ABŞ-ın Braziliyaya hərbi müdaxiləsi riski görünməmiş həddə çatıb – Braziliyalı nazir
Vaşinqton asministrasiyasının Braziliyanın ən böyük cinayətkar qruplarını terror təşkilatları kimi tanımaq qərarı ABŞ-ın Cənubi Amerika respublikasına birbaşa hərbi müdaxiləsi ilə bağlı görünməmiş risk yaradır.
Musavat.com xəbər verir ki, bunu Braziliya xarici işlər naziri Mauro Vieyra Braziliya Konqresinin Deputatlar Palatasında keçirilən dinləmələrdə deyib: “ABŞ hakimiyyətinin qərarı Braziliya vətəndaşları üçün maliyyə və miqrasiya sahələrində ciddi risklər yaradır. Nəhayət, ABŞ-ın Braziliya ərazisində hərbi güc tətbiq etmə ehtimalı ortaya çıxıb”.
CNN Brasil kanalının məlumatına görə, Braziliya diplomatik xidmətindəki mənbələr hesab edir ki, Vaşinqtonun Comando Vermelho (CV, "Qırmızı Komandanlıq") və Primeiro Comando da Capital (PCC, "Birinci Paytaxt Komandanlığı") cinayətkar qruplarını "beynəlxalq terror təşkilatları" siyahısına daxil etmək kimi radikal addımı mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizə üçün heç bir üstünlük verməyəcək.
Braziliya əvvəllər ABŞ-ın 5 iyun tarixindən etibarən yerli mütəşəkkil cinayətkar qrupları terrorçu kimi tanımaq qərarını öz suverenliyinə təhdid adlandırmışdı.