📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ankarada helikopter qəzası - polkovnik öldü

2026-07-22 14:16:50

Ankarada helikopter qəzası - polkovnik öldü

Türkiyənin paytaxtı Ankarada qəzaya uğrayan təlim helikopterinin pilotu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Modern.az xəbər verir ki, hadisə səhər saatlarında Ankaranın Sincan rayonunun Temelli məhəlləsi yaxınlığında baş verib.

Məlumata görə, TUSAŞ-a məxsus R-44 tipli təlim helikopteri naməlum səbəbdən yol kənarındakı boş əraziyə düşüb. Hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.

Qəza nəticəsində yaralanaraq xəstəxanaya çatdırılan ehtiyatda olan hərbi pilot, polkovnik Yasaözden Bakkal həkimlərin səylərinə baxmayaraq vəfat edib. Qəzada yaralanan digər şəxs – Hərbi Hava Qüvvələrinin mayoru Bilgəhan Kurtoğlunun müalicəsi isə davam etdirilir.

Ankara Valiliyi bildirib ki, qəzanın səbəbinin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı Ankara Qərb Respublika Prokurorluğunda cinayət işinin başlandığını açıqlayıb. Onun sözlərinə görə, istintaq bir baş prokuror müavininin koordinasiyası ilə iki prokuror tərəfindən bütün istiqamətlər üzrə davam etdirilir.