Almaniyanı mundialdan "qovanlar" indi də "xoruzlar"ı büdrətməyə çalışır - Mbappe və Hakimi böyük təhlükədə
Bu gündən etibarən 2026-cı il FIFA Dünya çempionatı ən gərgin, həlledici mərhələlərdən birinə qədəm qoyur. Belə ki, 1/8 final mərhələsinə start veriləcək və ilk oyun günündə dörd fərqli futbol məktəbini təmsil edən komandalar üz-üzə gələcəklər. Turnirin sürpriz komandaları sayılan Kanada və Paraqvay milliləri nəhənglər kimi qəbul olunan Mərakeş və Fransa ilə mübarizə aparacaq. Bu iki görüş yalnız 1/4 finala yüksələnləri müəyyənləşdirməyəcək, həm də turnirin favoritlərindən birinin yolunu erkən bağlayacaq. Bugünkü qarşılaşmaların qalibləri iyulun 9-da keçiriləcək 1/4 finalda bir-birinə rəqib olacaqlar.

Kanada-Mərakeş görüşündə meydan sahibi tarix yazmağa çalışacaq. Saat 21:00-da start götürəcək qarşılaşma günün ilk oyunu olacaq.
Kanada bu dünya çempionatının ən xoş sürprizlərindən biridir. Meydan sahiblərindən biri olan komanda əvvəlki mərhələdə Cənubi Afrikanı minimal hesabla məğlub edərək tarixində ilk dəfə bu qədər irəli mərhələyə yüksəlib. Azarkeş dəstəyi və sürətli futbol Kanadanın əsas üstünlükləri hesab olunur.

Mərakeş isə yenidən dünya futboluna gücünü göstərməkdədir. Afrika təmsilçisi son 32-likdə Niderlandı penaltilər seriyasında məğlub edərək növbəti sensasiyaya imza atdı. Əşrəf Hakiminin liderlik etdiyi komanda müdafiədə etibarlılığı və ildırımsürətli əks-hücumları ilə seçilir. Bu oyunda Mərakeş favorit kimi görünsə də, Kanada ev sahibi amilindən maksimum yararlanmağa çalışacaq.

Gecənin ən maraqlı qarşılaşması isə 01:00-da Paraqvay və Fransa arasında keçiriləcək.
Paraqvay artıq turnirin ən böyük sensasiyalarından birinə imza atıb. Cənubi Amerika təmsilçisi dördqat dünya çempionu Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdıraraq bütün futbol dünyasını təəccübləndirib. Komanda müdafiədə intizamlı oyunu və döyüşkən xarakteri ilə seçilir. Bu baxımdan Fransanın işinin elə də asan olmayacağı ehtimal olunur.
Fransa isə çempionluğun əsas favoritlərindən biri kimi yoluna davam edir. "Xoruzlar" son oyunda İsveçi 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Kilian Mbappenin rəhbərlik etdiyi hücum xətti turnirin ən məhsuldar hücumlarından sayılır. Bununla belə, fransızlar vacib itki ilə üzləşiblər. Komandanın əsas yarımmüdafiəçilərindən Orelyen Tçuameni bud nahiyəsindən aldığı zədə səbəbindən Paraqvaya qarşı oynaya bilməyəcək.

Qalibləri hansı ölkələrin milli komandaları gözləyir?
Mərhələ adlayanlar birbaşa 1/4 finalda bir-birinə rəqib olacaqlar. Başqa sözlə,
Kanada və ya Mərakeş qalib gəlsə, dörddəbirdə Paraqvay və ya Fransa ilə qarşılaşacaq. Paraqvay və ya Fransa qalib gəlsə, növbəti mərhələdə Kanada və ya Mərakeşlə üz-üzə gələcək.

Beləliklə, iyulun 9-da keçiriləcək ilk 1/4 final cütünü məhz bugünkü qarşılaşmalar müəyyənləşdirəcək. Onun üçün də hər iki oyun çox maraqla gözlənilir və səhv edənlər bağışlanılmayacaq...