📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP VÜQAR MƏMMƏDOVUN TALEYİNDƏN NARAHATDIR – Bəyanat

2026-06-04 15:24:31

ADP VÜQAR MƏMMƏDOVUN TALEYİNDƏN NARAHATDIR – Bəyanat

Partiya aidiyyəti dövlət qurumlarını həbsdə olan baş redaktorun saxlanma şəraiti ilə bağlı iddiaların obyektiv araşdırılmasını təmin etməyə çağırıb

ADP həbsdə olan, “Hürriyyət” qəzetinin baş redaktoru, “Hürriyyət” internet televiziyasının baş redaktoru və eyni zamanda partiyanın Ali Məclisinin üzvü Vüqar Məmmədov ilə bağlı yaranmış vəziyyətdən ciddi narahatlığını ifadə edir.

Bu barədə partiyanın mətbuat xidmətindən Hurriyyet.info-ya daxil olan bəyanatda bildirilir.

Qeyd olunur ki, partiyaya və ailə üzvlərinə verilən məlumata görə, 2026-cı il iyunun 3-də Vüqar Məmmədovun ailə üzvləri ilə görüşü əvvəlcədən planlaşdırılmışdı. Bu məqsədlə ailə üzvləri istintaq təcridxanasına gəlsələr də, bir neçə saat gözləmələrinə baxmayaraq görüş baş tutmayıb. Daha sonra ailəyə istintaq təcridxanasının rəhbərliyi tərəfindən bildirilib ki, guya Vüqar Məmmədov görüşdən özü imtina edib.

Lakin ailə üzvlərinin bildirdiyinə görə, Vüqar Məmmədov daha əvvəl bu görüşün keçirilməsini istədiyini ifadə edib. Bundan başqa, onun ailə üzvləri, xüsusilə yaşlı və səhhətində problemlər olan ata-anası ilə mütəmadi telefon əlaqəsi saxladığı, lakin son günlər bu əlaqələrin də məhdudlaşdırıldığı qeyd olunur. Bu səbəbdən ailə üzvləri və yaxınları görüşdən və telefon əlaqəsindən imtina edilməsi barədə verilən izahatın həqiqəti əks etdirmədiyindən narahatdırlar.

Bununla yanaşı, qeyri-rəsmi mənbələrdən əldə edilmiş məlumatlara və mövcud ehtimallara görə, Vüqar Məmmədovun saxlanıldığı istintaq təcridxanasında cəza kamerasına (“kars”a) yerləşdirildiyi iddia olunur. Həmin məlumatların rəsmi təsdiqi olmasa da, ailə üzvləri və ADP məhz bu səbəbdən onun ailə ilə görüşünə və telefon əlaqələrinə məhdudiyyət qoyulmuş ola biləcəyindən narahatlıq keçirirlər. Partiya hesab edir ki, bu məsələyə rəsmi aydınlıq gətirilməli, Vüqar Məmmədovun saxlanma şəraiti və onun qanunla nəzərdə tutulmuş hüquqlarının təmin olunması ilə bağlı yaranmış suallar cavablandırılmalıdır.

Yaranmış vəziyyət Vüqar Məmmədovun yaxınlarında, həmçinin ADP-də ciddi narahatlıq doğurub. Partiya bildirir ki, əgər qeyd olunan iddialar həqiqəti əks etdirirsə, bu halda onların obyektiv şəkildə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsi vacibdir.

ADP bəyan edir ki, Vüqar Məmmədovun və digər həbsdə olan şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlarının, o cümlədən ailə üzvləri ilə görüşmək, telefon əlaqəsi saxlamaq, müdafiə hüququndan istifadə etmək və insani rəftar görmək hüquqlarının tam şəkildə təmin olunması dövlətin və aidiyyəti qurumların üzərinə düşən məsuliyyətdir.

Partiya aidiyyəti dövlət qurumlarını məsələni diqqətdə saxlamağa, yaranmış narahatlıqlara operativ və şəffaf şəkildə aydınlıq gətirməyə, həmçinin Vüqar Məmmədovun saxlanma şəraiti ilə bağlı iddiaların obyektiv araşdırılmasını təmin etməyə çağırır.

Eyni zamanda, ADP ölkə rəhbərliyini və müvafiq dövlət orqanlarını həbsdə saxlanılan şəxslərin hüquqlarının qorunması, onların ailə üzvləri ilə əlaqələrinin təmin olunması, habelə qanunsuz təzyiq və ya hüquq pozuntuları ilə bağlı bütün iddiaların hərtərəfli araşdırılması üçün zəruri tədbirlərin görülməsinə çağırır.

Partiya ümid edir ki, məsələ qanunun aliliyi, insan hüquqlarına hörmət və şəffaflıq prinsipləri əsasında araşdırılacaq, yaranmış narahatlıqlara qısa müddətdə aydınlıq gətiriləcək və Vüqar Məmmədovun hüquqlarının tam şəkildə təmin olunması istiqamətində lazımi addımlar atılacaqdır.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.info