AĞDAŞDA 9 MİN ƏHALİSİ OLAN 8 KƏNDİN YOL MÜƏMMASI - "300 kiloluq daşlar töküblər"
Ağdaş rayonunda bir neçə yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda aparılan təmir işlərinin yarımçıq saxlanılması sakinlərin narazılığına səbəb olub. Sakinlərin bildirdiyinə görə, bir müddət əvvəl yolun əsaslı təmiri məqsədilə əraziyə texnika cəlb olunub, hazırlıq işləri görülüb və yolun üzərinə iri daşlar tökülüb. Lakin sonradan işlər qəfildən dayandırılıb və layihənin icrası yarımçıq qalıb.
Hurriyyet.info"AzPolitika"ya istinadən xəbər verir ki, kənd sakinləri yolun əvvəlki vəziyyətinin indiki halından qat-qat yaxşı olduğunu bildirirlər. Onların sözlərinə görə, yolun üzərinə tökülən iri daşlar hərəkəti daha da çətinləşdirib və gündəlik gediş-gəlişdə ciddi, aşılmaz problemlər yaradıb.
Sakinlərdən biri vurğulayır ki, yolun təmiri adı altında əraziyə iri çay daşları gətirilib və bundan sonra işlər tamamilə dayandırılıb. Sakinlər aidiyyəti qurumların kəndlərin düşdüyü bu acınacaqlı vəziyyətdən mütləq xəbərdar olmalı olduqlarını qeyd edirlər: "Yol yarımçıq vəziyyətdə saxlanılıb və bütün kənd əhalisi çətin şəraitdə qalıb. Quru havalarda yolda yaranan toz və torpaq, yağışlı günlərdə isə əmələ gələn lil və palçıq qatı nəqliyyat vasitələrinin hərəkətini qeyri-mümkün edir".
Sakinlərin verdiyi məlumata görə, əvvəllər Ağcıqovaq istiqamətinə 10-15 dəqiqəyə getmək mümkün olduğu halda, hazırda həmin məsafəni qət etmək üçün 40 dəqiqəyə yaxın vaxt sərf olunur.
Yolun bərbad vəziyyətinə etiraz edən digər bir sakin isə bildirir ki, təqaüdçü olmasına baxmayaraq, avtomobili yolun ucbatından tez-tez sıradan çıxır və əlavə xərclər yaranır. Sakinlər yola tökülən bəzi daşların çəkisinin hətta 200-300 kiloqrama qədər olduğunu vurğulayırlar: "Bu tökülənlər yol daşı deyil, tikintidə istifadə olunan iri daşlardır. Bu səbəbdən taksilər də kəndə gəlmək istəmir, imtina edirlər. Yağışlı havalarda isə vəziyyət daha da dözülməz olur, çınqıl əvəzinə lil və torpaq qatı yaranır".
Vətəndaşlar qeyd edirlər ki, Eymur, Ərəbşəki, Ağcıqovaq, Qaradeyin, Güvəkənd, Əmirxanlı və ətraf kəndlərin yolunda tamamilə eyni vəziyyət müşahidə olunur. Onların sözlərinə görə, təmir işləri təxminən cəmi dörd ay davam etdikdən sonra dayandırılıb və təxminən bir ilə yaxındır ki, hər hansı bir irəliləyiş yoxdur.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, sakinlərə konkret tarix göstərilmədən yalnız "yol çəkiləcək" vədi verilir. Əhali haqlı olaraq hesab edir ki, əgər işlər müəyyən səbəbdən dayandırılıbsa, bunun nə vaxt bərpa ediləcəyi barədə insanlara rəsmi məlumat verilməlidir. Hazırda isə layihənin taleyi ilə maraqlanan və ya işlərin nə vaxt bərpa olunacağı barədə məlumat verən tək bir rəsmi qurum yoxdur. Sakinlər aidiyyəti orqanlardan bu vəziyyətə son qoyulmasını, yolun təmirinin tezliklə başa çatdırılmasını xahiş edirlər.
Qeyd edək ki, sözügedən problem xırda bir ərazini deyil, bütövlükdə 9 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir.
AAYDA-nın mətbuat katibi bu barədə “AzPolitika” əməkdaşının ünvanladığı sorğunu cavablandırmayıb.