Azərbaycanda bəzi təhsilverənlər sertifikatlaşdırmadan keçməyəcəklər
Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası təsdiqlənib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə beş ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
Sertifikatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
- hamilə qadınlar;
- uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
- ilk dəfə işə qəbul olunanlar, üç il müddətində;
- azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.