📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZƏRBAYCAN–ALMANİYA ƏMƏKDAŞLIĞININ YOL XƏRİTƏSİ - Prezident Əliyevlə Mertsin imzaladığı bəyannamə niyə əhəmiyyətlidir?

2026-07-22 10:34:26

AZƏRBAYCAN–ALMANİYA ƏMƏKDAŞLIĞININ YOL XƏRİTƏSİ - Prezident Əliyevlə Mertsin imzaladığı bəyannamə niyə əhəmiyyətlidir?

Azərbaycanın xarici siyasət strategiyasının ən böyük üstünlüklərindən biri onun şaxələnmiş xarakter daşıması, şimaldan cənuba, şəqrdən qərbə kimi bütün istiqamətlərdə, ölkəmizin strateji maraqlarına uyğun tərəfdaşlıq əlaqələri qurmaq bacarığıdır. Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Fridrix Mertsin imzaladıqları Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə həmin siyasətin daha bir uğurlu nəticəsini ortaya qoyan mühüm nümunədir.

Avropadakı bəzi dairələrin anti-Azərbaycan siyasətinə baxmayaraq, bu, Azərbaycanla Almaniya arasında münasibətlərin son illərdəki dinamik inkişafını əngəlləyə bilməyib. Bu inkişaf həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə yeni məzmun qazanmaqdadır. Azərbaycan Respublikasının Prezidenti və Almaniya Federal Kansleri tərəfindən imzalanmış "Azərbaycan və Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik üzrə Birgə Bəyannamə", eləcə də "Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında Birgə Bəyannamə" iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi sənədlərdir. Bu sənədlər ikitərəfli münasibətlərin yalnız mövcud istiqamətlər üzrə inkişafını deyil, həm də gələcək əməkdaşlığın strateji əsaslarını müəyyən edir.

Strateji tərəfdaşlıq yeni mərhələyə keçir

Birgə Bəyannamə Azərbaycan və Almaniya münasibətlərini uzunmüddətli strateji tərəfdaşlıq müstəvisinə yüksəldərək, siyasi dialoqun daha sistemli və institusional əsasda aparılmasını nəzərdə tutur. Yüksək səviyyəli qarşılıqlı səfərlər, nazirliklər arasında müntəzəm məsləhətləşmələr və müxtəlif sahələr üzrə tematik dialoqların keçirilməsi iki ölkə arasında etimadın möhkəmlənməsinə və əməkdaşlığın davamlı inkişafına xidmət etməyə hesablanıb.

Bu yanaşma Azərbaycan və Almaniyanın yalnız ikitərəfli münasibətlərini inkişaf etdirməklə kifayətlənməyərək, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi sabitlik və dayanıqlı inkişaf məsələlərində də ortaq mövqelərin formalaşdırılmasına imkan yaradır.

Məlum məsələdir ki, Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Bunu bir çox Avropa liderləri dəfələrlə bəyan ediblər. Yeni Birgə Bəyannamə isə bu tərəfdaşlığı daha da genişləndirərək ənənəvi təbii qaz ixracı ilə yanaşı, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahələrində əməkdaşlığı prioritet istiqamətlər sırasına çıxarır.

Bu yanaşma həm Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsinə mühüm töhfə verə bilər. Almaniyanın bu sahədə qabaqcıl texnologiyaları var. Azərbaycanın bu texnologiyalardan yararlanması, üstəlik ölkəmizin zəngin enerji potensialının həmin texnologiyalarla birləşdirilməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanlar açır.

Təhlükəsizlik əməkdaşlığı

Bu sənədin daha bir vacib bölməsi təhlükəsizlik sahəsində geniş əməkdaşlıq imkanları yaratmasıdır. Buraya insan alverindən tutmuş narkotik vasitələrin qanunsuz dövriyyəsinə, transmilli cinayətkarlıqla mübarizəyə qədər bir çox sahələr aiddir. Eləcə də müdafiə sənayesi üzrə təcrübə mübadiləsi qarşılıqlı fəaliyyətin əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilir.

Mədəniyyət, təhsil, elm sahələrində əlaqələrin genişləndirilməsi də diqqətdən kənarda qalmır. Birgə elmi layihələr, tələbə və müəllim mübadiləsi, peşə təhsilinin inkişafı və innovasiya sahəsində əməkdaşlıq ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsində xüsusi rol oynayacaq.

İqtisadi əməkdaşlıq

Bəyannamənin əsas istiqamətlərindən biri iqtisadi münasibətlərin inkişafıdır. Hansı ki, məhz iqtisadi əməkdaşlıq, Avropa iqtisadi mühiti, onun yaratdığı imkanlar və s. ölkəmiz üçün olduqca önəmlidir. Bu baxımdan ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması mövzusu sənədin əsas prioritetlərindən biridir.

Eyni zamanda iqtisadi əməkdaşlığın yalnız enerji sektoru ilə məhdudlaşmaması Azərbaycan üçün xüsusilə vacibdir. Kənd təsərrüfatı, sənayenin modernləşdirilməsi, rəqəmsal transformasiya, innovasiya, yüksək texnologiyalar, kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlər əməkdaşlığın yeni sahələri olaraq müəyyən edilib. Burada həm Azərbaycanın Almaniyadan alacağı, mənimsəyəcəyi, həm də Almaniyanın Azərbaycandan yararlanacağı məqamlar var. Azərbaycan üçün yüksək alman texnologiyaları, investisiyaları və s. maraqlı olduğu kimi, kənd təsərrüfatı və aqrar məhsullar da əməkdaşlığın perspektiv istiqamətlərindən biri kimi qiymətləndirilə bilər. Bu isə iqtisadi əlaqələrin daha dayanıqlı və şaxələndirilmiş model üzrə inkişafını təmin edilməsinə əsas yaradır. Ən əsası isə bunlar Azərbaycanı Almaniya timsalında Avropa üçün yalnız enerji daşıyıcıları mənbəyi deyil, iqtisadiyyatın digər aparıcı sahələrini əhatə edə bilən tam miqyaslı bir iqtisadi tərəfdaş kimi açır.

Bəyannamədə, o cümlədən iqtisadi əməkdaşlığın genişlənməsini şərtləndirən nəqliyyat və logistika əməkdaşlığına da mühüm yer verilir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Avropa üçün də strateji əhəmiyyət daşıyır. Bu baxımdan Almaniyanın ön sıralara çıxaraq bu məsələyə xüsusi önəm verməsi təsadüfi deyil. Üstəlik, Azərbaycanın qatıldığı infrastruktur layihələrinin inkişafı, yükdaşımaların artırılması və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirəcək.

İqtisadi sektorda ən əhəmiyyətli məsələlərdən biri Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması oldu. İmzalanmış ikinci mühüm sənəd – Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması haqqında Birgə Bəyannamə iqtisadi əməkdaşlığın əsaslarını daha da möhkəmləndirmiş olur.

Belə ki, bu Biznes Şurası dövlət qurumları ilə özəl sektor arasında daimi dialoq platforması yaradaraq sahibkarların qarşılaşdığı problemlərin operativ həllinə imkan verəcək. Eyni zamanda, yeni investisiya layihələri və biznes forumlarının təşkili, işgüzar əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait formalaşdıracaq. Bu, Azərbaycan sahibkarları üçün yeni imkanlar açan mühüm platformaya çevrilməklə, ölkəmizin biznes mühitinin şaxələnmiş əlaqələrə malik olmasına şərait yaradır.

Bu şura eləcə də, Almaniya şirkətlərinin Azərbaycanın sənaye, energetika, nəqliyyat, rəqəmsal iqtisadiyyat və yaşıl enerji layihələrində iştirakını genişləndirir. Ən əsası isə Azərbaycan şirkətlərinin Almaniya bazarına çıxış imkanlarını artırır. Azərbaycan biznesi üçün isə bu, olduqca əhəmiyyətlidir. Çünki ölkə iqtisadiyyatının inkişafında Azərbaycan brendinin, Azərbaycan məhsullarının Avropa kimi böyük bazarlarda tanınması və buna uyğun olaraq, ölkəmizdəki biznes sahələrinin yüksək standartlara çatmaq yollarını özü üçün müəyyən etməsi, gələcək baxımından çox önəmlidir.

Beləliklə, Azərbaycan və Almaniya arasında imzalanmış hər iki sənəd ikitərəfli münasibətlərin inkişafında mühüm dönüş nöqtəsi sayıla bilər. Bu sənədlər siyasi dialoqun dərinləşdirilməsilə yanaşı, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması, elmi və humanitar əlaqələrin inkişafı üçün hərtərəfli strateji çərçivə yaradır. Birgə Bəyannamələr gələcək illərdə Azərbaycan–Almaniya əməkdşlığının əsas yol xəritəsi kimi çıxış edəcək. Bu, Azərbaycan–Almaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi kimi qəbul edilir və belə bir yanaşma hər iki ölkənin milli maraqlarına uyğun olmaqla yanaşı, həm də Avropada enerji təhlükəsizliyinin təmin olunmasına və regional sabitliyin möhkəmləndirilməsinə xidmət edir.

Beləliklə, bu sənədlər Azərbaycanın Almaniya kimi Avropa nəhənginə ehtiyacı olduğu kimi, Almaniyanın da Azərbaycana ehtiyacının olduğunu göstərir. Bu isə həm də ölkəmizin məlum “Orta güc” statusunun möhkəmlənməsinin daha bir bariz nümunəsidir.