ABŞ-nin şok planı üzə çıxdı - İran 20 günə diz çökdürüləcək...
İyulun 8-dən 9-a keçən gecə ABŞ-İran qarşıdurması yeni və daha təhlükəli mərhələyə qədəm qoydu. Birləşmiş Ştatların cənub qonşumuza ardıcıl endirdiyi zərbələrdən sonra münaqişənin qısa müddətdə başa çatmayacağına dair iddialar gündəmə gəlib.
ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, hərbi əməliyyatlar həftələrlə davam edə və regionda vəziyyəti daha da gərginləşdirə bilər.
Qarşıdakı günlərdə tərəflər geri addım atacaq, yoxsa Yaxın Şərq daha genişmiqyaslı müharibənin astanasına yaxınlaşır?
ABŞ rəsmiləri İran ərazisinə yeni hücum dalğasının və Tehranın cavab zərbələrinin bir aya qədər davam edə biləcəyini bildirirlər. Vaşinqton hesab edir ki, əməliyyatların müddəti və miqyası İranın növbəti addımlarından asılı olacaq.
ABŞ və İran arasında hərbi əməliyyatlar doğrudanmı bir ay davam edəcək? Tehran cavab zərbələrinin miqyasını genişləndirəcəkmi?
Bu qarşıdurma İsrail və digər regional dövlətləri də birbaşa müharibəyə cəlb edə bilərmi?
Politoloq Elşən Mustafayev Musavat.com-a açıqlamasında qeyd etdi ki, ABŞ-la İran arasında bağlanmış memarandumdan sonra gedən danışıqlarda hər hansı ortaq məxrəcə gəlinə bilməməsi, tərəflərin kəskin ritorikası atəşkəsin tezliklə pozulma ehtimallarının real olduğuna işarə verirdi: "Müharibənin yenidən başlanması dediyim səbəblərə görə təəcüblü deyil. Eyni zamanda ABŞ prezidenti Donald Tramp Ankarada 8 iyulda jurnalistlərin suallarına cavab verərkən danışıqların və Memorandumun mənasız vaxt itkisi olduğu bəyanatını verdi. Bu ifadə İran-ABŞ münasibətlərində yeni və ola bilsin ki, əvvəlkindən fərqli, daha gərgin münasibətlərin olacağı anonsunu verdi. Hesab edirəm ki, tərəflər bağlanan Memorandumun nəticəsiz olacağını əvvəlcədən bilirdi. Çünki Memorandumun içində olan şərtlərin müzakirələrdən sonra hər iki tərəfdən qəbul olunacağına da inam yox idi. Belə görünür ki, 17 iyunda imzalanmış sənəd tərəflərə bir müddət zaman qazanmaq üçün lazım idi. Xüsusilə, ABŞ 20 gündən artıq müddətdə bölgədəki bazalarını gücləndirdi. Çox güman ki, raket, texnika və hava hücumundan müdafiə sistemləri potensialını artırmağa çalışıb, Aİ və bölgə ölkələri ilə bizim hələ də nəticəsini bilmədiyimiz danışıqlar aparıb və yeni strategiya müəyyənləşdirib. İranın da imkanları daxilində hazırlıq aparması şübhəsizdir. Yəni bu atəşkəsin sonradan daha effektiv müharibə aparmaq üçün bir vasitə olmasını düşünə bilərik. Hazırda situasiya o haldadır ki, müddətindən asılı olmayaraq atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha ağır bir müharibənin olmasını görə bilərik. Hesab edirəm ki, İran bu dəfə də əlində olan bütün imkanlarla maksimum cavab verməyə çalışacaq. Amma vəziyyətin özü üçün daha ağır ola biləcəyini görərsə, vasitəçilərin köməyi ilə yenidən danışıqları bərpa etməyə cəhd göstərə bilər. ABŞ isə hesab edirəm ki, məsələni çox uzatmaq istəmir. Çünki uzanan müharibə ölkə daxilində Tramp əleyhinə olan qüvvələri daha da aktivləşdirə bilər. O səbəbdən belə müşahidə olunur ki, Tramp qısa müddətdə İranın müqavimətini qırmaq məqsədini ortaya qoyub. Bunun üçün isə təxminən 1 ay müddət göstərilir. Yox əgər məsələ daha da uzanarsa, o zaman Tramp ciddi problemlər yaşaya bilər. O səbəbdən hazırkı gedişatda Yaxın Şərq ölkələrinin müharibəyə qoşulmasını görə bilərik. Çünki İranın hədəfi ABŞ həmin ölkələrdə bazaları olsa da digər obyektlər də hədəfə alınır. Eyni zamanda düşünürəm ki, həm C7 sammitində , həm də NATO-nun Ankara sammitində bu məsələ liderlərlə müzakirə olunub. Ola bilsin ki, onların bəziləri ilə hansısa məqamda razılığa gəliblər. Amma bu barədə mətbuata məlumat verilməyib".