📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Müdafiə Nazirliyi İranın yüksək rütbəli hərbçisinin sərsəm iddasının cavabını verdi: "Bu açıqlama böhtandan başqa bir şey deyil"

2023-03-30 19:59:00

Azərbaycan Müdafiə Nazirliyi İranın yüksək rütbəli hərbçisinin sərsəm iddasının cavabını verdi:

Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb:
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı Kiomars Heydəri tərəfdən Azərbaycana qarşı çirkin və böhtan xarakterli bəyanatlar səsləndirilib.

K.Heydəri absurd açıqlamalarında guya Azərbaycanda “sionist” qüvvələrin olduğunu və 44 günlük Vətən Müharibəsində Azərbaycanın Suriyadan köçürülən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkəmiz ərazisində olduğunu iddia edir. O, həmçinin iddia edir ki, İran Ermənistanla sərhəddə dəyişikliklərə icazə verməyəcək.
Əvvəla, bəyan edirik ki, İran tərəfinin Azərbaycan Respublikası ərazisində hər hansı xarici qüvvələrin olması ilə bağlı ittihamları əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində heç bir yad element yoxdur.
Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi işğal olunub. Lakin İran tərəfi heç vaxt Ermənistana qarşı ittihamlar səsləndirməyib. Əksinə, bu dövrdə İran-Ermənistan qardaşlığı daha da gücləndi. Və bu gün heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikincisi isə İrandır.

Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və onların daxili işlərinə qarışmır.

Azərbaycanın 44 günlük Vətən Müharibəsində guya İŞİD terrorçularından istifadə etməsi ilə bağlı ittihamlara cavab olaraq bəyan edirik ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edib, Qələbə salnaməsi yazıb. Bu açıqlama böhtandan başqa bir şey deyil. Bu ittihamın terrora dəstək verən və dünyanın müxtəlif ölkələrində terror fəaliyyətləri törətməkdə ittiham olunan dövləti təmsil edən yüksək rütbəli hərbçi tərəfindən səsləndirilməsi də ironikdir.

Ülviyyə, Hurriyyet.az