39 ildir Mehmansız, 3 gündür Zahidsiz qalan dünyam(ız)
1987-ci ilin mayına kimi dədəli-məməli günlərimdə ömür sürürdüm. Qohum-qardaşdan istədiklərim, istəyənlərim hələ bu dünyada idi ; bircə üç ildi əmi dediyim Cəlləd əmim oğlunun, yeddi ildi Sevdimalı əmimin, on bir ildi Narxanım bibimin bizi haqq dünyasına dəyişməyinin ağrısını-acısını anlayıb yaşamaq yaşında idim. Xanma, Maarif, Kamal qaqamlı, (Ata əmimin oğlu) Teyyublu, (bibim oğulları) Elxanlı, Müslümlü, (əmim oğulları qardaşlarım) Mübarizli, Nazimli, Ərəstunlu…günlərimdəydim. Qardaşım oğlu Bəhruz 18 yaşında, Zahid 20 yaşında, Mehman bibim nəvəsi 23 yaşında, on il bir sinifdə oxuduğum Şakəm 30 yaşında idi. Niyə bunları indi anıram? 1987-ci ilin mayın 7-də Mehmanlı dünyamız dağıldı, Bakıda ürək əməliyyatından Mehisiz ayrıldıq. Radim, Şakəm, bir də mən Mehmanla bir avtobusda Bakıdan Pirhəsənliyə kimi yol yoldaşı olduq. Üçümüz də ağlayırdıq, Mehidən başqa. Radim üzünü qardaşının üzünə sürtdü, onu duz kimi yaladı. Heç sürücü içində olmaqla beş nəfərlik avtobusun bibim oğlu Yanvarın qaraya bürünmüş ocağına nə vaxt çatdığını da bilmədik. Dayı dediyim xalam oğlu Mövsümün bir gün qabaq dünyasını dəyişməyi də ağrımızı daha da ağırlaşdırdı. Dünyanın gərdişinə bax, 39 il sonra – 2026-nın mayında oğlu Çingiz də yerini atasının yanına saldı. Üç gün qabaq qardaşım oğlu Zahid də o dünyanı seçdi.
39 ildir may gələndə Mehmanla yol yoldaşlığımız yadıma düşür. 39 ildir Mehman, 3 gündür Zahid mayın çal-çağırında bizi yarı yolda qoyub…
Məğrur Bədəlsoy
P. S. Mayın 22-də Zahidə, də ömür-gün yoldaşına da tezdən votsappla mesaj göndərdim. Zahidə çatmadı deyə, aldandım, hələ də özümü bağışlaya bilmirəm. Gərək səsli zəng edəydim, heç olmasa, son yol səsini eşidərdim. Bəlkə zəng etsəydim o dünyaya yol almaq fikrindən də daşınardı. Səhər mesajından ortalıq bir saat sonra Radim zəng etdi, ordan-burdan danışdıq. Danışıb qurtarandan sonra acı sorağı aldım. Heç demə Radim bilirmiş, mənim soraqsız olduğumu duyub, deməyib.
25 may 2026, Pirhəsənli

