Siz də müştərinizi bir-iki çörəyə satsaydınız…

Siz də müştərinizi bir-iki çörəyə satsaydınız…

Yalçın İmanov

Əzizim İradə xanım!

Sizin Kollegiyadan çıxarılmağınızla bağlı məlumatdan gec xəbər tutdum və dərhal da gözlərimin qarşısında ötən ilin 20 noyabrında mənim vəkillik fəaliyyətimə xitam verilməsi ilə bağlı elə həmin Kollegiyanın sovetlərin 37-ci illərini xatırladan iclası canlandı.

Siz həmin iclasda vicdanı ləkəli və ağır cinayəti (işgəncəni) ört-basdır və müdafiə, üstəlik, təşviq edən bir mütəşəkkil dəstənin qarşısında tək-tənha dayanmışdınız.

Emosional və gərginiydiniz! Həyəcandan özünüzə nəzarəti, daxili müvazinəti itirmişdiniz, məni başqa daha necə müdafiə edə biləcəyiniz fikri gözlərinizdən oxunurdu. Hiss edirdim ki, niyəsə özünüzü günahkar sayırsız.

Yəqin elə buna görəydi ki, iclasdan az sonra sizə zəng edib, müdafiəyə görə təşəkkürümü bildirəndə, danışa bilməyib, eləcə uzun müddət hönkür-hönkür ağlayırdınız.

Bütün vicdanlı adamlarda belədir, çətin, mürəkkəb, esktremal situasiyalarda ancaq özlərini günahkar sayırlar, yalnız öz məsuliyyət payını düşünürlər. “Bəlkə bunu etsəydim, nəticə fərqli olardı”, “filan şey yadımnan çıxdı, güman ki, onun da işə nəsə bir xeyri dəyərdi” və s. və i.a. Siz, uşaq sadəlövhlüyü ilə elə düşünürdüz ki, mənim vəkillik taleyim o iclasda həll olunur, buna görə də aramsız şəkildə, nitqiniz tez-tez, kobud şəkildə kəsilsə belə, həmin o məşum dəstəyə nələrisə izah etmək, başa salmaq istəyirdiniz.

Hərçənd, o toplantıya qədər çox nadir hallarda, cəmi bir neçə dəfə həyatda rastlaşıb, salamlaşıb, ayaqüstə hal-əhval tutmuşduq, hər hansı ortaq şəxsi marağımız yoxuydu, sizin məni müdafiə etmək kimi bir öhdəliyiniz yoxuydu.

Amma siz özünüzə yaraşanı etdiniz, nəcib, gözəl və xarakterli bir xanımın inanılmaz cəsarəti məni xeyli mütəəssir edib, təsirləndirmişdi.

Bu, müasir dövrün “Orlean qızı”nın (Janna d`Ark) özünxas davranışıydı.

Siz mənim üçün, daha doğrusu, ədalətli hesab etdiyiniz və doğru bildiyiniz dəyərlər üçün həmin mütəşəkkil dəstə və bu dəstənin arxasında dayanan bütün bəşəri keyfiyyətlərdən yoxsul bir sistemlə qarşı-qarşıya gəlmişdiniz.

Məhz elə bu qeyri-bərabər qarşıdurmanın nəticəsiydi ki, yenə elə həmin ilin dekabrın 7-də orta yaşlı, amma perspektivsiz, heç vaxt iş başında vəkillik həyəcanını yaşamamış, anadangəlmə konyuktur və mübtəla karyerist birinin sədr təyinatından dərhal sonra hamıdan çox haqq etdiyiniz Rəyasət Heyətinin üzvlüyündən kənalaşdırıldınız.

Qisasçı natura həm də qorxaq olur! İlk fürsətdəcə, ilk məqamdaca əvəz və öc almağa başlayır! İndi biz kişilərin qadınlardan qisas alması dövrünü yaşayırıq! Böyük buzlaşma dövrü! Yaranışın mahiyyətinə zidd intolerantlıq paradoksu!

Onların yeganə bir qabiliyyətləri var ki, o da vur-tut elə budur, instinktiv, anadangəlmə, darqursaq qisas hissi. Gör, üfunətli nifrət və kinli qisas infantil beyinləri necə sərxoş edib, hansı kəllə-çarxa vurmuşdusa, sizə həmin o məsxərə konfransda söz də verməmişdilər.

Sonra bu “Bandotdel” söhbəti. Media vasitəsilə ictimailəşmiş həmin müraciətinizdə heç işgəncədən də söhbət getmir, sadəcə, vəkili olduğunuz müştərinin qanunsuz saxlanması və onunla görüşə bilməməyiniz problemi ahəstə qaldırılır.

Yəqin bu sizin “günahınızydı” ki, “Bandotdel”in qeyri-rəsmi əməkdaşı olan, bütün işlərin altından niyəsə yalnız onun imzası hopp edib çıxan “məhşur” bir vəkil kimi həmin qorxunc idarəyə sorğu-sualsız və təftişsiz girib-çıxmaq komfortundan çoxdan imtina etmişdiniz!

Yəqin siz də müştərinizi “benzin pulu” və bir-iki isti, yumru zavod çörəyinə satsaydınız, bugün fərqli olardı!

Əzizim İradə xanım!

Əminəm ki, ötən ilin 20 noyabrında sizin məni qızğın və ürəklə müdafiə etməyiniz vəkillik aqibətinizdə mühüm, həlledici rol oynadı. Heç bunu sizdən soruşmağa da ehtiyac duymuram, faktların ardıcıl düzümü və konstatasiyası kifayət edir. İndi niyəsə mən özümü günahkar hiss eləyirəm, məni müdafiə etməsəydiniz, ya xora qoşulub, ya da eləcə sakitcə sussaydınız, güman ki, başqa cür olardı.

Bu ölkədə böyük əksəriyyət “başını aşağı salıb, işini gör” deyir. Amma başı yuxarı qaldırıb da, işini görmək olar. Bir kimsə demir ki, “başını qaldır, işini gör”! Axı, Tanrı, bu bədən üzvünü bəndəsinə elə ucada, dik saxlamaq üçün verib!

Mən bilmirəm, nə deyim, sizə necə təsəlli verim, yəqin ki, bu sonuncuya ehtiyacınız da yoxdur. Axı siz də gözəl bilirsiniz ki, təsəlli nəyisə kiçiltmək, kimisə aldatmaq cəhdidir. Amma yenə də. Yaxşı bilirəm, peşənizi çox sevirsiz, vəkilliyə qəlbən bağlısız və sözün açığı, bu peşə də sizə çox yaraşır. Siz bu qaranlıq ölkədə həmkarlarım içində tanıdığım azsaylı işıqlı adamlardan birisiz.

Vəkillər Kollegiyası sizi daha artıq vəkil kimi görmək istəmirsə, qoy onda, bu Kollegiya yubanmadan və dərhal yaxşı bir çatı sifariş verib, başına salıb, özünü assın!

…İlahi, heç olmasa, bu qəddar yaddaşı bizə çox görmə!

>