AQEM Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling IV Şuşa Qlobal Media Forumunda qurumun Asiyada rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana təşəkkür edib.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının məlumatına görə, o qeyd edib ki, 2024-cü ilin dekabr ayından bəri Azərbaycanın AQEM-ə sədrliyi dövründə Asiyada daha güclü əlaqələr olub.
Z.Ling vurğulayıb ki, Azərbaycan AQEM-də sədrliyi dövründə transformasiya prosesinin irəliləməsində liderlik nümayiş etdirib, təşkilatın davamlı inkişafını fəal şəkildə dəstəkləyib:
"AQEM-in regiondakı rolunun gücləndirilməsinə yönəlmiş innovativ yanaşmasına görə Azərbaycana çox minnətdarıq. Azərbaycan sədrliyinin son iki ildəki nailiyyətləri bu il oktyabrın 15-də Bakıda keçirilməsi planlaşdırılan AQEM-in 7-ci Sammiti ilə yekunlaşacaq. İnanırıq ki, bu tədbir növbəti mühüm mərhələ olacaq və üzv dövlətlərimizin əməkdaşlığını yeni zirvələrə qaldıracaq".