📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Altı ay yaşadıq, bəs deyil, arvad?”

2026-07-22 13:22:58

“Altı ay yaşadıq, bəs deyil, arvad?”

Milli mediamızın bu əziz günündə xroniki mövzularımızdan biri yenə aktuallaşıb: boşanmaların sayı...

Əslində, bir neçə ildir bu mövzunun gündəmdən çıxdığı yoxdur. Hətta ortaya “ana dili-rus dili”, “köçkünlər niyə qayıtmır”, “futbolumuz niyə bu gündədir”, “o vaxt İrəvanı niyə verdilər”, “Surətin qiyamı”, “müğənnilər nə qədər qazanır” və s. kimi mövzular ortalıqda fırfıra kimi fırlandığı vaxtlarda da boşanma mövzusu sakitcə bir qıraqda gözləyir, azca boşluq olan kimi özünü gündəmə pərçim edir.

Ta hamımız bu sahə üzrə uzman-ekspert-mütəxəssis olmuşuq. Hər dəfə boşanmaların sayının artmasını eninə-uzununa müzakirə edirik, səbəblər və çıxış yolları göstəririk. Bu problemin həlli yolları barədə daha tutarlı arqumentlər gətirən uzmanların bəziləri artıq boşanıblar, amma danışmaqda davam edirlər.

Əvvəllər, kasıbçılıq illərində əksəriyyət əmin idi ki, boşanmalar maddi imkansızlıqdan qaynaqlanır. Guya evin xanımı ərindən təminat tələb edir, işsiz və ya fəhlə kişinin ailəni dolandırmağa gücü çatmır, nəticədə evdə dava düşür, şap-şup, şillə-qapaz, təpik-yumruq, zərərçəkənin ailəsi gəlib övladına sahib çıxır, məhkəməyə müraciət edir və ailə dağılır.

Belə hadisələr olardı, amma ailələrin sırf bu səbəbdən dağıldığı barədə deyilənlərin əsassız olduğu sonrakı illərdə ölü balıq kimi üzə çıxdı. Bu, neft milyardlarının ölkəyə axışdığı, dövlət büdcəsinin dolduğu, yeni-yeni sorma-sümürmə layihələrinin çoxaldığı zaman oldu. Pullalananlar artdıqca boşanmalar da artdı. Bir də görürdin, məhkəmə binasının qabağında iki 40-50 minlik cip dayanır, birindən gənc qadının, o birindən cavan kişinin müşayiətçiləri çıxır, təntənəli şəkildə gedib boşanma prosesinə qatılırlar. Dünən nikah şahidiydilər, bu gün cinah müdafiəçisidirlər.

Şəhərin müxtəlif yerlərində qoşa-qoşa mənzilləri, Xəzər sahilindəki kəndlərdə bağ evləri, yaşıl rayonlarda villaları olan cütlüklərin boşanmalarının səbəbi hər halda kasıbçılıq deyil. Bal ayına İbizaya gedənlər vardı, iki ay birlikdə yaşadılar və bir-birindən bezdilər, ayrıldılar.

SOCAR keçmiş vitse-prezidentinin oğlunun boşanma söhbəti hələ də gündəmdədir. Halbuki cütlüyün bir ayağı burada, biri Amerikadaydı, gəlinə toy hədiyyəsi olaraq alınan ləl-cəvahiratın qiyməti milyon dolları aşırdı.

İndinin özündə vəziyyət qarışıqdır. Kasıblıq həddindən aşağıda olanlar da boşanır, orta təbəqədən olanlar da, varlılar da. Özü də varlılar boşananda ağlamırlar, şənlik təşkil edirlər. Gənc cütlüyü israrlı tələblərdən sonra boşamağa məcbur qalan məhkəmə hakimlərindən biri bir dəfə mediaya açıqlama vermişdi ki, boşanan qadının anası məhkəmə qərarını alqışlayanda və qızını təbrik edəndə şoka düşüb. Hakim gözləyirmiş ki, indicə ana əvvəlki dövrlərdə olduğu kimi çantasından dəsmal çıxaracaq, ağlayıb-sıtqayacaq, bu da yaxınlaşıb deyəcək ki, həyatın sonu deyil, qızınız gəncdir, inşallah, öz həyatını quracaq, üzülməyin, filan-bəhmən. Amma qız anası az qala qol götürüb oynayacaqmış ki, qızı uğurlu şəkildə ailəsini dağıtdı.

Bu, niyə belədir? Çünki dövran dəyişib. İndi boşanmış qadınlara barmaq tuşlamaq, bunu töhmətə çevirmək mümkün deyil. Əksinə, əlində maddi imkanı, mənzili, avtomobili olan boşanmış qadın azadlıq əldə edir, istədiyi kimi yaşamağa başlayır, daha ona “niyə evə gec gəldin”, “nə çox xarici səfərlərə gedirsən” deyən olmur.

Əslində boşanan qadınların bir xeylisi heç də uzun müddət subay qalmır, özlərinə partnyor tapırlar, sadəcə, rəsmi qeydiyyata düşmür, İbrahim Tatlısəs kimi “bir kağız parçası nəyi həll edir ki” deyə vətəndaş nikahında yaşayırlar. Belə daha rahatdır. İkinci, amma sevimli arvad olmaq, qısqanc ərlə yaşamaqdan daha yaxşıdır.

Ümumiyyətlə götürsək, boşanma qlobal trenddir. Firavan ölkələrin hamısında boşanma faizi yüksəkdir. Kasıb ölkələrdə isə əksinədir. Məsələn, görün heç Hindistanda boşanan var? Olsa da, azdır. Ölüm-zülüm bir arvad alırlar, kəhildəyə-kəhildəyə ildə bir bala təşkil edir, dünyanın demoqrafik durumuna töhfə verirlər. Bu gün-sabah 2 milyarda çatacaqlar. “Öz həyatını yaşamaq”, “çayld-fri” (uşaqsız həyat) söhbətləri onlarlıq deyil. “İkinci dəfə qurulan ailələr daha möhkəm olur” nağılına da inanmırlar, elə birincidən möhkəm yapışırlar.

Uzun sözün kəsəsi, biz danışmaqla, yazmaqla bu problemi həll edə bilməyəcəyik. Bəzi islam ölkələrindəki kimi boşanmanı yasaqlamaq da çıxış yolu deyil. İnsanlar birlikdə yaşamaq istəmirlərsə, onları zorla bir damın altında tutmaq olmaz.

Dərindən götürsək, boşanma hadisəsinin bir xeyirli tərəfi də var. Hər uğurlu boşana bir potensial qətl hadisəsinin baş tutmaması deməkdir. Düzdür, boşadığı qadını sonradan öldürənlər də olur, amma bu tendensiya ildən-ilə azalır.

Bir sözlə, içində “yar” sözü keçən şeirlərin, nəğmələrin dövranı keçib, indi əmlak bölgüsünə dair məhkəmə qərarını əldə tutaraq “yarı səndə, yarı məndə” oxuyanların erasıdır.

**

Dünya köhnə dünyadır, “altı ay yaşadıq, bəs deyil, arvad?” deyənləri təzədir.