ABŞ-nin keçmiş kəşfiyyat rəhbərinin qardaşı ilə bağlı ŞOK İDDİA
ABŞ-nin keçmiş milli kəşfiyyat direktoru Tulsi Qabbardın böyük qardaşı Batarti Qabbard uşaqları hotel otağına aparmağa cəhd göstərməkdə ittiham olunub.
Honolulu polisinin məlumatına görə, 55 yaşlı Batarti Qabbard iyulun 12-də Havay adalarının Vaykiki bölgəsində yerləşən hotellərdən birinin hovuzunda bir neçə uşağa yaxınlaşıb. Onların arasında 9 yaşlı oğlan uşağı da olub.
İddiaya görə, Qabbard uşaqlara pul və saqqız təklif edərək onları öz hotel otağına getməyə razı salmağa çalışıb. O, həmçinin uşaqların adlarını qeyd dəftərinə yazıb. Uşaqlar təklifi rədd etdikdən sonra Qabbard onların yanından uzaqlaşıb. Hadisə barədə polisə 42 yaşlı qadın məlumat verib.
Batarti Qabbarda iyulun 17-də rəsmi olaraq “ikinci dərəcəli qəyyumluğa müdaxilə” ittihamı irəli sürülüb. Bundan bir gün əvvəl – iyulun 16-da o, ayrıca oğurluq ittihamı ilə həbs edilmişdi. Qabbard məhkəmədə bu ittihamı rədd edib və daha sonra sərbəst buraxılıb.
Onun həyat yoldaşı Kimberli Qabbard isə hadisədən bir gün əvvəl ərinin “qəribə davranışlar” nümayiş etdirdiyini əsas gətirərək ona qarşı qoruyucu qərarın çıxarılmasını tələb edib. Ailənin açıqlamasına görə, Batarti Qabbard uzun müddətdir psixi sağlamlıq problemləri yaşayır və hazırda xəstəxanada müalicə alır. Atası, Havay ştatının senatoru Mayk Qabbard ittihamlarla bağlı şərh verməkdən imtina edib. O, oğlunun müalicə proqramına əməl edəcəyini bildirərək sadəcə bu cümlələri işlədib:
“Biz onu sevirik və tezliklə sağalması üçün dua edirik”.
Tulsi Qabbarddan isə məsələ ilə bağlı açıqlama almaq mümkün olmayıb.
Maraqlıdır ki, Tulsi Qabbard özü də bir müddət əvvəl Donald Tramp administrasiyasındakı vəzifəsindən gözlənilmədən ayrılıb. Mayın 22-də yayılan məlumatda onun həyat yoldaşının ağır xəstəliyi ilə əlaqədar Milli Kəşfiyyat direktoru postundan istefa verdiyi və iyunun 30-da vəzifəsini tərk edəcəyi bildirilirdi. Lakin “Reuters” həmin vaxt mənbələrinə istinadən Qabbardın gedişinin könüllü olmadığını və Ağ Evin onu istefaya məcbur etdiyini yazmışdı. Agentliyin məlumatına görə, Tramp administrasiyası ilə Qabbard arasında uzun müddətdir fikir ayrılıqları mövcud idi. Ağ Ev onun yerinə müvəqqəti olaraq Aaron Lukası təyin edib.
Qabbardın istefası ilə qardaşı ətrafında hazırda ortaya çıxan hadisələr arasında hər hansı əlaqənin olub-olmadığı məlum deyil. Bununla belə, keçmiş kəşfiyyat rəhbərinin gözlənilməz gedişi ilə bağlı həmin vaxt səslənən ziddiyyətli versiyalar yeni hadisələr fonunda yenidən diqqət çəkə bilər.