📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Avropaya qaz tədarükünü artırır: Yeni Aİ ölkələri ilə danışıqlar gedir

2026-07-13 10:33:29

Azərbaycan Avropaya qaz tədarükünü artırır: Yeni Aİ ölkələri ilə danışıqlar gedir

Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır.

Hurriyyet.info  xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.

"Biz bu ildən Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Bu, bizim ümumi strategiyamızın tərkib hissəsidir ki, Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirək. Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər ordadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq. Bəli, biz artıq 16 ölkəyə boru kəmərləri ilə qaz nəql edirik. Bu baxımdan bu göstərici üzrə biz dünyada birinci yerdəyik və bu imkanlar genişləndiriləcək. Biz Avropa İttifaqının digər üzvləri ilə də danışıqlar aparırıq. Həm təchizatın başladılması, həm də həcmlərin artırılması ilə bağlı danışıqlar gedir, bununla bağlı müraciətlər var. Bu gün Azərbaycan etibarlı tərəfdaşdır, proqnozlaşdırıla bilən mənbədir və bizim 10 il bundan öncə ilə müqayisə etsək, rolumuz daha vacibdir", - deyə o qeyd edib.

Bundan başqa, dövlət başçısı deyib ki, "mavi yanacaq" hasilatını artırmaq üçün müvafiq işçi proqram tərtib edilib və sərmayə portfeli yaradılıb: "Eyni zamanda, bərpa olunan enerji ilə bağlı işlər görülür. Bunun sayəsində biz qaza qənaət edəcəyik. 2032-ci ilə qədər biz bərpa olunan enerjinin həcmini 8 giqavata çatdıracağıq və bu, bizə ildə 2-3 milyard qaz qənaət etməyə kifayət edəcək. Bu gün həmin qaz elektrik enerjisinin istehsalı üçün sərf edilir. Yəni bu iki vacib faktor: qaz hasilat portfeli və profili genişləndirilir və lazımi olan bazar var. Və biz burada nəqliyyat infrastrukturunu genişləndirməliyik. Bizim qaz infrastrukturumuz 2022-ci il Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrə uyğun tərtib edilib. O zaman bizim proqnozlarımız və strategiyamız ondan ibarət idi ki, biz hasilat prosesini uzadaq və bu həcmləri sabit saxlayaq, və ya daha çox sərmayə qoyaq və daha çox qaz hasil edək".