Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi
AQTA-nın sosial şəbəkələrdə satılan arıqlama məhsulları ilə bağlı məlumatında konkret şirkət, yaxud şəxs adı çəkilməsə də, təxmini hədəflər göstərilib. Agentliyin laborator müayinələri zamanı insan sağlamlığı üçün təhlükəli hesab olunan sibutramin maddəsi aşkarlanan məhsullar arasında “Spirulina” kapsulu da yer alıb.
“Yeni Sabah” araşdırması zamanı məlum olub ki, sözügedən məhsul son dövrlərdə sosial şəbəkələrdə tanınmış simaların iştirakı ilə geniş şəkildə reklam edilib. “Spirulina” kapsulunu ən fəal təbliğ edən şəxslərdən biri mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz olub. Son bir ildə nəzərəçarpacaq dərəcədə arıqlayan stilist həm şəxsi "Instagram" hesabında, həm də məhsulun rəsmi satış səhifəsində arıqlamağının “sirri”ni məhz bu kapsulla əlaqələndirib.
Ümumiyyətlə, arıqlama dərmanlarını qəbul etmək tövsiyə olunurmu?

Məlumatda o da qeyd edilir ki, güclü təsir edən maddələrin ölkəyə qanunsuz yollarla gətirilməsində sifariş verən şəxslərlə bərabər daşıyıcı şirkətlər və digər şəxslər də qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar: “Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının Protokoluna əsasən piylənmə əleyhinə vasitə kimi istifadə olunan “sibutramin” tərkibli məhsulların insan orqanizmi üçün təhlükəli olduğu və sağlamlığa göstərdiyi ciddi təsirləri nəzərə alınaraq dövlət qeydiyyatdan çıxarılması barədə qərar qəbul olunub və tərkibində “sibutramin” olan məhsulların dövlət qeydiyyatına alınması qadağan edilib. Sözügedən qərarlarda haqqında danışılan maddənin Avropa Səhiyyə Təşkilatı tərəfindən qeydiyyatdan çıxarılması və beynəlxalq səviyyədə onların istifadəsinin qadağan olunması təsbit olunub. Ona görə də, vətəndaşlara onlayn sifariş zamanı diqqətli olmaq tövsiyə edilir. Sibutramin təsiredici maddəsinin, ümumilikdə 10 min 92 əlavə təsiri haqqında məlumatlar mövcuddur. Adıçəkilən maddənin əlavə təsirləri kimi baş ağrısı, yuxusuzluq, ağızda quruluq, başgicəllənmə, qəbizlik, qan təzyiqinin yüksəlməsi, depressiya, narahatlıq, yorğunluq, qusma, ishal, boğazda quruluq, migren, miokard infarktı, hallüsinasiyalar, ürək-damar xəstəliklərinin kəskin ağırlaşması və ciddi risklərinin meydana gəlməsi, astma, koma, nitq qabiliyyətinin itməsi, qəfil ölüm və s. göstərmək olar. Bu səbəblərdən sibutraminin istifadəsi bir çox ölkələrdə dayandırılıb. Belə ki, Azərbaycandan başqa, “sibutramin” tərkibli məhsulların dövlət qeydiyyatına alınması Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Misir və digər dövlətlərdə qadağan olunub. Sonda, əhaliyə piylənməyə qarşı sağlam həyat tərzi, düzgün qidalanma, fiziki aktivlik kimi elmi cəhətdən təsdiq olunan üsullara üstünlük vermələri və sağlamlığa ziyan gətirən belə məhsulların istifadəsindən uzaq durmaları tövsiyə olunur”.
![]()
Dietoloq Leyla Zülfüqarlı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Hər bir insanın bilməsi vacib olan əsas məqamlardan biri budur ki, hazırda "arıqlama" adı altında tərkibi olduqca yanlış və zərərli olan bir çox vasitələr təbliğ edilir. Bu vasitələr orqanizmimizə ciddi şəkildə ziyan vurur, hətta tibdə bu səbəbdən bioloji ölümlə nəticələnən kifayət qədər faktlar mövcuddur. Arıqlama kapsullarının, hətta çaylarının bir çoxunun tərkibində orqanizm üçün yad və son dərəcə təhlükəli hesab olunan sibutramin adlı maddədən istifadə olunur. Bu maddə bədəndə narkotik effektə bənzər bir təsir göstərir. İnsan zamanla bu maddədən asılı vəziyyətə düşür və onu davamlı qəbul etmək istəyir. Eyni zamanda sibutramin orqanizmi sağlam şəkildə yox, patoloji olaraq arıqladır. Yəni bədənin bütün həyati vacib resurslarını itirməsinə — kaxeksiyaya yol açır. İnsanlar adətən ilk günlərdə sürətlə çəki itirdiklərini hiss etdikləri üçün aldanır və bu cür zərərli tərkiblərə aludə olurlar.
Məhz bu təhlükəsinə görə, kifayət qədər inkişaf etmiş ölkələrdə, xüsusilə də Skandinaviya dövlətlərində tərkibində sibutramin olan preparatların, tabletlərin, çayların və kapsulların satışı uzun illərdir ki, tamamilə qadağan edilib. Çünki sibutramin bədənə daxil olduqdan sonra orqanizmin əsas resursu olan hüceyrəarası mayeni məhv etməyə başlayır, mədə-bağırsaq traktında problemlər yaranır və sairə. Nəticə etibarilə bugünkü gün kifayət qədər isbat olunmuş bu preparatın nəticəsi olaraq ölümlə kifayətlənən faktlar var. O üzdən də insanları sibutramin tərkibli maddələr olan, vasitələrə aldanmamağa çağırıram”.
Dietoloq qeyd edib ki, arıqlamaq yalnız və yalnız düzgün şəkildə olmalıdır: “Sağlam arıqlama prosesi mütləq şəkildə düzgün və elmi yanaşma ilə aparılmalıdır. Kökəlmənin kökündə duran biokimyəvi, hormonal pozuntuları və ya vitamin-mineral çatışmazlıqlarını müəyyən etmək üçün ilk növbədə analizlər verilməlidir. Əsl səbəb aşkarlandıqdan sonra fərdi və müalicəvi diyetalarla həmin problem aradan qaldırılır. Belə olan halda insan çəkisini birdəfəlik itirir və yenidən kilo almır. Doğru üsulla arıqladıqda proses bədəndəki vacib maye resurslarının və ya əzələ kütləsinin deyil, məhz yağ toxumasının parçalanması hesabına baş verir. Nəticədə insanın üz cizgiləri və estetikası korlanmır, əksinə, bel və qarın nahiyəsi başda olmaqla, yalnız piy qatı olan bölgələrdə həcm və ölçülər kiçilir. Əzələləri qoruyaraq piylərdən azad olmaq elə sağlam arıqlamanın əsl düsturudur”.