasiya sahəsinə diqqət və qayğısnın əyani təzahürüdür.Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev ideyaları daim yaşayır və yaşayacaqdır.

>
  • Azərbaycan Avtomobil Yolları Dövlət
  • Qusar rayon Kuzun kənd sakini Qırxlarov Aydın
  • Cabir Qurbanov: Ölkə rəhbəri yolların yenidən
  • Heydər Əliyev ideyaları Azərbaycanın meliorasiya
  • Apşeron rayonunda fəaliyyət göstərən tikinti
  • Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış...
  • Müşviqabad bələdiyyəsinin sədrini Əliyev Vüqar
  • Hacıqabul rayon Qubalıbalaoğlan kənd Bələdiyyə
  • Şəhid ailəsindən evinin damının vurmasına görə
  • Şahmar Hüseynov ölkənin zəhmətkeş övladı...