📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜ - Jalə Familqızı yazır

2026-07-22 11:58:11

22 İYUL - MİLLİ MƏTBUAT GÜNÜ - Jalə Familqızı yazır

"Söz millətin vicdanıdır." Bu vicdan susduğu zaman həqiqət kölgədə qalır, cəmiyyət isə öz yolunu itirməyə başlayır. Ona görə də mətbuat təkcə informasiya vasitəsi deyil; xalqın yaddaşı, milli düşüncənin daşıyıcısı, ictimai ədalətin müdafiəçisi və dövlətlə cəmiyyət arasında etimad körpüsüdür.

22 İyul Azərbaycan xalqının mənəvi tarixində xüsusi yer tutan gündür. Məhz bu tarixdə Həsən bəy Zərdabi böyük çətinliklərə baxmayaraq "Əkinçi" qəzetini nəşr etməklə milli mətbuatımızın təməlini qoydu. O, yaxşı anlayırdı ki, xalqın tərəqqisi yalnız elm, maarif və azad söz üzərində qurula bilər. "Əkinçi" sadəcə bir qəzet deyildi, həm də milli oyanışın, maarifçiliyin və müasir Azərbaycan düşüncəsinin başlanğıcı idi.

Milli mətbuatın inkişaf tarixindən danışarkən böyük xeyriyyəçi və millət fədaisi Hacı Zeynalabdin Tağıyevin xidmətlərini də xüsusi ehtiramla xatırlamamaq mümkün deyil. O, mətbuatı cəmiyyətin inkişafının əsas sütunlarından biri hesab edir, milli qəzet və jurnalların yaşaması, maarifçiliyin genişlənməsi, ziyalıların fəaliyyət göstərməsi üçün öz maddi imkanlarını xalqın gələcəyinə sərmayə kimi sərf edirdi. Tağıyev yaxşı bilirdi ki, güclü millət yalnız savadlı cəmiyyət, savadlı cəmiyyət isə azad söz və güclü mətbuat üzərində yüksələ bilər. Onun uzaqgörənliyi milli mətbuatımızın tarixində silinməz iz qoyub.

Mərhum dövlət başçısı Heydər Əliyev də mətbuatı demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirdi. Onun rəhbərliyi dövründə jurnalistikanın inkişafına xüsusi diqqət göstərildi, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və söz azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Bu siyasət milli mətbuatın daha müasir və peşəkar əsaslar üzərində inkişafına ciddi təkan verdi...

Bu gün isə ilk növbədə qələmini vicdanına satmayan, həqiqəti şəxsi maraqlardan üstün tutan, cəmiyyət qarşısındakı məsuliyyətini dərindən dərk edən bütün jurnalistləri, dəyərli həmkarlarımı ehtiramla salamlayıram. Çünki əsl jurnalist yalnız xəbəri yazmır; o, zamanın salnaməsini yaradır, ictimai ədalətin keşiyində dayanır və gələcək nəsillər üçün tarixin canlı izlərini qoruyur.

Onu da unutmamalıyıq ki, azad sözün dəyəri onu qorumaq bacarığı ilə ölçülür. Son dövrlərdə müxtəlif qurumların səlahiyyətlərindən sui-istifadə etməsi, tənqidi fikrə dözümsüz yanaşması və müstəqil medianın fəaliyyətinə maneələr yaratması halları da az deyil. Halbuki tənqid dövlətçiliyə qarşı deyil, nöqsanlara qarşıdır. Güclü dövlət həqiqətdən çəkinməz, əksinə, obyektiv sözə arxalanaraq daha da möhkəmlənər.

Azad mətbuat cəmiyyət üçün təhlükə deyil, inkişafın və şəffaf idarəçiliyin ən vacib təminatlarından biridir.

Milli Mətbuat Günü bizə miras qalmış ən qiymətli mənəvi sərvətlərdəndir. Bu gün sözün müqəddəsliyini, qələmin məsuliyyətini və həqiqətin əbədi dəyərini bir daha xatırladır. Bu irsi qorumaq, vicdanlı jurnalistikanı dəstəkləmək və söz azadlığını cəmiyyətimizin əsas dəyərlərindən biri kimi yaşatmaq hər birimizin mənəvi borcudur. Bu əlamətdar gün münasibətilə bütün vicdanlı, prinsipial və peşəkar jurnalistləri səmimi qəlbdən təbrik edir, onlara möhkəm iradə, tükənməz yaradıcılıq, qələmlərinə qüvvət və hər zaman həqiqətin işığında fəaliyyət göstərməyi arzulayıram. Qələminiz heç vaxt susmasın, sözünüz həmişə həqiqətin tərəfində olsun!

P.S Ümid edirəm ki, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim olunacaq təltif siyahısında peşəkarlığı, vicdanlı fəaliyyəti və uzun illər mətbuata xidmətləri ilə seçilən jurnalistlərin də adları yer alacaq. Arzu edərdim ki, seçim prosesi mümkün qədər obyektiv aparılsın, yeni simalara və əməyi ilə bunu haqq edən qələm adamlarına da dəyər verilsin. Milli Mətbuat Günü münasibətilə təqdim olunan mükafatların məhz jurnalistika sahəsində fədakarlıq göstərən, sözün məsuliyyətini daşıyan və cəmiyyətə xidmət edən insanlara ünvanlanması bu təltiflərin nüfuzunu daha da artırar.

Jalə FAMİLQIZI

Hurriyyet.info