Çirkinlərin Gözəl Bayramlı əməliyyatı

Çirkinlərin Gözəl Bayramlı əməliyyatı

İlham Hüseyn

Hökumət “İslam Həmrəyliyi Oyunları”ndan sonra, ənənəvi oyunlarla həmrəyliyi də davam etdirdi. Yəni, saxtakarlıqla, şər-böhtanla, anti-insani əməliyyatlarla həmişə həmrəy olacaqlarının mesajını verdilər. Belə ki, AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan müalicədən qayıdarkən, hökumətin “həmrəyliyi” ilə rastlaşıb. Vicdanı itkin düşümüş kimsə Gözəl xanımın çantasına saxta pul atıb. Bundan sonra “ayıq-sayıq” sərhəd xidmətçiləri təxirəsalınmaz əməliyyat keçirərək, Gözəl Bayramlının cibinə atılanı tapıblar. Onu da xatırladaq ki, Gözəl xanım bir müddət əvvəl ağır əməliyyat keçirmişdi və mütəmadi olaraq müayinə üçün Gürcüstana gedirdi. Sən demə ən böyük əməliyyat Qazaxda hazırlanırmış. Erməniyə 5 güllə atıb susdura bilməyən qoçaqlar, Gözəl Bayramlının çantasına pul atıb, həbs ediblər. Bəli, çantasına yüz milyardları tullayıb, offşorlara daşıyan zehniyyət, Gözəl xanımı da 10 min dollarla ilişdirmək qərarı veriblər. Bəlkə də narkotika atmaq, silah çıxarmaq təklifləri də olub. Amma içlərindən ən ağıllısı deyib ki, pul daha inandırcı və ağlabatandır. Onu da qeyd edək ki, bir müddət əvvəl rejimin qanadı sınıdırılmış jurnalisti Eynulla Fətullayev Gürcüstanla bağlı sicilləmə məqalə yazmışdı və bu yazıda Gözəl xanımla bağlı xüsusi qeydlər var idi. Bu bədbəxtlərin fantaziyası o qədər korşalıb ki, Gözəl xanımı məlum məqalədən sonra şərləmək qərarı veriblər. Hansıki, o məqalədən sonra saxta pul işiylə məşğul olan adam da səhvə yol verməzdi. Yəni,bu qədər şər böhtandan sonra Gözəl Bayramlı o pulun saxta olmayanını da çantasında gəzdirməzdi. Amma məlum olan budur ki, şərəfi itkin düşən adamlar, insanlıq normaları haqqında düşünə bilmirlər.
Onsuz da Göəzl Bayramlının çantasından nüvə başlığı çıxsa da, cəmiyyət və dünya bunu qəbul etməyəcək. Ən azından ona görə ki, bu hökumət Əli Kərimlinin köməkçisini “gülənçi”, müavinini “radikal şiə” adıyla həbs edib. Və 1-2 məhkəmə prosesi kifayət edib ki, hökumətin kobud şərləməsi ifşa olunsun. Gözəl Bayramlını maddiyyatla ilişdirmək eşqinə düşənlər, onun şəxsiyyətinə mənəvi investisiya qoyduqlarının fərqində deyillər.
İki gün sonra ölkəmizdə Cümhuriyyətin 99 illiyi qeyd olunacaq. 99 il öncə bu ölkədə qadınların səsvermə hüququ var idi, indi isə bu ölkədə qadınların səsini boğurlar.
İstənilən halda, çirkin adamların Gözəl Bayramlı əməliyyatı məğlubiyyətlə nəticələnəcək. Bu iyrəncliyi edənlərin mükafatı isə lənət, nifrət, qəzəb olacaq.
Hamı başa düşür ki, içindəki insanlığı çıxarıb atanlar, içində insanlığı yaşadanlara qarşi istənilən ləkəni atmağa qadirdilər.

>