Azərbaycan qazı Yaxın Şərqə çıxa bilər: böyük imkanlar və risklər
Yaxın Şərq regionunda münaqişələr, Hörmüz boğazı ətrafında cərəyan edən hadisələr fonunda enerji təhlükəsizliyi Avropa ölkələri daxil, əksər dövlətlər üçün önəmli məsələyə çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu günü-gündən artır. Azərbaycan 16 ölkəyə qaz satır və onlardan 10-u Avropa İttifaqının üzvüdür.
Qeyd etmək lazımdır ki, Azərbaycanın əsas ixrac marşrutu Cənub Qaz Dəhlizidir. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib ki, son illərdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı və güvənilən enerji tərəfdaşı olduğunu sübut edib.
“Biz unutmamışıq ki, Rusiya enerjidən silah kimi istifadə etdiyi və Avropa üçün qaz təchizatını dayandırdığı vaxt Azərbaycan dəstək göstərdi. Cənub Qaz Dəhlizi həqiqətən də Avropanın enerji təhlükəsizliyini gücləndirdi və bu, böyük uğur hekayəsidir. Buna görə sizə təşəkkür etmək istəyirəm. İndi isə biz növbəti mərhələyə hazırlaşırıq”, - deyə Lyayen vurğulamışdı.
Qeyd edək ki, istismara verildiyi tarixdən indiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 99,6 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Energetika Nazirliyinin rəsmi məlumatına əsasən, bunun da 39,6 milyard kubmetri Türkiyəyə ixrac edilib.
Qeyd edək ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından, eləcə də digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və bu ölkədən Avropaya nəqlini həyata keçirir. TANAP Cənubi Qafqaz Boru kəməri (CQBK) və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə ərazisindən keçərək Türkiyə-Yunanıstan sərhədində başa çatır və sonra təbii qazın Avropaya çatdırılması üçün TAP boru kəmərinə birləşir.
Son zamanlar verilən açıqlamalara əsasən, demək olar ki, Azərbaycan qaz ixracını genişləndirməyi hədəfləyir. Belə ki, Prezident İlham Əliyev bu gün “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib ki, Azərbaycan Suriyaya qaz nəql edir.

“Biz Suriyadan qonşu ölkələrə də keçə bilərik, orada da böyük tələbat var”, - deyə Prezident vurğulayıb.
İqtisadçı Xalid Kərimli hesab edir ki, İordaniya, Livan, İraqın Türkiyəyə yaxın hissələrinə qaz ixracı üçün potensial var.

Musavat.com-a açıqlamasında iqtisadçı bildirib ki, bununla yanaşı, sözügedən bölgələrdə qeyri-sabitliyin mövcud olduğunu gözardı etmək olmaz:
“Suriyada, Livanda ciddi təhlükəsizlik problemləri var. Fikrimcə, ən optimal variant Cənub Qaz Dəhlizini genişləndirməkdir. Avropa hər zaman qaza ehtiyacı olan zəngin bazardır, eyni zamanda ödəniş etmək baxımından da etibarlı tərəfdaşdır. Lakin bu dəhlizin genişləndirilməsinin də özünxas problemləri var. Alternativ bazarlara çıxış isə hər zaman yeni imkanlar yaradır. Bu, həm də Cənub Qaz Dəhlizinin əhəmiyyətinin artırılması üçün fürsət deməkdir, çünki TANAP vasitəsilə Türkiyə üzərindən Yaxın Şərqə çıxış imkanı yaranır. Bu, eyni zamanda Yaxın Şərqdə tərəfdaşların sayının artması üçün yeni imkanlar deməkdir. Əsas məsələ sabitlik və təhlükəsizliyin bərqərar olmasıdır. İnfrastruktur da qurulmalıdır. Bundan əlavə, ölkələr arasında tranzit razılaşmaları olmalıdır. Ən böyük problem isə layihələrin maliyyələşdirilməsidir. Bir sözlə, Azərbaycan bütün riskləri nəzərə alır”.
İqtisadçı əlavə edib ki, Türkiyənin bu məsələdə rolu çox böyükdür:
“Cənub Qaz Dəhlizinin ən böyük üstünlüyü odur ki, TANAP vasitəsilə hasilatı 31 milyard kub metrə qədər artırmaq imkanı var. Məlumdur ki, Cənub Qaz Dəhlizinin gücü TAP-da məhdudlaşır, çünki TAP hazırda cəmi 11-12 milyard kub metr qaz ixrac edə bilir. Bu həcmin 20 milyarda qaldırılması üçün Avropa ölkələrindən əlavə investisiya və dəstək lazımdır. TANAP vasitəsilə Türkiyə üzərindən Yaxın Şərqə ixrac mümkündür. Lakin bunun üçün layihələrin maliyyələşdirilməsi və s. təmin edilməlidir. Arzuolunan odur ki, Avropa bazarlarına çıxış imkanlarını genişləndirək, hərçənd, bir coğrafiyadan asılı olmaq riskdir. Bütövlükdə, Türkiyənin infrastrukturu imkan verərsə, Yaxın Şərqə çıxmaq bizim maraqlarımıza uyğundur”.