Boş tilovdan balıq gözləməyin sonu…

Boş tilovdan balıq gözləməyin sonu…

Səadət Cahangir

Ata-oğul balıq ovuna gəlir, tilovu suya atıb, yaxınlıqdakı istirahət mərkəzinə dönürlər. Bir saat sonra dönüb tilova dörd- beş balıq düşdüyünü görürlər.  Oğul deyir: “Balıqların tilova düşəcəyini bilirdim.” Ata soruşur: “Hardan bilirdin?” “Dua etdim” deyir oğlu. Onlar tilovu atıb yenidən gedirlər. Döndükləri zaman yenə tilovda bir neçə balıq vardı. Uşaq yenə eyni sözləri təkrarlayır. Təkrar tilovu atıb geri döndüklərində qarmaqda balıq olmadığını görürlər. Uşaq bu dəfə deyir ki, “mən balıq olmadığını bilirdim.” Atası təəccüblə: “Hardan bilirdin?” soruşur. Uşaq “mən bu dəfə dua etmədim, çünki tilova qurd taxmamışdım…”

Azərbaycan insanının üçdə ikisi qarmağa yem taxmadan ov gözləyən balıqçıya bənzəyir. Boşuna gözləməkdən gözlərinin kökü saralanda da, oturub göydəkinin qarasına deyinirlər: ”O da bizdən üz döndərib”, “xeyri yoxdur, heç nə dəyişən deyil”,  “bu ölkədə həmişə belə olub, belə də olacaq.”  Bunların hamısı bəhanədir. İnsanın öz tənbəlliyinə, vecsizliyinə, acizliyinə, gözüqıpıqlığına haqq qazandırması üçün bəhanə. Qardaşım, sən nə zaman əlini bir daşın altına qoydun ki, bu qədər deyinirsən? Yem taxmadığın tilova balıq düşəcəyinimi  gözləyirsən? O qarmağın boş olduğunu hesaba almadan gözləsən nə fayda, dua etsən nə fayda. Sən əvvəlcə bir hərəkətə gəl, varlığını göstər, sonra şikayətini ortaya qoy ki, səsini eşidən tapılsın. Addım atmadan, əlini tərpətmədən qapını örtüb kasıb komanın altında öz-özünə deyinməkdən heç nə çıxmayacaq. O komanın altında səsini nə Tanrı eşidəndir, nə də bəndə. Buna yüz faiz əmin ola bilərsən…

Azərbaycan insanı savadsız və dünyadan bixəbər sayıla bilməz. Əhalinin hardasa 50 faizinin internet bilikləri var və bu da o deməkdir ki, hər ailədə ən azı bir nəfər dünyada baş verənləri çevik şəkildə izləyə bilir. O zaman ən azı o bir nəfər insanın ən böyük dəyər sayıldığı dünya ölkələri haqqında öz ailəsinə danışmamış deyil. O bir nəfər yəqin ki, həmin ölkələrdə insanların yüksək həyat tərzi, təminatı, qazancı, özünü reallaşdırma imkanları haqqında oxuyub, gündə on dəfə köks ötürməmiş deyil. Şübhəsi, onun qibtə ilə anlatdıqları evdəkiləri, çevrədəkiləri, yaxınları da təsirləndirməmiş deyil. O gözəl həyat tərzi, o azadlıq, o hüzur, o imkanlar  bizdə ola bilməzdimi? Əlbəttə, ola bilərdi. Amma o şərtlər altında olardı ki, sən haqqını kimsəyə yedirməyəcəkdin. Sən qanun adına hər zaman ayaqda olacaqdın, təkcə özünün deyil, başqalarının da pozulan hüquqları naminə səsini qaldıracaqdın. Etiraz etməkdən, dirənməkdən, tələb etməkdən qorxmayacaqdın. Bu gün bütün başımıza gələnlərin səbəbi nədir, bilirsinizmi? Haqsızlığın ayaq alıb başımıza çıxdığı yerə qədər susmağımız. Artıq bıçağın sümüyə dirəndiyi məqamdır. Durumu dəyişməli deyilikmi? Dəyişməliyik, qardaşlar. Bu gediş belə davam edə bilməz, heç bir halda edə bilməz…

Azərbaycan insanı, gözəl yaşamaq sənin haqqındır. Bu qədər harınlığa, ədalətsizliyə, zülmə dözmək boynunun borcu deyil. Həyatını dəyişmək istəyirsənsə, etiraz səsini ucalt, ölkədə qanunun şah olması üçün dirəniş göstər. İşıqsız, soyuq, ac daxmana qısılıb deyinməyi burax artıq. İllərdir boş tilovdan balıq gözləməyin aqibəti ortada. Balıq istəyirsənsə, əvvəlcə qarmağa bir qurd tax. Sonra lap ürəkdən dua da edə bilərsən. İnan ki, səsin eşidiləcək…

>