4 ildir yoxa çıxan "Mercedes Vito", dəyişdirilən ban nömrəsi və İnterpol axtarışı – şirkət direktoru kömək istəyir
Bakıda fəaliyyət göstərən "Fitstar Herbal Products" MMC-nin direktoru Firdovsi Vəliyev şirkətə məxsus avtomobilin 4 ildən artıqdır tapılmadığından narazıdır.
Musavat.com-a danışan Firdovsi Vəliyevin sözlərinə görə, şirkətin "Mercedes-Benz Vito" markalı, AZ 77 AE 649 dövlət qeydiyyat nişanlı avtomobili keçmiş əməkdaş Xəyyam Rəhimov tərəfindən qanunsuz olaraq mənimsənilib.
"4 ildən artıqdır ki, şirkətin maşını faktiki olaraq oğurlanıb. Ortada açıq-aşkar cinayət əməli var. Üstəlik, avtomobil oğurlandıqdan sonra ban və qeydiyyat məlumatları dəyişdirilib, saxta nömrə ilə Goranboy, Gəncə və Bakıda hərəkət edib",–deyə şirkət direktoru bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına dəfələrlə müraciət edilib, həmçinin daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olub. Bundan sonra materiallar Gəncə Şəhər Polis İdarəsindən alınaraq Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib və araşdırma nəzarətə götürülüb.
Şikayətçi bildirir ki, hazırda müstəntiq Mahir Hacıyevin icraatında olan cinayət işi üzrə Xəyyam Nəriman oğlu Rəhimova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham irəli sürülüb.
Məlumata görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, axtarış elan edilib. Bundan sonra Xəyyam Rəhimov ölkəni tərk etdiyindən barəsində İnterpol vasitəsilə də beynəlxalq axtarış elan olunub.
"FITSTAR HERBAL PRODUCTS" MMC-yə məxsus "Mercedes-Benz Vito" markalı avtomobil dələduzluqla ələ keçirildikdən sonra onun dövlət qeydiyyat nişanı özbaşına AZ 20 EU 594 nömrəsi ilə əvəz edilib.
Xəyya Rəhimov barəsində cinayət işi başlandıqdan sonra avtomobilə qanunsuz bağlanmış AZ 20 EU 594 dövlət nömrə nişanı onun qardaşı, Goranboy Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Xəyal Nəriman oğlu Rəhimov tərəfindən istintaqa təqdim olunub.
Firdovsi Vəliyev qeyd edir ki, cinayət işinin başlanmasından 3 aydan artıq vaxt keçməsinə baxmayaraq Xəyyam Rəhimov Rusiyadan gizlənməklə istintaqdan yayınır. Şirkət direktoru daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edərək istintaqdan yayan Xəyyam Rəhimovun tutularaq məsuliyyətə cəlb olunmasını xahiş edib.

