📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Arzum"un məhkəməsi olacaq

2026-07-22 11:11:35

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə bu gün baxılır.

Hurriyyet.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclas iş üzrə ilkin baxış mərhələsini əhatə edir.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan olunduqdan sonra o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə ötən ilin iyununda Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. İstintaqın materiallarına əsasən, İlduzə Hacıyeva idarə etdiyi avtomobillə dönmə əməliyyatı edərkən arxadan gələn nəqliyyat vasitəsinin hərəkətinə mane olub. Nəticədə həmin avtomobil idarəetmədən çıxaraq qəza törədib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır xəsarət alıb.

İlduzə Hacıyevaya Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddələri ilə ittiham irəli sürülüb.