Cümhuriyyətçilərə nifrətin sirri

Cümhuriyyətçilərə nifrətin sirri

Rövşən Hacıbəyli

Cümhuriyyətin 100 illik yubileyinin coşquyla qeyd olunması hakimiyyətdə ciddi qıcıq yaratdı. Mayın 28-də “İçərişəhər” metrostansiyasından başlayan bayram yürüşünə köhnə BUM-a qədər dözə bildilər. Bulvara keçmək istəyən yürüş iştirakçılarının qarşısı burada kəsildi, yürüşün davamına bir şərtlə razılıq verilirdi; bayraq və şəkillər yığışdırılsın. Bunlar paytaxtın ən gur yerində – Fəvvarələr meydanı yaxınlığında Azərbaycanın himninin oxunmasına, Rəsulzadənin və silahdaşlarının adının səsləndirilməsinə, şəkillərinin qaldırılmasına sadəcə dözə bilmirdilər. O səbəbdən yürüş iştirakçıları Bulvara buraxılmadı və aksiya, demək olar, bununla da başa çatdı.

Dövlət səviyyəsində bayram elan olunan ildə bu münasibət, əslində, anlaşılandır. Uzun illərdir hakimiyyəti mənimsəyənlər ətraflarında onlara belə bir təmənnasız sevgi bəsləyən adamları yetişdirə bilməyib. Onlar nə keçirdikləri aksiyalarda, nə də dövlət tədbirlərində himnimizi belə coşquyla oxuya, nəinki oxuya, heç mızıldaya da bilmir. Özlərindən “ümumilli lider” obrazı yaradıblar, ancaq nə qədər resurslarımız, büdcə vəsaitimiz o obrazın qəlblərə köçürülməsinə xərclənsə də, alınmır, o sevgini görmürük. Qəbul etmədikləri, imkan düşdükcə yamanladıqları, satqın damğası belə vurduqları cümhuriyyətçi babalarımızasa təmənnasız sevgi sonsuzdur. İllər, ən sərt rejimlər belə o sevgini ürəklərdən qopara bilməyib. İstər 28 May yürüşü, istərsə də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə keçirilən tədbir zamanı iştirakçılar…

Sən bizimsən, bizimsən
Durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa,
Ey şanlı Azərbaycan!

…sözlərini böyük sevgiylə, göz yaşı içərisində səsləndirirdilər.

Onları buna kimsə məcbur etmirdi, kimsə onlara Məhəmməd Əmin Rəsulzadəni sevməyə göstəriş vermirdi, hər şey içdən gəldiyindən təbiiydi. Elə illərin söndürə, soldura bilmədiyi bu sevgi hakimiyyəti qıcıqlandırdı, yeni repressiya dalğası başlatmasına səbəb oldu. Mayın 29-dan bəlli həbslər başladı. Niyə? Niyə hakimiyyət öz gözündə tiri görmək istəmir? Niyə bütün suçlular kənarda, müxalif düşüncəli adamların arasında axtarılır?..

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib və İlham Əliyev 4-cü yol ölkənin birinci postuna yiyələnib. Ədalətsiz dediyimiz dünya bunu görür və dəyərləndirir. Seçkidən sonra İlham Əliyevin adına təbrik məktubları gəldi… İlk növbədə, ölkəsi demokratik olmayan dövlət başçılarından. Bundan başqa, çox sayda təbrik məktubu müxtəlif şirkətlərdən (bu şirkətlərdən bəziləri bu və ya başqa şəkildə hakimiyyətdəkilərlə iş birliyindədir), keçmiş dövlət başçılarından, daha çox təbrik məktubu isə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılardan gəldi.

Əslində, başqa vaxt o məktublar prezidentin saytına yerləşdirilməz, AzTV-lər onları bütün günü tirajlamazdı; normal ölkələrin dövlət başçıları təbriklərini vaxtında göndərsəydilər… Onlar çox gec göndərdilər, dəyirmanın suyu sovulandan, dünya azərbaycanlılarının təbrikləri burda yaşayan azərbaycanlıların gözünü və qulağını yağır eləyəndən sonra.

Mayın 22-dən başlayaraq yenə də İlham Əliyevin ünvanına təbriklər gəlir, bu dəfə Cümhuriyyətin 100 illiyi ilə bağlı. Nədənsə o təbriklərin içərisində dünya azərbaycanlılarının təbrikləri elə də gözə dəymir. Ancaq məntiqlə əksinə olmalıydı, axı hər bir azərbaycanlının qürurlandığı gündür 28 May, bugünə daha çox təbrik elə qürbətdə yaşayanlardan gəlməliydi. Axı onlar həmişə “ölməyə vətən yaxşı…” deyirlər. Ölmək istədikləri vətənin ən böyük, ən uca bayramıdır 28 May. “Şərqdə ilk demokratik cümhuriyyəti bizim babalarımız qurdu” deyib öyündükləri gündür 28 May. Hakimiyyətin təbliğat maşını da Cümhuriyyətin 100 illiyinin xaricdə təmtəraqla keçirildiyi barədə informasiyalar yayırdı. Bu bayramın Azərbaycandan daha çox xaricdə keçirildiyi görüntüsü yarandı həmin təbliğatdan. Bu baxımdan orada yaşayanlar saysız-hesabsız təbrik göndərməliydilər… Ancaq burda başqa səbəb də ola bilər. Mümkündür ki, o təbriklər göndərilib, Prezident Administrasiyasında oturanlar onların üzə çıxmasını, sayta qoyulmasını, təbliğ olunmasını istəməyiblər.

22 mayda Respublika Günü ilə bağlı ilk təbrik Qabon prezidentindən gəlsə də, ikinci təbrik Böyük Britaniya kraliçasından gəlib…

10 gün ərzində – 22 may–2 iyun tarixlərində Respublika Günü ilə bağlı “president.az” saytında 127 təbrik yerləşdirilib. Təbriklərin 77-si dövlət başçısılarından gəlib, yalnız 8 azərbaycanlı Respublika Günü ilə bağlı İlham Əliyevə təbrik göndərib.

Başqa bir 10 günə baxaq. 11-21 aprel tarixlərindəsə “president.az” saytında yerləşdirilən, İlham Əliyevin ünvanına göndərilən 243 təbrikin 67-si dünyanın müxtəlif yerlərində yaşayan, hansısa qurumda çalışan azərbaycanlılardan gəlib. Seçki təbrikçiləri arasında müxtəlif ölkələrdəki şirkət və icma başçıları da var. Cəmi 47 dövlət başçısı təbrik göndərib. İlk günlərdə təbrik göndərənlərin çoxu Azərbaycan tipli rejim başçılarındandır. İlk təbriki elə aprelin 11-də – seçki günü Türkiyənin Baş naziri Binəli Yıldırım göndərib. Görünür, seçkinin nəticələri ona qabaqcadan bəlli olub…

Bütün bunlar bir gerçəyi ortaya qoydu, ölkədə çox bayramlar rəsmən qeyd olunsa da, dünya Azərbaycanda bir bayram tanıyır; o da qürur günümüz olan 28 May – Respublika bayramımızdır.

Hakimiyyətdə cümhuriyyətçilərə qarşı qıcıq yaradan səbəblərdən biri də budur…

>