📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Anklavlar YENİDƏN gündəmdə - Paşinyanın təklifinə Bakıdan REAKSİYA

2026-07-10 16:14:49

Anklavlar YENİDƏN gündəmdə - Paşinyanın təklifinə Bakıdan REAKSİYA

Xarici işlər naziri Ceyhun Bayramov ötən gün jurnalistlərə açıqlamasında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesindəki son inkişaflardan bəhs edib. Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir.

XIN rəhbəri bu günə kimi 13 kilometrə yaxın dövlət sərhəd xəttinin delimitasiya edildiyini diqqətə çatdırıb. C.Bayramov deyib ki, delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. “Təbii ki, bu proses həyata keçirilərkən eksklav məsələləri də öz həllini tapacaq”, - deyə o vurğulayıb.

Bu açıqlamadan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə deyib ki, problemin həlli üçün iki mümkün variant mövcuddur: birinci variantda anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin tərkibində qala bilər; digər variant isə tərəflərin razılığı əsasında sərhəd boyunca və ya konkret ərazilərdə bu torpaqların ekvivalent şəkildə qarşılıqlı mübadilə edilməsidir. “Belə təcrübələr beynəlxalq praktikada mövcuddur. Bu məsələ Ermənistanın qanunvericiliyi və Konstitusiyası çərçivəsində həll edilməlidir”, - Paşinyan qeyd edib.

Baş nazir həmçinin diqqətə çatdırıb ki, Azərbaycan manatlarının və pasportlarının üzərində əks olunan xəritədə Başkənd anklav kimi göstərilib. Onun sözlərinə görə, bu barədə təxminən bir ay yarım əvvəl məlumat əldə edib. “Hesab edirəm ki, biz də güzgü prinsipi ilə yanaşmalı və Alma-Ata Bəyannaməsinə uyğun hərəkət etməliyik”, - deyə o bildirib və əlavə edib ki, əsas prinsip “kim hansı əraziyə nəzarət edirsə, həmin ərazi ona məxsusdur” məntiqi deyil, sülh sazişinin məntiqidir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədlinin fikrincə, delimitasiya prosesində müsbət irəliləyişin olması iki ölkə arasındakı sülh prosesinə də pozitiv təsir göstərir.

Musavat.com-a şərhində M.Məmmədli bildirib ki, Paşinyanın delimitasiyanın SSRİ dövrünə aid xəritələrə əsasən aparılması barədə açıqlaması Azərbaycanın mövqeyi ilə ziddiyyət təşkil etmir: “Delimitasiya prosesi SSRİ Baş Qərargahı tərəfindən təsdiq olunmuş xəritələrə əsasən aparılır. Ceyhun Bayramovun qeyd etdiyi kimi, proses şimaldan cənuba doğru həyata keçirilir. Azərbaycanın mövqeyinə görə, eksklav məsələsi ayrıca deyil, delimitasiya prosesinin tərkib hissəsi kimi müzakirə olunmalıdır. Azərbaycan hələ ki, Ermənistanın təklif etdiyi variantlara dair rəsmi mövqe bildirməyib. Fikrimcə, bu məsələ həll oluna bilər. İki ölkənin yaratdığı birgə komissiya sayəsində bu məsələ həm beynəlxalq hüquq normalarına, həm də ədalət prinsiplərinə uyğun olaraq, öz həllini tapacaq.

Eyni zamanda, delimitasiya prosesinin sülh müqaviləsi ilə birbaşa əlaqələndirilməsi, yaxud sülh müqaviləsinin tərkib hissəsi kimi nəzərdən keçirilməsini doğru hesab etmirəm. Bir-biri ilə əlaqəli olsa da, delimitasiya sülh müqaviləsinin tərkib hissəsi deyil. Delimitasiya prosesi sülh prosesinin bir istiqamətidir. Bu istiqamətdə müşahidə olunan müsbət dinamika bütövlükdə sülh prosesinə müsbət təsir göstərir”.