ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirə bilər - KİV
ABŞ yaxın bir neçə gün ərzində İrana qarşı hərbi əməliyyatları əhəmiyyətli dərəcədə genişləndirə bilər.
Hurriyyet.info xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun Yaxın Şərqdə hərbi qruplaşmanı artırması, oraya hərbçilər və silahlar göndərməsi ABŞ Prezidenti Donald Trampın hələ də İrana qarşı genişmiqyaslı hərbi əməliyyatın bərpası imkanını nəzərdən keçirməsindən xəbər verir.
Qeyd olunub ki, son bir həftə ərzində ABŞ-dəki bazalardan Yaxın Şərqə xüsusi əməliyyat qüvvələri göndərilib. Bundan başqa, Yaxın Şərqdə döyüş əməliyyatları zamanı yaralanan amerikalı hərbçilərin aparıldığı Almaniyadakı Landştuhl tibb mərkəzinə 150-dən çox həkim göndərilib. Qırıcı eskadrilyaları regionun müxtəlif hərbi aviabazalarında yerləşdirilib, ABŞ-də və Böyük Britaniyada yerləşən bazalardakı bombardmançılar yüksək hazırlıq vəziyyətinə gətirilib.
Həmçinin vurğulanıb ki, İrana qarşı genişmiqyaslı müharibə ABŞ-də sursat ehtiyatlarının tükənməsinə və dünya neft bazarında yeni sarsıntılara səbəb ola bilər.