📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azər Həsrət: “Rus bölmələrinə qəbul dərhal dayandırılsın!”

2026-07-14 10:01:12

Azər Həsrət: “Rus bölmələrinə qəbul dərhal dayandırılsın!”

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət rus bölmələrinin fəaliyyəti ilə bağlı kəskin mövqe ortaya qoyub.

Musavat.com xəbər verir ki, Azər Həsrət sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Azərbaycanda bu ildən başlayaraq rus olmayan uşaqların rus bölmələrinə qəbulunun birmənalı şəkildə dayandırılmasını tələb edib.

O, paylaşımında yazıb:

“Azərbaycan bu ildən başlayaraq rus olmayanların rus bölməsinə qəbulunu birmənalı olaraq dayandırmalıdır! Müstəqilliyin 35-ci ilində belə bu ayıbı üzərimizdə daşımamalıyıq! Biz qalib millətik! Dünya bizi biz olduğumuz üçün tanıyır! Belə bir millət olaraq hələ də rus boyunduruğu olan rus məktəblərini dövlət hesabına saxlamağımız bizim üçün ən aşağılayıcı bir ayıbdır!

Bir də təkidlə uşağını rus məktəbinə qoyanlaradır sözüm: sizdə heçmi milli təəssübkeşlik hissi yoxdur? Heçmi anlamırsınız ki, uşağınızı hələ də rus məktəbinə yazdırmaqla qanlı rus imperiyasına əlavə xidmət edir və onun ömrünü uzadırsınız? Bir düşünün!”

Azər Həsrətin bu paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub. Onun rus bölmələrinin yalnız rusdilli əhali üçün saxlanılması, digər vətəndaşların isə Azərbaycan bölməsində təhsil almasının vacibliyi barədə çağırışı istifadəçilər arasında müxtəlif reaksiyalarla qarşılanıb.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı  deyil" - MÜSAHİBƏ

Qeyd edək ki, Azərbaycanda rus bölmələrinin fəaliyyəti və gələcəyi mövzusu son illər ictimai-siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Azər Həsrətin səsləndirdiyi bu təklif də həmin müzakirələrə yeni təkan verib.

Musavat.com xatırladır ki, Azər Həsrətin bu çıxışı son günlər rus bölmələri ətrafında gedən müzakirələrin fonunda səslənib.

Bundan əvvəl tanınmış kinorejissor, kinoşünas Ayaz Salayev rus məktəblərinin bağlanmasına qarşı çıxaraq onların fəaliyyətinin davam etdirilməsini müdafiə etmişdi.

Tərs...mülayim adam... - Tələbəsi ilə evlənən Ayaz Salayev - FOTOLAR | Modern.az

Salayev bildirmişdi ki, “Kimsə rus sektorunu bağlamaq söhbətini qaldırsa, o, Azərbaycanın düşmənidir”.

O, Rusiyanın siyasətini tənqid etdiyini vurğulasa da, rus dilinin və rus məktəblərinin qorunmasının Azərbaycanın maraqlarına uyğun olduğunu iddia edib. Rejissor qeyd edib ki, “Rusiyanın bizə münasibətindən, xarici siyasətindən zəhləm gedir. Amma buna görə rus məktəbini sökmək, dağıtmaq olmaz”.

Məhz bu fikirlərin ictimai müzakirə doğurduğu bir vaxtda Əməkdar jurnalist Azər Həsrət tam əks mövqe sərgiləyərək rus olmayan uşaqların rus bölməsinə qəbulunun dayandırılmasını təklif edib və dövlət hesabına rus məktəblərinin saxlanılmasını “ən aşağılayıcı ayıb” adlandırıb. Onun fikrincə, müstəqilliyin 35-ci ilində Azərbaycan bu məsələdə də milli maraqlardan çıxış etməlidir.