📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

17 iyun memorandumu niyə POZULDU? - ABŞ-nin əsl hədəfi İran deyilmiş...

2026-07-10 11:13:15

17 iyun memorandumu niyə POZULDU? - ABŞ-nin əsl hədəfi İran deyilmiş...

ABŞ ilə İran arasında imzalanan anlaşma memorandumunun uzunömürlü olmayacağına dair ehtimallar artıq özünü tam doğruldub. 17 iyun sənədinin üzərindən bir ay keçməmiş Birləşmiş Ştatların yenidən hərbi əməliyyatlara üstünlük verməsi, İranın isə müxtəlif istiqamətlərdə cavab addımları atması Yaxın Şərqdə geosiyasi qarşıdurmanı daha da dərinləşdirib.

ABŞ-nin əsas hədəfi təkcə İran, yoxsa Çinlə strateji rəqabətdir? Yaxın Şərqdəki bu qarşıdurma yeni qlobal müharibənin başlanğıcı ola bilərmi?

SEXCEL.jpeg (29 KB)

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a açıqlamasında əldə olunan razılaşmanın ilk günlərindən pozulacağının gözlənildiyini qeyd etdi və əslində burada təəccüblü heç nəyin olmadığını söylədi: "Məlumdur ki, ABŞ və İran 17 iyunda anlaşma memorandumu imzalayaraq 60 günlük danışıqlar perioduna start verdilər. Lakin imzalanma mərasiminin ilk saatlardan bəlli oldu ki, memorandumun maddələrini təmin etmək olduqca çətin olacaq. Çünki, ilk növbədə, memorandumun ilk maddəsinə, yəni İranın bütün cəbhələrdə atəşkəs tələbinə zidd olaraq İsrail Livandan geri çəkilmədi və atəşi kəsmədi. İkincisi, İran Hörmüz boğazında suverenlik iddiasını təmin etməyə çalışır, lakin buna da ABŞ imkan vermir. Nəticə olaraq, İsrailin və ABŞ-nin Yaxın Şərqdə, xüsusilə Hörmüzdə yaratdığı yeni geosiyasi reallıq atəşkəsin pozulmasını şərtləndirən əsas amillərdir. Başqa sözlə, ABŞ rəhbərliyində imza atdıqları sənədə özlərini bağlı hesab etmirlər və reallığı diqtə etməyə çalışırlar. Müharibə dövründə Hörmüz boğazında "blokadanın blokadası" taktikası ilə vəziyyəti müəyyən qədər öz lehinə çevirə və İrana təzyiqin artırılmasına nail ola bilən ABŞ hərbi-siyasi rəhbərliyi, dünəndən bəri aktivləşən müharibədə yeni taktikaya əl atdı. Anlaşılan odur ki, "atəşkəs bitdi" deyən Tramp müharibənin yeni fazasında İranı yeni üsulla "boğmağa" çalışacaq".

Ekspert Çin faktoruna xüsusi yer ayırdı: "Hörmüz boğazından keçid imkanları məhdudlaşandan bəri İran Çinlə Türkmənistan üzərindən quru ticarətini bir neçə dəfə artırmışdı ki, bununla da müvafiq məhdudiyyətlərdən yayınmağı bacarırdı. Lakin ABŞ İran üçün həyati əhəmiyyət kəsb edən bu keçidi vurdu. Bu, sadəcə İrana deyil, eyni zamanda Çinə də zərbədir. Burada əsas məsələ odur ki, ABŞ sadəcə İranı öz iradəsinə tabe etmək istəmir, həm də Çinin ucuz enerji tədarük imkanlarını məhdudlaşdırmağa çalışır. Bilirik ki, Çin ABŞ-ın hərbi-siyasi hegemonluğuna qarşı yeni güc faktoru olaraq meydana çıxıb və dünyanı iqtisadi - "Bir kəmər Bir yol" siyasəti ilə ələ almağa çalışır. ABŞ isə məhz bu yol üzərində öz nəzarətini təmin etməyə çalışır. Bu mənada həm Şərq-Qərb dəhlizinin bir parçasının "TRIPP marşrutuna" çevrilməsi, həm İran-Çin dəniz və quru yollarının məhdudlaşdırılması ayrıca başlıqlarda dəyərləndirilə biləcək vacib məqamlardır. Belə ki, Çin İrana, oradan isə Türkiyəyə və Avropayadək uzanan marşrutla yanaşı, hətta Əfqanıstan üzərindən İrana yükdaşıma məsafəsini iki dəfə azaldacaq yeni Herat-Məzari Şərif-Vuhan dəmir yolunun inşasına dair niyyət bəyanı etmişdi. Görünür ki, ABŞ İran-Çin xəttində əməkdaşlıq imkanlarını məhdudlaşdırmaqla öz iradəsinə tabe olan marşrutların icrasını ön plana çıxarmağı hədəfləyir. Bununla yanaşı, İran Qərb standartlarına cavab verən dövlət olanadək onun qlobal bazara çıxışını ümumiyyətlə məhdud saxlamağa qərarlıdır. Təsadüfi deyil ki, Tramp anlaşma memorandumundan sonra İranın neft satışına dair beynəlxalq sanksiyanı aradan qaldırsa da, İranın qeyri-rasional, əməkdaşlığa deyil konfrontasiyanın davam etdirilməsinə yönəlik davranışları fonunda bu sanksiyaları təzədən bərpa etdi. Hazırda Yaxın Şərqin, xüsusilə Körfəz ölkələrinin enerji resurslarının Qərbə daşınması istiqamətində yeni marşrut layihələri gündəmə gətirilib. Bu da Türkiyə üzərindən, lakin İrandan yan keçəcək. Beləliklə, yekun olaraq, İran Qərbin tələblərinə cavab verən standartlara geri dönməyincə ona qarşı olacaq təzyiqlər onun qlobal blokadasını daha da gücləndirə bilər. Lakin İranın da imkanları hələ ki, tam tükənməyib. Xüsusilə alternativ yollar, qlobal idarəçiliyə dair alternativ konsept sahibləri ilə, yəni Rusiya və Çinlə əməkdaşlıq, regionda təsir imkanları zəifləsə də, bağlarının tam olaraq qopmaması, bu fonda Həmas və Hizbullah, Husilər və digərləri vasitəsilə Qərb üçün əhəmiyyətli olan digər strateji məntəqələrdə vəziyyəti gərginləşdirmək imkanları qalmaqdadır. Beləliklə, hazırda nə Ukrayna, nə də İran cəbhəsindəki savaşlar sadəcə iki dövlət arasında gedən savaşlar olmayıb, yeni qlobal Şərq və Qərb bloklarının qarşıdurması çərçivəsində izah olunmalıdır. Bu mənada, sülhün əldə olunmaması hər iki cəbhədə vəziyyəti gərginləşdirərək, daha geniş regiona yayılma riskini daşıyır".