Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib
AZSTAND-44 Texniki Komitəsi tərəfindən hazırlanmış kamança ailəsinin dörd ölçüsü üzrə milli standartlar rəsmi qaydada təsdiqlənib.
Bu barədə Xezerxeber.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Təsdiq olunan standartlar Azərbaycanda ilk dəfə olaraq kamança alətinin ölçülərini, konstruktiv xüsusiyyətlərini və istehsal parametrlərini vahid texniki normalar əsasında müəyyən edir.
Milli musiqi alətlərinin vahid standartlarının hazırlanması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşəbbüsü ilə 2023-cü ildə AZSTAND-44 Texniki Komitəsi yaradılıb. Komitənin fəaliyyətini tənzimləyən ikiillik Tədbirlər Planı 2024-cü ildə təsdiq olunub və hazırda plana uyğun olaraq milli standartların hazırlanması prosesi ardıcıl şəkildə davam etdirilir.
Kamança ailəsinin dörd ölçüsü üzrə hazırlanmış standart layihələri cari ilin əvvəlində Texniki Komitənin üzvlərinə təqdim olunub, layihələrə dair mütəxəssis rəyləri toplanaraq ümumiləşdirilib və hazırlanmış alət nümunələrinin ekspert qiymətləndirilməsinin keçirilməsi qərara alınıb.
2026-cı il 26 may və 25 iyun tarixlərində Azərbaycan Milli Konservatoriyasında keçirilən ekspertiza iclaslarında komitə üzvləri hazırlanmış kamança nümunələrinin layihə standartlarına uyğunluğunu qiymətləndiriblər. Aparılmış ekspertiza və səsvermənin nəticələrinə əsasən alətlərin müəyyən edilmiş texniki parametrlərə tam uyğun olduğu təsdiq edilib.
29 iyun 2026-cı il tarixində AZSTAND-44 Texniki Komitəsinin növbəti iclası keçirilib. Komitə üzvlərinin iştirakı ilə keçirilən iclasda kamança ailəsi üzrə hazırlanmış milli standart layihələri rəsmi səsvermə yolu ilə qəbul olunub. Bununla da Azərbaycanda milli musiqi alətlərinin standartlaşdırılması istiqamətində ilk hüquqi-normativ baza formalaşdırılıb.
Standart layihələri Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Alətləri Laboratoriyasının mütəxəssisləri tərəfindən hazırlanıb. Elmi-tədqiqat prosesi çərçivəsində 150-dən artıq kamança nümunəsi üzərində ölçmələr aparılıb, konstruktiv göstəricilər və proporsiyalar müəyyənləşdirilib, statistik təhlillər əsasında vahid standart parametrlər formalaşdırılıb. Bu metodologiya hazırlanmış standartların həm elmi əsaslılığını, həm də praktik tətbiq imkanlarını təmin edir.