Boş qalan yerlər…

Boş qalan yerlər…

İlham Hüseyn

Ölkə xaricində başverənləri diqqətlə izləsəm də, heç vaxt kənarda başverənlər haqqında yazmıram. Düşünürəm ki, öz dərdimiz çoxdur və dərman da yalnız özümüzük.

Elə indi də, Türkiyədəki seçkiləri analiz etmək, kimin güclü olduğu haqda fikir bildirmək, nəticə barədə proqnoz vermək istəmirəm. Sadəcə olaraq, Türkiyədəki seçki prosesini izləyirəm və ölkəm haqqında düşünürəm. Milyonlarla insan “bunlar yeyib doymuşdu, gələn ac olacaq”, “şükr ki, sabitlik var”, “başımı aşağı salım, işimi görüm” demədiyi üçün, Türkiyədəki seçki prosesi möhtəşəmdi. Mövcud hakimiyyəti dəstəkləyənlər də, müxalifətin namizədinə dəstək olanlar da meydandadı.

Faktiki olaraq seçki prosesini bayrama çeviriblər. Xalq sabahının təminatını axtarır. Hamı öz həqiqətinin yanındadır.

Ağrılı olan budur ki, bizim meydanda olmağımız üçün daha böyük səbəblər var. Amma biz meydanda olmamaq üçün böyük bəhanlərdən dəbilqə düzəltmişik. Əlbəttə, minlərlə mübariz insan meydanları boş qoymayıb, minlərlə fədakar insan milyonların hüquqları uğrunda döyüşüb. Amma meydanda belə mənzərənin yaranması üçün minlərin səsinə yüzminlər səs verməlidir.

Image may contain: one or more people, crowd, stadium, basketball court and outdoor

Baxıram, Ərdoğanın, İncənin, Akşenerin canlı yayımlarına xeyli sayda həmvətənimiz keşik çəkir. Vətəndaşlarımız həqiqi seçkiyə, xalq həmrəyliyinin əyani nümunəsinə təşnədir. Azərbaycanlılar Ərdoğanın, İncənin, Akşenerin mitinqlərindəki insan sayından danışırlar, müqayisə aparırlar. Amma xəbərləri yoxdur ki, öz ölkələrində öz yerləri boş qalıb. İnamsızlıq, ümidsizlik, qorxu özünə elə yer edib ki, vətəndaş olmalı olduğu yeri unudub.

İnanın ki, adamlar boş qoyduqları yerləri doldursalar, ölkədəki bütün boşluqlar dolar. Hər kəs öz yerini boş saxlayanda, ölkə neqativlərlə dolmağa məhkum olur.

Boş qoyduğumuz yerləri dolduraq ki, başqalarının dolmuş yerinə həsrətlə baxmayaq.

Biz bacarmalıyıq və bacaracağıq.

>