📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək

2026-07-12 17:33:09

Almaniya Ukraynaya 50 min zərbə PUA-sının tədarükünü maliyyələşdirəcək

Almaniya Ukraynaya 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) tədarükünü maliyyələşdirəcək. Bu, Qərb ölkələri tərəfindən Kiyevə ayrılan ən böyük məlum PUA sifarişlərindən biri hesab olunur.

"Report" xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, sifarişə Ukraynanın iri istehsalçılarından biri olan SkyFall şirkətinin istehsal etdiyi Shrike dronları daxildir. Bu pilotsuz aparatlara ABŞ-ın müdafiə texnologiyaları sahəsində ixtisaslaşmış Auterion şirkətinin proqram təminatı quraşdırılıb. Həmin proqram təminatı uçuşun son mərhələsində hərəkətdə olan hədəfləri avtonom şəkildə izləmək və məhv etmək üçün nəzərdə tutulub.

Auterion şirkətinin baş icraçı direktoru Lorens Mayer müqavilənin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, müqavilənin dəyəri təxminən 90 milyon avro (103 milyon ABŞ dolları) təşkil edir və maliyyələşdirmə Avropa ölkələrindən biri tərəfindən həyata keçirilir.

Mayer Reuters agentliyinə bildirib ki, pilotsuz aparatların bir hissəsi artıq Ukrayna hökumətinə təhvil verilib, qalanlarının isə bu il ərzində çatdırılması planlaşdırılır.

Almaniyanın Müdafiə Nazirliyi isə əməliyyat təhlükəsizliyi ilə bağlı mülahizələri əsas gətirərək məsələni şərh etməkdən imtina edib.