440 illik xəzinə tapdı: "Qızıllar ovucumun içində günəş kimi parıldayırdı"
Uelsdə yaşayan 69 yaşlı Piter Hyuz 21 il davam edən axtarışların ardından 1583-cü ildə batmış ticarət gəmisinə aid 440 illik qiymətli xəzinə aşkar edib. Mütəxəssislər bu kəşfi son illərin ən mühüm fərdi arxeoloji tapıntılarından biri hesab edirlər. Tapıntının ardından ərazi dövlət tərəfindən mühafizəyə götürülərək xəzinə axtarışları tamamilə qadağan edilib.
Hurriyyet.info xəbər verir ki, hadisə Uels sahillərində baş verib.
BBC-nin məlumatına görə, 1583-cü ildə güclü fırtına zamanı batan Ann Francis adlı ticarət gəmisinə aid qiymətli əşyalar əsrlərlə qumun altında qalıb. Piter Hyuz yalnız metal detektoru ilə apardığı axtarışlar nəticəsində bu xəzinəni üzə çıxarıb.
Hyuz bildirib ki, ilk qızıl sikkəni 1996-cı ildə Margam çimərliyində tapıb. Onun sözlərinə görə, sikkəni qumdan qaldırdığı an "ovucumun içində sanki günəş kimi parıldayırdı". Sikkənin üzərində əlində gəmi tutan Müqəddəs Vinsentin təsviri və Portuqaliya gerbi olduğunu gördükdə bunun yüz illər əvvələ aid tarixi qızıl sikkə olduğunu anlayıb.
Piter Hyuz xəzinəni bir gündə tapmayıb. O, 21 il ərzində eyni sahilə 1000 dəfədən çox gedib və minlərlə saatını axtarışlara sərf edib. Onun sözlərinə görə, axtarışların əksəriyyəti nəticəsiz başa çatsa da, səbirli olması bu tarixi kəşfi etməsinə imkan verib.
Mütəxəssislər hesab edirlər ki, Ann Francis gəmisindəki sərvətin indiyədək yalnız dörddə biri tapılıb. Xəzinənin qalan hissəsinin isə hələ də dənizin dibində və ya qum qatlarının altında gizləndiyi ehtimal edilir.
Aşkar edilən kolleksiyaya İspaniya kralı II Ferdinand və kraliça İzabellanın dövrünə aid nadir qızıl sikkələr, gəmi zabitinə məxsus pirinç fit və taxta xəzinə sandığından çıxan, bu günədək şifrəsi açıla bilməyən kombinasiya qıfılı daxildir. Muzey əməkdaşlarının sözlərinə görə, bu əşyalar təkcə maddi deyil, həm də böyük tarixi əhəmiyyət daşıyır və həmin dövrün dənizçiləri, tacirləri, qaçaqmalçıları və digər tarixi şəxsiyyətləri haqqında mühüm məlumat verir.
Piter Hyuz tapdığı bütün əşyaları Uels Milli Muzeyinə təhvil verib. Bundan sonra Margam çimərliyi arxeoloji irs kimi qoruma altına alınıb və ərazidə metal detektoru ilə xəzinə axtarmaq qanunla qadağan edilib.