"Arxada qalan 4 ayda maaşlar 3 faiz azalıb" - RÖVŞƏN AĞAYEV
"Orta maaşın 1 il öncəyə nisbətən nominal olaraq 11 faiz artması müqabilində illik inflyasiya 14 faiz olub"
"Cansıxıcı qiymət artımlarının ölkədə sosial vəziyyətə real təsirlərini müstəqil olaraq ölçmək imkanımız yoxdur, bu məsələdə rəsmi statistika kifayət qədər acizlik göstərir. Acizlik deyərkən, inflyasiyanın yoxsulluğa real təsirlərinin obyektiv ölçülməsini, bu ölçümün nəticələrinin hər rüb və bütün bölgələr, demoqrafik qruplar, hətta işləyən və işləməyən əhali, uşaqlar və fiziki məhdudiyyətli olanlar üzrə ayrı-ayrılıqda açıqlanmasını nəzədə tuturam". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
İqtisadçı ekspertin sözlərinə görə, əlavə olaraq, daha uzun müddətli (2-3 ildə) inflyasiyanın sərvət və gəlir dağılımına təsirinin ölçülməsi də rəsmi statistika üçün ayrıca vacib öhdəlikdir: "Çünki inflyasiyanın zəngini daha zəngin, yoxsulu daha da yoxsul etmək kimi bir təbiəti var. Bu fikirləri inflyasi ilə bağlı hələ güvənmədiyimiz rəsmi statistikanın rəqəmlərini görəndən sonra yazası oldum. Deməli, idxal inflyasiyası 21 faizdən çoxdur. İqtisadiyyat üzrə illik inflyasiya isə 14 faizə yaxın, o cümlədən qida inflyasiyası 15 faizin üzərindədir. İlin 3 ayının nəticələrinə görə idxalın real həcmi 4 faiz azalıb, amma qiymət artımı hesabına idxalın dəyəri 20 faizdən çox artıb".
Rövşən Ağayev hesab edir ki, ən azından rəsmi statistika onu da etiraf edir ki, arxada qalan 4 ayda orta maaşın 1 il öncəyə nisbətən nominal olaraq 11 faiz artması müqabilində illik inflyasiya 14 faiz olub: "Yəni, real olaraq maaşlar 3 faiz azalıb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az