Ev yox, ədalət paylayın

Ev yox, ədalət paylayın

İlham Hüseyn

Yaşadığımız ölkədə dəyərlər “yataq xəstəsi” olduğuna görə, dəyərsizliklər gücləndirilmiş iş rejiminə keçib. Xalqa xidmətə görə yox, hökumətə xidmətə görə fəxri ad verilir. Həqiqəti yayanlara yox, yalanı alqışlayanlara ev təklif olunur. Torpaq uğrunda canını fəda edənlərin yox, hektarlarla torpağa sahib olanların  rütbəsi artır. Nəticə budur ki, günahsızlar zindanda, günahkarlar villada ömür sürürlər.

Son günlərin əsas müzakirə mövzusu jurnalistlərin evlə təmin olunmasıdır. Daha doğrusu, yuxarıların müəyyənləşdirdiyi adamlara “zəhmət haqqı” verilməsidir. Bir qrup jurnalsit “mənim prezidentim” sözünü dilinə “prapiska” eləyib, aldığı evin minnətdarlığını çatdırmaq istəyir, başqa bir qrup ev paylanmasında ədalətsizliyə yol verildiyini, evi olanların təkrar bəhrləndiyini, kimlərinsə katibəsinə, sevgilisinə, qələmə yeni sarılmış övladlarına ev aldığını bildirir.

Evsizlik ağır problemdi, haqqı olub alanları da qınamıram. Amma ümumi mənzərə çox acınacaqlıdır və ölkədə vəziyyətin nə qədər üfunətli olduğunu göstərir. Əvvəla, qürurlu, qələminə hörmət edən jurnalist bir evin qarşılığında 100 formada yaltaqlıq nümunəsi göstərməz. İkincisi, “evpaylama kampaniyası” hökumətin söz adamlarına qayğısının yox, bu ölkədə sözün nə qədər ucuz tutulduğunun göstəricisidir.

Həyatının böyük hissəsini jurnalistikaya həsr etmiş adam niyə evsiz olmalıdır? Niyə bir jurnalsitin ev almaq arzusu hökumətin mövsümi jestlərinə görə reallaşmalıdır? Niyə 30 il kirayədə qalan jurnalsit ev siyahısında adının çıxmasını, lotereyada rəqəmlərin çıxması kimi həyəcanla gözləməlidir?

Başqa bir sual da var. Niyə jurnalistlərin ev alması cəmiyyətdə birmənalı qəbul olunmur? Təkcə sosial şəbəkələrə nəzər salanda məlum olur ki, ev alan jurnalsitlərə aqressiya ilə yanaşanlar, belələrini qınayanlar var. Çünki, Azərbaycan reallığı hamının içinə hopub. Hamı bilir ki, 255 mənzil azad sözü yaşadanlara, korrupsiyanı ifşa edənlərə, ölkədəki eybəcərlikləri tirajlayanlara verilməyəcək. Uzaqbaşı, gözdən pərdə asmaq üçün sifətini qoruyan 1-2 jurnalisti də siyahıya sala bilərlər. Amma ev alanların böyük hissəsinin  sosial şəbəkələrədə “sabun yarmarkası” açması da göstərdi ki, bu evlər  jurnalsiti müstəqilləşdirmək üçün yox, asılı vəziyyətə salmaq üçün verilir.

Kaş, bu ölkədə “jurnalistlərə qayğı” adı altında yüzlərlə ev paylamaq əvəzinə, qürur, müstəqillik, qətiyyət paylamaq mümkün olaydı. Rejimin məddahına çevrilmiş ictimai-siyasi xadimlərə fəxri ad paylamaq, əqidəsinə xilaf çıxanlara vəzifə vermək, yazdıqlarını pozmaqla məşğul olanların yaxasına medal taxmaq bu ölkədə ənənədir.

Bütün bu dəyərsizləşdirmə prosesi ona görə baş verdi ki, ölkədə ədalət, azadlıq, şəffaflıq paylamaq ləğv olundu. Həqiqi dəyərləri paylamaqla məşğul olan jurnaslitlər isə şərləndi, həbs olundu, işgəncəyə məruz qaldı, ölkədən didərgin salındı və.s Ümumiyyətlə, ölkədə bir dənə müstəqil yazılı mətbuat yoxdursa, müstəqil saytlara blok qoyulubsa, azad mətbuatın susdurulması üçün milyonlar xərclənibsə, bu ölkədə mətbuata qayğıdan danışmaq qəhqəhəlik lətifədir.

Əgər jurnalistə ev paylamaq diqqət və qayğının göstəricisidirsə, şəhid ailələrinin “qan pulu”nu mənmisəmək nədir? Minlərlə insanı devalvasiyanın zərbəsi altında qoyub, Hollandiyada keçirilən futbol çempionatına 80 milyon dollar xərcləməyə nə ad verək? Vətəndaşın yüksək faizli kreditlərlə çökdürülməsini, minlərlə evin bankların girovuna çevrilməsini, hər məqam düşəndə qiymətlərin qaldırılmasını necə başa düşək?

Qəribədir, saysız-hesabsız villalara sahib olanlar, kimisə 2-3 otaqlı evlə təmin etməyi “böyük qayğı” kimi “oformut” eləyir. Həm də bu “qayğı”ya xərclənən pullar kiminsə atasının pulu deyil, dövlətin puludur. Dövlətin pulunu vətəndaşa verirlər və bunu analoqsuz qayğının göstəricisi kimi tirajlayırlar.

Müxtəsər, Allah bütün ehtiyacı olanlara ev qismət eləsin. Amma ilk növbədə hamının ləyaqət evi, vicdan evi, ədalət evi olsun. Biz israrla  hamıya ədalət payalanacağı gün üçün mübarizə aparırıq. O zaman bütün xalqın adı siyahıda olacaq və heç kimə yaltaqlanmağa ehtiyac qalmayacaq.

 

>